20 sentyabr 2023 23:59
242

İkili yanaşma və riyakarlıq nümunəsi

Qərbdəki bəzi ənənəvi avantürist siyasətçilərin 2020-ci ildə Ermənistan ordusu tərəfindən cəbhədən uzaq Gəncənin, Bərdənin və Tərtərin vəhşicəsinə atəşə tutulmasını görməzlikdən gələrək lokal antiterror tədbirləri zamanı mülki şəxslərin guya “hədəfə götürülməsinə” dair iddiaları tamamilə qərəzli və absurddur

Sentyabrın 19-dan başlayaraq üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib. Yeri gəlmişkən, Azərbaycan vaxtilə də öz suveren ərazilərinin digər hissələrində terrorçulara və silahlı qruplara qarsı bu anoloji tədbirlər həyata keçirib.

 Antiterror tədbirlərinin əsas məqsədi Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir. Birmənalı demək lazımdır ki,  ölkəmizin ərazilərində  “boz zona”lar qalmamalıdır. Bununla belə Azərbycan yenidən bir daha erməni silahlılarına tərksilah olmağı və reinteqrasiya ücün Yevlaxda danısıqların aparılmasına dəvət edir. Dəfələrlə bəyan edilib ki, ermənilərin təhlükəsizliyi digər etnik azlıqların təhlükəsizliyi kimi Azərbycan Konstitusiyası və qanunvericiliyi ilə təmin ediləcək.

Təbii ki, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Həmçinin mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

Prezident İlham Əliyev bu günlərdə ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minalar quraşdırıb, nəticədə mülki şəxslər və polis əməkdaşları həlak olub, həmçinin Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Məhz bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Dövlət başçısı qeyd edib ki, reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri bir neçə dəfə dialoqa dəvət olunub. Lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb. Ölkəmizin başçısı  antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığını, yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığını vurğulayıb. Prezidentimiz, həmçinin silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını bildirib.

Çox təəssüf ki, Qərbdəki bəzi ənənəvi ermənipərəst avantürist siyasətçilər məsələ ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli fikirlər səsləndirirlər. Belələrinin mülki çəxslərin guya “hədəfə götürülməsinə” dair iddiaları tamamilə absurddur. Təbii ki, bu iddialar erməni tərəfinin yaydığı əsassız uydurmalara və şişirdilmiş məlumatlara əsaslanır. Çünki Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi obyektləri hədəfə götürür. Həm media, həm rabitə vasitəsi ilə, həm də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Qarabağdakı erməni əhali məlumatlandırılıb və onlara xəbərdarlıqlar edilib. Azərbaycan heç bir halda mülki əhaliyə xələl gətirilməsini istəmir və bunun üçün Silahlı Qüvvələrimiz öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Qətiyyətlə demək lazımdır ki, ordumuz yalnız və yalnız hərbi obyektləri hədəfə götürür. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoçarxlar da bunu birmənalı sübut edir. Bütün bunların qarşısında ermənilərin əsassız uydurmaları, separatçı rejimin şantaj xarakterli məlumat və videoları heç nəyə yaramaz və yaramadı da.

Ancaq mülki əhalinin təəssübkeşliyi “nümunəsi” sərgiləyən bəzi Qərb siyasətçiləri nədənsə 2020-ci ildə Ermənistan ordusu tərəfindən mülki əhalinin hədəfə götürülməsi, Gəncənin, Bərdənin və Tərtərin vəhşicəsinə atəşə tutulmasına, yüzlərlə mülki şəxsin qətl edilməsinə nə o vaxt, nə də sonra münasibət bildirmədilər. Şübhəsiz, bütün bunlar ikili yanaşmanın əyani təsdiqi, əsl riyakarlıq nümunəsi və misilsiz ikiüzlülük kimi dəyərləndirilməlidir.

Zahid Rza, “İki sahil”