20 sentyabr 2023 23:37
259

Paşinyanın təxribatçı davranışlarının məntiqi sonu

Ermənistanın bilavasitə və birbaşa olaraq dəstəklədiyi, maliyyələşdirdiyi separatizmin əcəl zəngi çalınır

Məlum olduğu kimi, sentyabrın 19-dan etibarən üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Erməni KİV-lərində yer alan məlumata əsasən, məlum hadisələrlə bağlı hazırda paytaxt İrəvanda etiraz aksiyaları böyüməkdə davam edir. Erməni mediası və sosial şəbəkələrdən də məlum olur ki, etirazların qarışını almaq üçün meydana çox sayda polis, xüsusi təyinatlı hərbçilər yeridilib. Qeyd edilir ki, Nikol Paşinyan hökumət binasını qorumaq üçün müxtəlif binaların damlarında snayperlər yerləşdirib. Baş verəcək ən xırda təxribat halında snayperlərə "vur" əmri verilib. Ölkənin Səhiyyə Nazirliyi polislə toqquşmada 36 etirazçının xəsarət aldığını bildirib. Buna baxmayaraq Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyada etirazçılar meydanda çadırlar qurur. Bu barədə “Teleqram” kanalları məlumat yayıb. Qeyd olunub ki, müxalifət Paşinyanın istefası tələbi yerinə yetirilməyənə qədər meydanı tərk etməyəcək. Bildirilir ki, aksiyaçılar Pasinyanı xəyanətdə suçlayaraq, istefa verməsini tələb edirlər. “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan Nazirlər Kabinetinin binası yaxınlığında, Respublika meydanında Qarabağdakı seperatçı qüvvələrə dəstək və ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə yeni etiraz aksiyası keçirir. O, yerli əhaliyə müraciətdində bildirib ki, Paşinyan Qarabağdan imtina edib. Onun fikrincə, mövcud vəziyyət baş nazirin siyasətinin nəticəsidir.

Paşinyanı ən çox ittiham edən keçmişdə hakimiyyətdə olan qüvvələrdir. İki il əvvəl seçkilərdə uduzan Ermənistan müxalifəti regionda baş verən geosiyasi dəyişiklikdən istifadə edərək, yenidən hakimiyyətə can atır. Bu işdə Ermənistanın ikinci və üçüncü prezidentləri öz imkanlarını səfərbər edərək Paşinyanın hakimiyyətdən getməsinə çalışırlar. Ona görə də erməni cəmiyyətində çaşqınlıq yaratmağa cəhd edən müxalifət Paşinyanı sərt tənqid edir. Rusiya ilə münasibətlərin kəskinləşməsindən narahat olan qüvvələr Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına etiraz edirlər. Göründüyü kimi, daim revanşizmi təbliğ edən müxalifət həm də sülh müqaviləsinin bağlanmasına qarşıdır.

Bu arada erməni siyasətçi Nairi Ohikyan bu millətə mənsub olduğu üçün utandığını dilə gətirib. Siyasətçi sosial şəbəkə hesabında bu sözləri qeyd edib: “Həyatımda ilk dəfədir ki, erməni olduğuma görə utanıram. Erməni ordusuna görə utanıram”. Göründüyü kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi arealdakı silahlı erməni dəstələrinə qarşı Azərbaycan Ordusunun başladığı lokal antiterror tədbirlərindən sonra isə Ermənistan əhalisinin tam əksəriyyətində, ümumiyyətlə, ümidsizlik hökm sürür. Ermənistanın son 30 illik tarixində ilk dəfə olaraq minlərlə insan hökumətlə ali qanunverici məclisin paralel istefasını və buraxılmasını tələb ediblər. Bununla yanaşı, ermənilər Rusiyanı xəyanətdə, etibarsızlıqda, yarıtmaz fəaliyyətdə ittiham edirlər. Onlar Rusiya Sülhməramlı Kontingentinin ərazidən dərhal çıxarılmasını, rusiyalı sülhməramlıların Avropa İttifaqının və ya BMT-nin kontingenti ilə əvəzlənməsini istəyirlər.

Qeyd edək ki, rəsmi Bakı sentyabrın 19-da törədilən məlum teraktlardan sonra bu tədbirlərə başlamaq məcburiyyətində qalıb. Ermənistanın bilavasitə və birbaşa olaraq dəstəklədiyi, maliyyələşdirdiyi təqribən 10 min nəfərlik silahlı dəstələr ölkəmiz və vətəndaşlarımız üçün çox böyük təhlükə mənbəyidir. 100-ə yaxın zirehli texnika, 200-ə yaxın artilleriya və raket qurğusu, radiolokasiya və radioelektron mübarizə sistemləri, minaatanlar, iriçaplı pulemyotlar, istehkamlar, uzunmüddətli müdafiə və idarəetmə qurğuları, anbarlar, kazarmalar - bütün bunlar çox genişmiqyaslı diversiya-terror aktlarını həyata keçirməyə imkan verəcək nəsnələrdir. Silahlı erməni dəstələri Azərbaycanın dinc sakinləri üçün sürəkli təhdid mənbəyi idilər. Bununla yanaşı, sadalananlar işğaldan azad edilmiş ərazilərə qayıdışın, həmin torpaqların bərpası və rekonstruksiyası ilə bağlı işləri ləngidən amildir. Ən nəhayət, həmin silahlılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki areallarda yaşayan qarabağlı ermənilərin özləri üçün böyuk təhdiddir: silahlılar qarabağlı erməniləri qorxudur, döyür, hədələyir, Azərbaycan cəmiyyətinə reinteqrasiyanın qarşısını hər vəchlə alırdılar. Bu səbəbdən də lokal səciyyəli antiterror tədbirləri qaçılmaz idi. Separatçılar silahı yerə qoyduğu və tərksilah olunduqları halda antiterror tədbirləri dayandırılacaq. Onu da qeyd edək ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. İrəvandakı seçkilərin nəticələrindən, Paşinyanın intriqalarından və vurnuxmalarından asılı olmayaraq Azərbaycan separatizm bəlasından xilas olacaq. Özü də həmişəlik...

Sevinc Azadi, “İki sahil”