20 sentyabr 2023 00:35
398

Nikolun “cütlük” qorxusu

Ermənistanın İkinci Qarabağ savaşından əvvəl sülh danışıqlarını imitasiya xətrinə apardığı hər kəsə yaxşı məlumdur. Bu gün də təcavüzkar ölkə  sülh danışıqlarına eyni məqsədlə yanaşır. Elə son günlər hayların revanşist çıxışları, qarayaxma kampaniyaları, şərti sərhəddə törətdikləri təxribatlar, Hayastanın Fransa, İran, Hindistan kimi ölkələrdən külli miqdarda silah alması, ölkəmizə qarşı ərazi iddiasından əl çəkməməsi bunu bir daha sübut edir. Bütün bunlar azmış kimi,  bəzi erməni ideoloqları və onlara züy tutanlar ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü məsələsini qaldırırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 2-də qondarma rejimin "ildönümü" münasibətilə "təbrik mesajı"nda Qarabağdakı separtçı rejimi dəstəklədiyini açıq şəkildə ortaya qoydu. Sentyabrın 9-da Xankəndidə keçirilən "prezident seçkiləri" ilə sülh danışıqlarına növbəti zərbə  vuruldu. Şübhəsiz, bu məsələdə də Nikol Paşinyanın və onun havadarlarının “xeyir-dua”sı mühüm rol oynayıb. Siyasətçilərin fikrincə, Paşinyanın bu cür davranışı son aylar daha da fəallaşan, sülhə qənim kəsilən Koçaryan-Sarkisyan cütlüyünün ona təzyiqindən, hakimiyyəti itirmək qorxusundan qaynaqlanır. Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin bu qədər uzanmasının, Nikol Paşinyanın anti-Azərbaycan ritorikasını gündəmdə saxlamasının səbəbkarı məhz bu cütlük və onları dəstəkləyənlərdir. Şübhəsiz, bu məsələdə ermənipərəst Luis Moreno Okampo, Xuan Mendes, Bob Menendez kimi dələduz hüquq ekspertlərinin də “xidmətlər”i vardır.

Doğrudur, Nikol Paşinyan bir neçə dəfə şifahi olaraq Qa­rabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Di gəl, hələ də ortada rəsmi bir sənəd yoxdur, ona görə də verilən şifahi bəyanatlar xüsusi önəm daşımır. Bu kimi problemlərə baxmayaraq, Azərbaycan Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa, yəni sülh müqaviləsini imzalamağa çağırmaqda davam edir. Üstəlik, rəsmi Bakı sülh müqaviləsinin imzlanacağına əmindir. Hətta Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik”.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına ictimai inam səviyyəsini öyrənmək məqsədilə vətəndaşlar arasında rəy sorğusu keçirib. Sorğu iştirakçılarının yarıdan çoxu, yəni 53,1%-i bu və ya digər dərəcədə sülh danışıqlarının səmərə verəcəyinə inandığını bildirib.

Şübhəsiz, sülh yalnız Azərbaycanın diktəsi ilə mümkündür. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var: “Bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”. Bu mənada əbəs yerə  Qarabağın erməni əhalisi üçün ayrıca "status" iddiasını tələb etməyin heç bir mənası yoxdur. Amma Nikol Paşinyanla yanaşı Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qondarma rejim hələ də öz ampluasındadır. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri vasitəsilə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə daşınması ilə razılaşan baş separatçı  Samvel Şahramanyan sentyabrın 18-də keçirdiyi tədbirdə belə bir fikir də səsləndirib: “Bu qərar bizim subyektivliyimizi qorumaq məsələsində heç bir güzəştə getməyi nəzərdə tutmur”. Bununla da qondarma rejimin  qondarma “prezident”i  “humanitar böhran” şousunun hələ bitmədiyinə işarə edib. Gör kim güzəştdən danışır? Halbuki Ağ­dam–Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azər­baycana reinteqrasiyasında, eləcə də danışqlarda stimulverici amil rolunu oynamalı idi.

3 ilə yaxındır ki, Prezident İlham Əliyev bölgədə sülhün təmin olunması istiqamətində əməli işlər görür. Hətta dövlətimizin başçısı  Ermənistanla sülh sazişinin imzalanması üçün çox mütərəqqi addımlar atır, xoş iradə və açıq mövqe nümayiş etdirir, məğlub ölkəyə, eləcə də Qarabağın erməni sakinlərinə çıxış yolunu göstərir. İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycan bunu etməyə də bilər. Amma edir. Bəli, 3 il əvvəl "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan rəsmilərini  İlham Əliyev həm siyasi, həm də hərbi yolla başa saldı ki, "Qarabağ Azərbaycandır!" Haylar da bununla razılaşdılar. İndə də Ermənistandan fərqli olaraq, rəsmi Bakı “Bölgədə sülh hakim olmalıdır!” şüarı ilə çıxış edir. Ermənistan, onun havadarları, eləcə də Qarabağdakı separatçılar da yaxşı bilirlər ki, Prezident İlham Əliyev nə deyirsə, onu mütləq gerçəkləşdirir, üstəlik, həyata keçirdiyi reallıqlara elə bir nida  qoyur ki…

Qvami Məhəbbətoğlu, “İki sahil”