21 sentyabr 2023 01:36
323

Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək - Rəcəb Tayyib Ərdoğan

Bu günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasındakı çıxışında Azərbaycanla həmrəyliyini bu sözlərlə bildirən Türkiyə Prezidenti qətiyyətini nöqtələrlə deyil, nidalarla ifadə etdi

Ortaq tarixə, milli dəyərlərə malik ən çətin məqamlarda biri-birinə dəstək göstərib, dünyada və regionda böyük əhəmiyyətə malik siyasi, qlobal iqtisadi məsələlərin həllində söz sahibi olan Türkiyə ilə Azərbaycanın alternativi olmayan qardaşlıq münasibətləri tarixi həqiqəti, reallığı əks etdirir. «Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində dünya miqasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə , dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəg layihələri gerçəkləşdiririk.” Prezident İlham Əliyevin bu sözləri hər iki qardaş dövlət arasında möhkəmlənən əməkdaşlığın əbədi və sarsılmazlığının çoxsaylı nümunələrindən biridir. Nüfuzlu beynəlxalq təşkilatlarda, dünya siyasətinin qlobal, aktual problemlərinin həll olunduğu müstəvidə eyni mövqedən çıxış edən Azərbaycanla Türkiyəni birləşdirən iqtisadi münasibətlərin, enerji, nəqliyyat layihələrinin bütünlükdə Avropa ölkələri üçün həyati zərurətə çevrilməsi bu qardaşlığın məntiqi nəticəsidir.

Hər iki qardaş ölkənin siyasi, iqtisadi həyatında, tarixi nailiyyət olan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində eyni mövqe nümayiş etdirmələrini Prezident İlham Əliyevin “Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur” sözləri də təsdiqləyir. Məntiqi nəticə budur ki, mühüm məsələlərin həllində düşünülmüş siyasət, güclü iradə və sarsılmaz qardaşlıq dayanır. Azərbaycanın sərmayə ayırdığı ölkələr arasında Türkiyənin ilk sırada dayanması, qarşılıqlı siyasi, iqtisadi, hərbi dəstək, xalqlarımız arasındakı milli-mədəni bağlılıq Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» aforizminin müasir həyatımızda da təsdiqidir.

Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi”nin davam etdiyi illərdə Ermənistanla sərhədini bağlayan Türkiyənin maraqlarını qardaş ölkənin nümayəndəsinin iştirak etmədiyi tədbirlərdə belə müdafiə edən Prezident İlham Əliyevin Praqada keçirilən «Şərq tərəfdaşlığı» proqramının 5 illiyinə həsr olunmuş Sammitində Ermənistanın sabiq prezidenti Serik Sarkisyanın Türkiyə haqqındakı yalanlarını təkzib edən sözlərini xatırlayaq: « Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğun deyə bilərəm.» Eyni qətiyyəti Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Şərqi Aralıq dənizi regionunda Türkiyənin mövqeyini dəstəklədiyini «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin bu qətiyyəti qardaşa dəstək nümunəsi idi. Türkiyənin Qara dənizdə təbii qaz yataqlarının kəşfini sevinclə qarşılayan Azərbaycan bu sahədə də qardaş ölkəyə siyasi, iqtisadi, mənəvi köməyini əsirgəməyəcəyini dəfələrlə bəyan etmişdir. Türkiyənin Qara dənizdə zəngin ehtiyatlara malik olması, perspektivlərin həqiqətə çevrilməsi türk dövlətlərinin vahid enerji diplomatiyasını gerçəkləşdirir, təməl, baza formalaşdırır. Dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tənzimləyən Azərbaycanın təşəbbüsləri ilə reallaşan layihələrin ardınca Türkiyənin də zəngin təbii enerji ehtiyatına malik olması bu iki qardaş ölkənin dünyanın siyasi, iqtisadi sistemindəki rolunu daha da möhkəmləndirir.

15 iyul 2016-ci il hadisələrini törətməklə Türkiyədə dövlət çevrilişinə cəhd edən qüvvələrə qarşı mübarizədə «Türkiyə bu cür qiyamlarla ucuz satılacaq ölkə deyil» söyləyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana həmrəylik məktubu ünvanlayan, qardaş ölkənin qüdrətlənməsini istəməyən xainlərin müxtəlif zamanlarda «Gezipark»da, Taksim meydanında təşkil etdikləri aksiyaları, kütləvi insan tələfatı ilə nəticələnən İstanbulun Atatürk Hava Limanında törədilən terroru pisləyən Prezident İlham Əliyevin qətiyyəti Türkiyənin qüdrətindən təşvişə düşənlər üçün tarixi dərs oldu. Eyni mərkəzdən idarə olunan daxili və xarici qüvvələr, Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədə güclənən nüfuzuna həsəd aparanlar türk xalqının gücü qarşısında məğlub oldular. Bu səmimi qardaşlıq münasibətini 15 iyul hadisələri ilə bağlı keçirdiyi görüşdə mitinqlərdə kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məğbul hesab etməyən cənab Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Respublikasının və Azərbaycanın bayraqlarının dalğalanacağını bildirmiş, ölkəmizə qardaş münasibətini bu sözləri ilə ifadə etmişdir : « Azərbaycan bizim ailəmizin üzvüdür.» Hər iki xalq arasındakı dostluğun sarsılmazlığı artıq aforizmə çevrilən bu sözlərlə də ifadə olunur: «Türkiyə ilə Azərbaycan tək ürəkdir», « Biz birlikdə güclüyük», «Türkiyə ikinci Vətənimiz deyil, iki Vətənimizdən biridir.» Azərbaycan –Türkiyə Media Platformasının yaradılması isə türk dünyasına, islamofobiyaya qarşı aparılan təxribatlara qarşı mübarizədə, ideoloji silah, körpü kimi özünü doğruldur.

