21 sentyabr 2023 01:57
371

“Böyük Qayıdış”: Əzəli yurd yerlərimizdə həyat qaynayır

Bugün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən işlərin nəticəsi həqiqətən qürur vericidir. Vətən müharibəsindən on ay sonra Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi 2021-ci il sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına endi. Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də Füzuli hava limanına enərək Qarabağa ilk dəfə hava yolu vasitəsilə yük çatdırdı. Ardınca isə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi,  ekoloji təmiz,  səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki,  azad edilmiş ərazilər “yaşıl enerji zonası” olacaq. Mütəxəssislərin fikrincə, Kəlbəcər və Laçın rayonlarında böyük külək enerjisi potensialı, Zəngilan, Cəbrayıl rayonlarında isə daha çox günəş enerjisi potensialı vardır. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin ilkin qiymətləndirmələrinə görə, azad edilmiş ərazilərdə 4 min meqavatdan çox Günəş, 5 yüz meqavatadək külək enerjisi potensialı vardır. Artıq yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır.

Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən Böyük Qayıdış proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını nəzərdə tutur..

Əsas məqsədlərdən birincisi isə işğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsidir. Digər önəmli ərazilərin yenidən qurulması, bərpası, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı torpaqların, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi və sonrakı mərhələlərdə dayanıqlı inkişafa nail olunmasıdır. Bunun üçün də ərazilər minalardan təmizləndikdən sonra ardınca bərpa-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Bir sözlə, doğma torpaqlara qayıdış üçün hər cür şərait yaradılır. Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində dövlətimizin başçısının “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” müdrik sözləri bu gün özünü açıq şəkildə büruzə verir.

Bunun nəticəsidir ki, artıq Böyük Qayıdış proqramına uyğun olaraq, Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərinə, Laçın və nəhayət Füzuli şəhərinə köçlər baş tutub. Bütövlükdə bu günədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 144 ailə (514 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Zabux kəndinə köçürülüb. 2026-cı ilə kimi isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarına 34 500 ailəni köçürmək nəzərdə tutulur.

Əhalinin daimi yaşayış yerlərinə qayıdışını effektiv həyata keçirmək üçün onların məşğulluq imkanlarını artırılmaq mühüm əhəmiyyət kəsb edir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda bu məsələyə xüsusi önəm verilib. Proqramdakı Tədbirlər Planına görə, onların məşğulluq imkanları qiymətləndiriləcək və qeydiyyatı aparılacaq, həmin şəxslər üçün fərdi məşğulluq proqramları tərtib olunacaq. Eyni zamanda, iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil olunacaq. Min nəfər qısamüddətli ixtisas atrırma, 5 min nəfər isə qısamüddətli təlim proqramlarına cəlb ediləcək. Digər tərəfdən, ərazilərdə işçi qüvvəsinə tələbat müəyyən ediləcək, işəgötürənlərin işçi qüvvəsinə, işsizlərin iş yerlərinə çıxışı üçün səmərəli mexanizm yaradılacaq. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bunlar isə regionda məşğulluğu maksimal səviyyədə təmin edəcək.

Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan bütün bu işləri öz gücü, imkanları hesabına edir. Nəyin bahasına olursa-olsun dövlətimiz qarşısına qoyduğu məqsədlərə çatacaq və işğaldan azad edilən ərazilərini bərpa edəcək. Ancaq dövlətin yükünü azaltmaq, bərpa prosesini sürətləndirmək üçün bu prosesdə vətəndaşların da iştirakı çox vacibdir. Buna görə də Vətən müharibəsində olduğu kimi, cəmiyyət, xalq olaraq həmrəylik göstərməli, işğaldan azad edilmiş ərazilərimizin bərpasında hər birimiz yaxından iştirak etməliyik.

Nigar Orucova, “İki sahil”