20 sentyabr 2023 02:57
312

Qondarma xunta rejimi tarixin zibillliyinə atılmalıdır və atılacaq!

2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bundan əvvəl 2016-cı ilin dörd günlük Aprel döyüşlərində qazandığımız qələbə ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Belə ki, aprelin 2-nə keçən gecə işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşən ərazilərimiz, Qazax, Tovuz, Gədəbəy rayonlarının kəndləri və adsız yüksəkliklər, o cümlədən Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonlarının kəndləri və bir sıra adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutuldu. Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirildi.  Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Döyüş zamanı ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən düşmənin yüzdən çox hərbi qulluqçusu öldürüldü və yaralandı.

Bundan sonra ordumuz 2018-ci ilin mayında Günnüt Zəfəri ilə yeni bir tarix yazdı. Belə ki, uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsini təşkil edən qırx dörd günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi, milli dövlətçiliyimizin qızıl tarixi, qürur və şərəf rəmzidir. Çünki ordumuzun şücaəti, əsgər və zabitlərimizin canı, qanı bahasına düşmən biabırçı məğlubiyyətə uğradı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, haqq-ədalət öz yerini tapdı.

Bütün bunların fonunda birmənalı demək olar ki, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən bölgədə keçirilən  lokal xarakterli antiterror tədbirləri də uğurla başa catacaq.

Nəhayət, təcavüzkar Ermənistan və onun havadarları birdəfəlik bilməlidirlər ki, erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmalı, qondarma xunta rejimi tarxin zibilliyinə atılmalıdır və atılacaq. Bölgədə davamlı sülhə və sabitliyə nail olmağın yeganə yolu budur.

Zahid Rza, “İki sahil”