Türkiyə-Azərbaycan əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki əvəzsiz rolu son illərdə daha da intensivləşib. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəfdaş olan bu cütlüyün dünya siyasətində artan rolu türkçülüyün, turançılığın sarsılmazlıq nümunəsidir.

Bu reallığı «Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir…Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik» sözləri ilə ifadə edən dövlət başçımız İlham Əliyev qətiyyətlə bildirir ki, iki qardaş xalq hər zaman biri -birinin yanındadırlar.

 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi, mənəvi dəstək isə xalqımız tərəfindən yüksək dəyərləndirilir. Bu ölkənin rəsmi dairələri, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin ağrısını, sevincini Azərbaycanla birgə yaşadılar. İkinci Qarabağ müharibəsində əldə edilən şanlı Zəfərin yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilməsi təsadüfi deyil. Ermənistan üzərində tarixi Qələbəmizə həsr olunmuş Zəfər paradını qoşa izləyən hər iki ölkənin dövlət başçılarının məğrur duruşu türkün qətiyyətinin rəmzi idi. Bu tarixi Qələbədən sonra imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyətə malik yol xəritəsidir. Bu Bəyannamə Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəd kimi, tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu..

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqındakı Sazişə əsasən, plana uyğun hər iki ölkədə hərbi təlim -məşqlərin keçirilməsi, qardaş ölkənin yüksək səviyyəli hərbi heyəti təmsil edən nümayəndələrin Azərbaycana səfərləri ölkələrimiz arasındakı milli birlik və həmrəyliyin bütün sahələri əhatə etdiyinə nümunədir. Bu ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycan xalqını da sarsıtdı. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş ölkənin mütəxəssisləri ilə çiyin-çiyinə çalışan, fədakarlıq göstərən azərbaycanlı mütəxəssislərin dəstəyinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək qiymətləndirilməsi vaxtilə deyilmiş “Qardaş qardaşa borc verməz, əl tutar” sözləri bu qardaşlığın əbədilik möhürüdür. Əsrin faciəsi kimi tarixə yazılan dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım»” mövzusunda Zirvə görüşünün təşkili qardaş ölkəyə siyasi, maddi, mənəvi dəstəyin bariz nümunəsi idi.

Bu qətiyyət Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştirak edən qardaş ölkənin şirkətlərinin say çoxluğu ilə də təsdiqlənir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işlərində fəaliyyət göstərən xarici şirkətlər arasında türkiyəli mütəxəssislərin fəallığı qardaşın qardaşa inamının, etibarının ifadəsidir. Zəngəzur dəhlizinin açılmasında hər iki dövlətin birgə səyi türk dövlətlərinin coğrafi baxımdan da bir-birinə bağlanması naminə göstərilən qətiyyətdir. Belə ki, Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir. Hər iki xalq ümumi düşmənimiz olan erməni terrorizminə qarşı birgə mübarizə aparır.

Bu günlərdə hər iki xalq arasındakı sarsılmaz birlik, həmrəylik ən yüksək tribunadan bütün dünya ictimaiyyətinə çatdırıldı. Əvvəlki illərdə dünyada baş verən hadisələrə ikili standartlardan yanaşmaya, ədalətsizliyə etirazını “Dünya beşdən ibarət deyil” sözləri ilə bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasındakı çıxışında bütün xalqları terrorizmə, separatizmə qarşı mübarizəyə səslədi. Torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını qətiyyətlə bildirən Prezident Rəcəb Tayyib Ərdoğan Baş Assambleyada fikrini artıq nöqtələrlə deyil, qətiyyətli nidalarla ifadə etdi: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək!” Xarici ölkələrin dəstəyinə arxalanan erməni separatçılarının ölkəmizə qarşı təxribatlarının intensivləşdiyi bu günlərdə Azərbaycana bu cür qardaş dəstəyi Ermənistan kimi havadarlarına da tarixi dərs oldu. Cənubi Qafqazda sülhün, sabitliyin bərpası üçün fədakarlıq göstərən cənab Rəcəb Tayyib Ərdoğan “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini türkə sayaq cəsarətlə bildirdi: "Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik və Ermənistanın addımlarını şiddətlə qınayırıq".

Prezident İlham Əliyev türkiyəli həmkarına göstərdiyi dəstək üçün təşəkkürünü sosial şəbəkə hesablarında bu sözlərlə bildirib: “Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa Bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq.”

İkinci Qarabağ müharibəsində Zəfərimizə bizimlə birgə sevinən türk xalqı qardaşlıq ənənəsinə sadiqliyini bir daha göstərdi.

Xuraman İsmayılqızı, “İki sahil”