21 sentyabr 2023 02:58
326

Separatçıları diz çökdürən qələbə: “Boz zona” gorbagor oldu!

Antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq Ermənistan hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasını təmin etmək idi və buna da nail olundu!

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə sadiqdir. Lakin Azərbaycanın səylərinə baxmayaraq, Ermənistan postmüharibə dövründə bütün vasitələrdən yararlanaraq ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib: delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş çoxsaylı təxribatçı addımlardan bəziləridir.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib. Bu, səbrimizin son damlası oldu… Daha bəs idi! Bütün bunlar müzəffər ordumuzun Qarabağ bölgəsində antiterror tədbirləri keçirməsini zəruri etdi.

Bəli, Azərbaycan özünün beynəxalq hüquqla tanınmış ərazilərində – Qarabağ bölgəsində lokal antiterror tədbirləri gerçəkləşdirirdi və bu tədbirlər heç bir ölkəyə qarşı yönəlməyib. Əsas hədəf separatçılığın kökünü kəsməkdir və buna nail olunması mütləqdir.

Görünən o idi ki, erməni tərəfi xoşluqla sülhə gəlməyəcək. Ona görə də Qarabağ ərazisində antiterror tədbiri zərurətə çevrildi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki,  Ermənistan hərbi birləşmələrini ərazilərimizdən çıxarmalı, revanşist planlardan əl çəkməli, suverenliyimizi  və ərazi bütövlüyümüzu pozmağı dayandırmalı, Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən imtina etməlidir. Eləcə də qanunsuz  xunta rejimi buraxılmalıdır. Əgər ermənilər bunu xoşluqla etməyəcəkdisə, beynəlxalq hüququ və suverenliyimizi dövlətimiz öz gücünə təmin edəcəkdi və etdi də!

Bitdi! “Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında vaxt cəmi 23 saat 43 dəqiqə çəkdi. Azərbaycan Ordusunun  əzmi və gücü qarşısında diz çökən separatçılar 1 sutka tamamlanmadan ağ bayraq qaldırdılar, təslim oldular. Çünki artıq başqa yolları yox idi. Bu, onların yeganə çıxış yolu idi.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlarmaqla  ərazilərimizi tərk edirlər. Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Bəli,  1 sutkadan az vaxtda qələbə qazanmağı, qarşı tərəfi təslim olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu bacara bilərdi və  bacardı da! Ordumuz bir daha peşəkarlığını və yüksək döyüş hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, təcavüzkar Ermənistan fərqli olaraq dinc sakinləri hədəfə almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların qisasını artıqlaması ilə aldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı - ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha ordumuzun gücünü, qüdrətini göstərdi. Sübut etdi ki, Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək qalib Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir.

Yaqut Ağaşahqızı, “İki sahil”