20 sentyabr 2023 02:15
301

Paşinyanın məkrli oyunu

Ermənistanın Azərbaycanla ədalətli sülhdə maraqlı olmadığını Nikol Paşinyanın üç ildir ki gah nala, gah da mıxa vurması və yaxud da söylədiyi ağ yalanlar, təxribatçı bəyanatlar da təsdiqləyir. Yenə də erməni hiyləsi, erməni riyakarlığı. Gah bizimlə sülhdən dəm vururlar, gah da ölkəmizə qarşı ərazi iddiasına bu və ya digər şəkildə davam edirlər. Belə ki, sentyabrın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş imzalamaq istəyir və buna hazırdır: “Biz Brüssel və Praqadakı əldə olunmuş razılaşmalar və üçtərəfli Bəyanat (Ermənistan, Azərbaycan və Rusiya liderləri) əsasında sülh çağırışına sadiqliyimizi ifadə edirik".

Lakin, bu bəyanatın mürəkkəbi qurumamış, yəni sentyabrın 17-də bəyan edib ki, “Avropa siyasi birliyi”nin oktyabrda Qranadada keçiriləcək üçüncü sammitində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayacaq. Paşinyan “Qarabağın blokadasına” və regionda dərinləşən böhrana işarə edərək Bakının maraqlar balansına riayət etmək istəməməsini əsas maneə adlandırıb. Vəziyyəti şərh edən baş nazir deyib: “Düşünürəm ki, humanitar böhran və dəhlizin bağlanması səbəbindən çox vaxt itiririk. Ermənistanın bu məsələnin həllinə təəssüf ki, nəticəsiz olaraq sərf etdiyi vaxt və enerji sülh müqaviləsinin müzakirəsinə yönəldilə bilərdi”. Müqavilənin ilin sonuna qədər imzalanma ehtimalı ilə bağlı sualın cavabında Paşinyan deyib: “Mən bunu hər zaman mümkün hesab etməliyəm”.

Göründüyü kimi, sülh danışıqlarını min bir yolla manipulyasiya etməyə çalışan rəsmi İrəvan davranışlarını adekvat deyil - gah siyasi manipulyasiyalarla danışıqlardan boyun qaçırmaqla, gah şərti sərhəd adlandırılan zonalarda silahlı təxribata əl atmaqla, gah xaricdən silah alaraq yeni təhdidlər formalaşdırmaqla, gah da havadarlarının köməyi ilə beynəlxalq müstəvidə dezinformasiya mühiti yaratmağa niyyətlənməklə sülh müqaviləsini imzalamağı ləngidir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən, Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını bəyan edən Paşinyan fürsət düşən kimi sözünü bu və ya digər şəkildə “danmağa” çalışır, öz aləmində “yeni şərtlər” formalaşdırmaq istəyir. Bir sözlə, sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açmalı olan, hətta bu məsələlərin həyata keçməsini təmin etmək məcburiyyətini üzərinə öhdəlik kimi götürən İrəvan bu  öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Ermənistanın baş naziri fürsət tapdıqca Qarabağdakı qondarma rejimə “dəstək nümayiş etdirməyə” səy göstərir. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Eyni zamanda, Paşinyanın hər zaman eyham vurduğu “beynəlxalq mexanizm” kimi fikirlər də qəbulolunmazdır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Biz sözlə, sülh müqaviləsi iki ölkə arasında bağlanacaq və Azərbaycanın daxili işi olan Qarabağ məsələsi ilə bağlı orada hər hansı bir qeydin olması mümkün deyil. Xüsusi vurğulanmalıdır ki, Ermənistanın son oyunları da məhz Qarabağdakı separatçılara “yardım” görüntüsü yaratmağa istiqamətlənib. Laçın yolu ilə bağlı “humanitar böhran” şousu, üstəgəl, Xankəndidə hansısa “hərəkətlənmələr” yaratmaqla İrəvan nələrə nail olmaq istəyir ki, bu da mümkün deyil. Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər və son dəyişikliklər dünya ictimaiyyətinin diqqətini cəlb etməklə yanaşı, proseslərin “axarını dəyişmək” cəhdidir.

Şübhəsiz ki, Paşinyanın yalan və böhtanlarla zəngin bəyanatları bölgədə yeni müharibənin fitlini çəkməkdir. Azərbaycan rəhbərliyi bu açıqlamaları sülhdən imtina kimi dəyərləndirərək bölgədə antiterror əməliyyatlarına start verə bilər. bir neçə dəfə Müdafiə və Xarici İşlər nazirliklərinin bəyanatında belə əməliyyatların anonsu verilib. Təcrübə göstərir ki, Azərbaycanın güc tətbiqi regionda sülhün bərqərar olunması üçün ən yaxşı vasitədir. 44 günlük müharibə, ondan sonra keçirilən cəzalandırma əməliyyatları münaqişənin həlli istiqamətində alternativsiz təsiredici addımlar olub. Başqa heç bir alət – nə Qərb vasitəçiləri, nə Rusiya, nə də Paşinyan hökumətinin acınacaqlı aqibətdən dərs çıxaracağına dair ümidlər özünü doğrultmayıb.

Sevinc Azadi, “İki sahil”