20 sentyabr 2023 03:23
277

Türk birliyinin, İslam həmrəyliyinin hədəfi: Dünyada sülh, bərabərlik!

İstanbulda Dünya Türk Biznes Şurasının (DTİK) 10-cu qurultayının açılış mərasimi çərçivəsində Türk Dövlətləri Təşkilatı ilə «5 Dövlət 1 Diaspor» sessiyasında, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə bu hədəflərin istiqamətləri açıqlandı

Dünyanın siyasi müstəvisində nüfuzlu qurum kimi tanınan, xalqlar, müxtəlif millətlər arasında birgəyaşayış prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə dogruldan Türk Dövlətləri Təşkilatı (TDT) belə bir ülvi məqsədlərə xidmət edir: Planetimizin bütün insanları dünyada əmin-amanlığın qorunmasına töhfə verməlidirlər!

Artıq dünyanın yeni güc mərkəzi kimi tanınan, bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat infrastrukturuna və qüdrətli hərbi potensiala malik TDT üzvləri beynəlxalq aləmdə baş verən təhlükələrin, risklərin aradan qaldırılmasında, terrora qarşı mübarizədə fəallıqlarını artırırlar. Milli, ortaq maraqlar nəzərə alınmaqla qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi sahələrində əməkdaşlığın genişlənməsinə yönələn qlobal layihələrinin həllində birgə fəaliyyət göstərirlər. Təşkilatda təmsil olunan ölkələr ara­sında çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq əlaqələrinin genişlənməsi siyasi, diplomatik münasibətləri daha da möhkəmləndirir. İqtisadi mü­nasibətlərin müəyyənləşdirilməsi naminə üzv dövlətlərin müvafiq qurumları, yük­sək səviyyəli rəsmiləri arasında keçirilən çoxsaylı görüşlər, təşkil olunan biznes forumları qlobal layihələrin reallaşması imkanlarını artırır. Eyni zamanda, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahi­bkarlıq üzrə işçi qruplarının yaradılma­sı haqqında qəbul edilən qərarlar uğurla nəticələnir. TDT-nin iqtisadiyyat üzrə işçi qrupunun indiyədək keçirilən iclas­larında əməkdaşlığın mövcud vəziy­yəti və genişləndirilməsi imkanları, «Turkic Vision – 2040»” strateji konsep­siyasının hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Təşkilatın fəaliyyətində siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr diqqətdə saxlanılır. Bu baxımdan türkdilli ölkələr arasında iqtisadi-ticari əlaqələrin ildən-ilə genişlənməsi təsadüfi deyil. İkitərəfli kontekstdə möhkəmlənən bu əməkdaşlıqlar sonda birləşərək vahid gücə çevrilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri dayanır.

Təməli 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında qoyulan təşkilata üzv dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsində xüsusi rolu və iştirakı olan, münasibətlərin milli maraqlar baxımından inkişafına xü­susi önəm verən, türk dünyası birliyinin güclənməsini xarici siyasətinin əsas prioritetləri kimi diqqətdə saxlayan Azərbaycanın xidmətlərini «Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixi, milli adət-ənənələri oxşar olan türk dövlətləri İslam həmrəyliyinin möhkəmlənməsinə önəmli töhfələr verir, islamofobiyaya qarşı birgə mübarizə imkanlarını artırırlar.

Zəngin təcrübəyə malik TDT-nin birliyinin sarsılmazlığına ən bariz nümunə İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə başda Türkiyə olmaqla təşkilatın digər üzvlərinin də Azərbaycana göstərdiklər siyasi , mənəvi dəstəkdir. Digər bir nümunə 6 fevral 2023-cü ildə qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında təşkilata üzv dövlətlərin həmrəylik göstərmələridir.

Bu ilin mart ayının 16-da Ankarada Türk Dövlətləri Təşki­latının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması əsl həmrəylik nümunəsi idi. Türk dünyası ölkələrinin tarixi İpək yolu üzərində yerləşməsi onların Şərqlə Qərb arasında artmaqda olan ti­carət dövriyyəsində rolunun artması üçün əlverişli şərait yaradır. Azərbaycanın əsrin qlobal infrastrukturu kimi diqqət çəkən Orta Dəhliz layihəsinin əsas iştirakçılarından olması ölkəmizə marağı daha da artırır. Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Ankarada «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım»” mövzusunda Fövqəladə Zirvə görüşünün təşəbbüskarı Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması da türk dövlətləri arasındakı əməkdaşlığın müttəfiqlik səviyyəsində inkişafına əlavə stimul yaradır. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində qazandığı uğurlarını dünyada hər kəs görür. Bu baxımdanTürkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmlidir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Türk dünyasının həmrəyliyini daha da gücləndirdi.

