20 sentyabr 2023 13:30
506

Terror antiterror tədbirlərini labüd etdi

Azərbaycan suveren ərazilərini qorumaq, vətəndaşlarını təhlükəsizliyini təmin etmək, öz ərazilərində separatçı, terrorçu təşkilatların ləğv edilməsi üçün yeri gələndə lokal tədbirlər görmək hüququnu özündə saxlayır. Kimsə bizə bunu qadağan edə bilməz. 44 günlük müharibədən ötən 3 il ərzində dövlətimiz Qarabağdakı separatçı ünsürlərə şans verdi. Rusiya sülhməramlıları da Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyasını həyata keçirmək vəzifələndirilmişdi. Amma nə baş verdi? Qarabağda yaşayan ermənilər həm sülhməramlılara, həm müxtəlif ad altında Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən Ermənistan ordusunun tör-töküntülərinə, xarici havadarlarına arxalanıb Azərbaycanın konstitusion hüquqlarına qarşı çıxır, Ermənistanda silah-sursat daşıyır, yeni müharibəyə hazırlaşırdılar. Görünür, 44 günlük müharibədə aldıqları ağır zərbə onlara bəs etmədi. Azərbaycan ərazilərində yeni mövqelər, səngərlər, mühəndis-istehkam qurğuları hazırlamaq, qanunsuz silahlı birləşmələri texniki avadanlıqla təmin etmək və qanuni hakimiyyətə qarşı terror fəaliyyəti aparmaq, mülki vətəndaşlarımızın həyatına təhlükə yaratmaq antiterror tədbirlərini labüd etdi.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
    
Millət vəkili bildirib ki, 10 noyabr Üçtərəfli Bəyanatından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, bərpa-quruculuq işlərinə başlandı və  Ermənistan silahlı qüvvələrinin işğalı səbəbindən yurdundan didərgin salınmış soydaşlarımızın doğma yerdlarına qayıdışlarına start verildi: “Amma Ermənistanın məkrli siyasəti, bölgədə destruktiv, dağıdıcı hərəkətləri bu işlərin görülməsinə maneələr yaradır. Üçtərəfli Bəyanatın 3 bəndi hələ də yerinə yetirilməmiş qalır. Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına maneəsiz qayıdışı və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən Zəngəzur dəhlizinin yaradılması hərə də havadan asılı qalıb. Ermənistan və onun Qarabağdakı separatçı qurumu ciddi-cəhdlə buna maneçilik törədir, Bəyanatın müddəlarını yerinə yetirmək istəmir. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və onların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Demək olar ki, hər gün Qarabağdakı erməni ordusunun qalıqları Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tuturdu, ərazilərimizin minalanmasını davam etdirirdi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılmasına cəhdlər edirdilər. Son vaxtlarda bu qeyri-qanuni birləşmələr tərəfindən Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər daha çoxalmışdı. Və Azərbaycanın antiterror tədbirləri həyata keçirməsi lazım idi və Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəldi və separatçılar təslim oldular. Xalqımızı bu qələbə münasibətilə təbrik edirəm”.