19 sentyabr 2023 00:25
502

Örkən nə qədər uzun olsa da…

Çətinliklərə baxmayaraq Azərbaycan məqsədinə nail olur

Xankəndidəki xuntaçılar, sözün həqiqi mənasında qudurublar. Belə ki, onlar təxribatlar törədir, ərazilərimizi müxtəlif istiqamətlərdən atəşə tutur, fortifikasiya qurğuları qurmaqla mövqelərimizə yaxınlaşmağa cəhdlər edir, ərazilərimizə diversiya qrupları göndərir, minalar basdırır, səngərlər qazır, Qarabağın dinc əhalisini təzyiq altında saxlayır, onları silahlandırır, "xüsusi status" tələb edir, dünyanın müxtəlif ölkələrində Azərbaycan əleyhinə tədbirlər keçirirlər. Bununla da  bölgədə  sülh naminə atılan addımlara, əgər belə demək mümkünsə, badalaq gəlməklə məşğuldurlar. Bütün bunlarla əlaqədar kifayət qədər fakt göstərmək olar. Məsələn, sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Elə həmin gün saat 17:45 radələrində sözügedən istiqamətdən mövqelərimiz atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Digər tərəfdən, separatçılar Xankəndini tərk etmək istəyənlər üçün süni maneələr yaradırlar. Erməni bloger Natali Aleksanyan öz “Facebook” səhifəsində yazıb ki, Xankəndidən Ermənistana getmək üçün adambaşına 4 min dollar tələb olunur: “Bu məlumatı dəqiqləşdirmək üçün Qarabağdakı dostlarımla əlaqə saxladım, onlar da məlumatı təsdiqlədilər”. Daha əvvəl jurnalist Tereza Asatryan yazmışdı ki, bir nəfərin Qarabağdan İrəvana helikopterlə daşınması 1,5 milyon drama başa gəlir.

Şübhəsiz,  bu kimi şouların ssenariləri Ermənistan və onun havadarları tərəfindən yazılır. Xatırladaq ki, keçmiş baş separatçı Araik Arutyunyan faktiki devrildikdən sonra sentyabrın 9-da Qarabağdakı separatçıların başına "prezident" kimi terrorçu eks-prezident, Xocalı canisi Serjik Sarkisyan, eləcə də Kremlin Qarabağdakı milyarder emissarı Ruben Vardanyan tərəfindən dəstəklənən Samvel Şahramanyan “seçilib”. Doğrudur, aparıcı beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələri erməni separatçılarının Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozaraq Xankəndidə keçirdiyi qondarma seçkiləri pislədiklərini və tanımadıqlarını bəyan ediblər. Amma yeni “prezident” və onun tərəfdarlarının “alovlu” çıxışları vəziyyəti daha da gərginləşdirir. Məsələn, bir neçə gün öncə yeni “seçilmiş” "prezident" Samvel Şahramanyan deyib: “Dağlıq Qarabağ status almalıdır və bizim Laçın dəhlizi üzərindən Ermənistanla birbaşa əlaqəmiz olmalıdır, digər marşrutlar açıla bilər, lakin onlar dəhlizi əvəz etməməlidir… Danışıqlar aparılmalıdır, danışıqların formatı həm çoxtərəfli, həm də ikitərəfli ola bilər, üçüncü tərəfin zəmanəti ilə Stepanakert (Xankəndi) danışıqların predmeti olmalıdır”.

Bəs onları bu mərhələyə çatdıranlar, belə danışdıranlar kimlərdir? Ermənistanın və onun havadarlarının “humanitar böhran” adı ilə siyasi şou yaratdıqları artıq kimsəyə sirr deyil. Halbuki “aclıq”dan əziyyət çəkən icma, toplum Azərbaycanın təqdim etdiyi humanitar yardımı qəbul etməli idi. Ancaq Qarabağdakı separatçılar qəti şəkildə Bakıdan göndərilən yardımdan imtina edirlər. Qarabağda sayı on minə çatan qeyri-qanuni erməni hərbi birləşmələri mövcuddur və həmin birləşmələr məhz 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, ərazidən çıxarılmalı idilər. Amma həmin separatçılar hələ də yerlərindən tərpənmirlər. Şübhəsiz, bütün bunlardan erməni lobbisinin təsiri altına düşən və onların nağıllarına uyan, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həzm edə bilməyən, üstəlik, Fransa kimi separatçılara “Qorxma, mən səninləyəm” mesajlarını verən ABŞ siyasətçiləri də xəbərdardırlar. Amma separatçıların tərəfini saxlayan həmin siyasətçilər bu və ya digər məsələlərdə hələ də onları dəstəkləməkdə davam edirlər. Hətta tələblərini rəsmi Bakıya hədələyici ritorika ilə çatdırmağa çalışırlar. Bu kimi amillərdir xuntaçıları qudurdan.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın mövqeyini ifadə edərək qəti şəkildə bildirib: "Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və separatist statusunda yaşamaqda davam edərək və qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu, baş verməyəcəkdir”.  Bütün təzyiqlərə baxmayaraq bu istiqamətdə atılan addımlar öz bəhrəsini verməkdədir. Belə ki, son məlumata görə, separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər. Bu mənada demək olar ki, Azərbaycanın prinsipial mövqeyi növbəti dəfə qalib gəldi. Bu yerdə adam az qala desin: Bəs, nə oldu, ay Menendez, ay Yuri Kim?

Bəli, Azərbaycan Qarabağın erməni sakinlərinin reinteqrasiyası istiqamətində də müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır. Bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir. Qarabağda yaşayan erməni icması, xüsusi status tələb edənlər bilməlidirlər ki, rəsmi Bakı Azərbaycanın  Konstitusiyasına, həmçinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun addımlar atır. Ermənistandan, Fransadan, ABŞ-dan təlimatlar alan, sülh prosesinə, eləcə də reinteqrasiyaya əngəllər yaradan xuntaçılar isə bununla razılaşmaq istəmirlər. Amma bir ovuc separatçı bircə məsələni unudur ki, örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçir. Elə separatçıların Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair qərara gəlmələri bunun sübutu deyilmi?

Qvami Məhəbbətoğlu, “İki sahil”