Türk dövlətlərini birləşdirəcək Zəngəzur dəhlizinin bərpası üçün birgə fəaliyyət, eyni məqsəd naminə birlik Azərbaycanın Ermənistanın işğalından azad edilən ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərində də özünü göstərir. Özbəkistanın Füzuli şəhərində orta məktəb inşa etməsi, Qazaxıstanın incəsənət məktəbi tikməsi bu qardaşlığın sarsılmazlıq nümunəsidir. Artıq türk dünyası təkcə türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. TDT-da müşahidəçi kimi təmsil olunan Macarıstanın Baş naziri Viktor Orbanın Ankara Sammitində söylədiyi «Türk dünyası, türk dövlətlərinin bu mənada Qafqaz və Mərkəzi Asiyadakı ölkələr olaraq açar rol oynayacaqlarını düşünürəm. Münasibətlərimizi qarşılıqlı hörmət çərçivəsində davam etdirərək bütün dünyaya örnək ola bilərik. Bu məqsədlə Macarıstan olaraq enerji, ticarət, eyni zamanda, daşıma sahələrində birgə səyləri gücləndirməyə töhfə vermək niyyətindəyik» sözlər təşkilatın fəaliyyətinə beynəlxalq səviyyədə verilən qiymətdir.

İstanbulda Dünya Türk Biznes Şurasının (DTİK) 10-cu qurultayının açılış mərasimi çərçivəsində Türk Dövlətləri Təşkilatı ilə «5 Dövlət 1 Diaspor”» sessiyasının təşkili bu birliyin qarşıdakı illərdə daha geniş miqyasda və cografiyada söz sahibi olocağından xəbər verir.

TDT-yə üzv ölkələrin və müşahidəçi dövlətlərin rəsmilərinin, biznes dairələrinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə iqtisadi əməkdaşlıq, təşkilata üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi, birgə investisiya imkanları barədə müzakirə aparılıb. Qeyd olunub ki, son illər Türk dövlətləri arasında əlaqələr daha da möhkəmlənib və əməkdaşlığın inkişafında diaspor da əhəmiyyətli rol oynayır. Diaspor təşkilatları, eyni zamanda, ölkələrin iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına, özəl biznes təşəbbüsləri və ticarət əlaqələrinin genişlənməsinə dəstək göstərirlər. Tədbirdə iştirak edən və «Türk dünyası yeni bir oyanış və dirçəliş dövründədir» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, TDT ölkələri sadəcə təşkilat çərçivəsində deyil, həm də ortaq maraqların qorunması üçün diasporlar səviyyəsində əməkdaşlığı genişləndirirlər.

Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü Türk dünyasının, İslam həmrəyliyinin möhkəmlənməsinə yönələn daha inamlı addımdır. Tədbirdə qeyd olunduğu kimi, gələcəkdə ölkələr arasında nəqliyyat potensialını artırmaq məqsədilə Mərkəzi Asiyanın nəqliyyat və tranziti haqqında sazişlərin hazırlamasını, Çin, Cənubi Asiya və Yaxın Şərq ölkələrinə, Avropa İttifaqına çıxış üçün səmərəli nəqliyyat dəhlizlərinin konkret mexanizmlərinin biznes üçün sərfəli keçid tarifləri tətbiq edilməklə yaradılması, nəqliyyat xidmətlərinin liberallaşdırılması üzrə tədbirlər planının tərtib edilməsi, icazə prosedurlarının optimallaşdırılması, beynəlxalq daşımaların inteqrasiyalı rəqəmsal platformalarının yaradılması məsələlərinin birlikdə həlli dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə , iqtisadi inkişafın sürətlənməsinə əlavə imkanlar yaradacaq. Tədbirdə azərbaycanlı mütəxəssislərin nəzərdə tutulan layihələrini həyata keçirilməsində iştirakı məmnunluqla qeyd edilib.

Tədbirdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Regional əməkdaşlığın bu formatı ölkələr və xalqlar arasında həmrəyliyi möhkəmləndirəcək etibarlı zəmindir.

«İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb» söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçirilir.

 Mərkəzi Asiyadan olan şirkətlərin Ələt Azad İqtisadi Zonasına marağının artması nəqliyyat və logistika sahəsinin yeni istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Diqqətə çatdırılıb ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatını təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycanın Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik olduğunu xatırladan, «Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq» söyləyən dövlət başçımız əminliklç bildirib ki, yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Perspektivdə duran məsələ isə Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan olan Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Ölkələr arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və mühüm əhəmiyyətə malik «Rəqəmsal İpək Yolu» layihəsidir. Göründüyü kimi, yalnız inkişaf, qarşılıqlı əməkdaşlıq prinsiplərinə uyğun fəaliyyət göstərən türk dövlətləri İslami dəyərlərə də sadiqdirlər.

Xuraman İsmayılqızı, «İki sahil»