20 sentyabr 2023 17:30
286

Tacikistan və Azərbaycanı qədim tarixi köklərə malikolan ənənəvi dostluq telləri bağlayır

Dövlətimizin siyasətində türk dünyası, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur.  Qarşılıqlı səfərlər, Prezident İlham Əliyevin son zamanlar beynəlxalq əhəmiyyətli tədbirlərdə fəxri qonaq qismində iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna və nüfuzuna aydınlıq gətirir.  Tacikistan və Azərbaycanı qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Hər iki dost ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini daim diqqətdə saxlayır. Bu baxımdan Dövlət başçısı İlham Əliyevin sentyabrın 14-də    Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə növbəti səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisi kimi dəyərləndirilir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Reallıq budur ki, artıq bir neçə ildir Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. 

Bu gün ölkəmizin Tacikistanla qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Hər iki dost ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini daim diqqətdə saxlayır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ümummilli Lider Heydər Əliyev və Prezident Emoməli Rəhmon ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Əlaqələrin yeni prioritetlər üzrə inkişafında geniş imkanlar mövcuddur.  Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı son illər bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etmad Tədbirləri üzrə  Müşavirənin 6-cı Zirvə toplantısının  plenar iclasına, “Avropa  siyasi birliyi” Zirvə toplantısına  fəxri qonaq qismində dəvət olunub.  Bu, Azərbaycanın dünya birliyində fəal rolunun təqdimatıdır. Səfər çərçivəsində Prezidentlərin təkbətək görüşündə səsləndirilən fikirlər iki dost ölkənin əlaqələrinin möhkəm təməl üzərində uğurla inkişaf etdiyini təsdiqlədi. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə cənab İlham Əliyevin dost ölkəyə nəvbəti səfəri münasibətlərin yeni prioritetlər üzrə inkişafını şərtləndirən amillərə işıq saldı. Səfər çərçivəsində Prezidentlərin təkbətək görüşü oldu. Aparılan  danışıqlar ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza əsas verir. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 ildə  Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin  genişlənməsini, dərinləşməsini və strateji  xarakter  almasını şərtləndirir. Vətən müharibəsindən sonra Azərbaycan nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.

Tacikistan Prezidenti cənab İlham Əliyevin səfərini həm əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamı kimi dəyərləndirir. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur. Dövlət başçısı cənab İlham Əliyev qarşılıqlı səfərlərin fəal dinamikasının davam etdiriləcəyinə əminliyini ifadə etdi. 30 ildən artıq dövrün reallıqları Azərbaycan-Tacikistan əlaqələrinin təqdimatıdır. Bu gün bütün sahələrin inkişafı üçün böyük potensial mövcuddur. Tarixi Zəfərimizin reallıqları fonunda atılan addımlar münasibətlərin daha da dərinləşməsində öz sözünü deyəcək.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri