20 sentyabr 2023 14:27
612

Azərbaycan – Tacikistan əlaqələri yeni müstəvidə

Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan tarix boyu hər zaman həm şərq, həm də qərb ölkələri ilə ikitərəfli faydalı əməkdaşlığa xüsusi önəm vermişdir. Azərbaycanın Asiya qitəsi ilə əlaqələrində Mərkəzi Asiya dövlətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın yerləşdiyi Cənubi Qafqazla Mərkəzi Asiya coğrafi baxımdan da bir-birinə yaxın regionlardır. Üstəlik din birliyi, dil oxşarlığı ölkələrimizi daha da yaxınlaşdırır. Xüsusilə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə səfərləri və həmin ölkələrin rəhbərlərinin ölkəmizə səfərləri demək olar ki, mütəmadi xarakter almışdır. Şübhəsiz ki, bu cür qarşılıqlı səfərlər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında bağlılığı daha da möhkəmləndirir.

Son dövrlərdə amansız, dağıdıcı xarakter alan Rusiya-Ukrayna müharibəsi bütün dünya üzrə qarşıya yeni çağırışlar çıxardıb. Bu çağırışlar böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi üçün isə xüsusi aktuallıq daşıyır. Belədə Rusiyadan yan keçən Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Perspektivliliyi ilə seçilən Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan və  Avropa ilə Asiyanı birləşdirən ən qısa, rahat  marşrutdur. Məhz Orta Dəhlizin reallaşdırılması ideyası Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əlaqələrin daha da intensivləşdirilməsini tələb edir. Bu münasibətlərdə Azərbaycan – Tacikistan əlaqələri də xüsusi əhəmiyyətə malikdir.

Ötən illər ərzində dövlətlərimiz arasında çox səmimi və dost münasibətlər formalaşdırılmışdır. Təkcə cari ildə Azərbaycanla Tacikistan arasında “Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair”, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai birliyi və Tacikistan İş Qadınlarının Milli Assosiasiyası arasında əməkdaşlığa dair”, “Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistan Talko Management şirkəti arasında əməkdaşlığa dair”, “AzərTürk Bank və Amonatbonk arasında anlaşma memorandumu” imzalanmışdır. Azərbaycan – Tacikistan birgə ticarətinin inkişaf dinamikası yüksələn xəttlə inkaşaf edir. Ölkələrimiz arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Bundan başqa elm və təhsil sahəsində də səmərəli əməkdaşlıq qurulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 14 sentyabr 2023-cü il tarixində Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışı iki ölkə arasında səmimi dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərən faktlarla zəngin idi. Əminliklə vurğulamaq istəyirik ki, Orta Dəhlizin reallaşdırılması Azərbaycan və Tacikistan dövlətləri arasındakı dostluq, qardaşlıq münasibətlərinə yeni-yeni töhvələr verəcək.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini