19 sentyabr 2023 00:59
239

1-0 Azərbaycanın xeyrinə...

Ağdam-Xankəndi yolunun açılması Qarabağda separatizmin ləğvi və ermənilərin reinteqrasiyası prosesini sürətləndirəcək

Nəhayət, Ağdam-Xankəndi yolu uzun illərdən sonra davamlı istifadə məqsədilə açıldı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yardım TIR-larının iki marşrutla – Ağdamdan və ermənilərin yalan və riyakar iddialarına rəğmən heç zaman bağlanmamış Laçın yolu vasitəsilə Xankəndiyə daxil olması ilə bir neçə müddətdir siyasi məqsədlər üçün istifadə edilən “humanitar böhran” və “blokada” şousu da başa çatdı. Bununla da Ermənistan hakimiyyətinin, o cümlədən Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsindəki separatçıların daha bir mənfur oyunu Azərbaycanın qətiyyəti və siyasi iradəsi qarşısında uğursuzluğa düçar oldu. Bəs Qarabağa humanitar yüklərin daşınması üçün Laçın-Xankəndi yolundan başqa alternativ Ağdam-Xankəndi marşrutunun da işə düşməsi Azərbaycana hansı dividendlər qazandırır? Bölgədə yaranmış yeni reallıqlar hadisələrin sonrakı inkişafına necə təsir göstərə bilər?

Araik Arutyunyanın “istefasından”, daha dəqiqi aradan çıxmağa çalışmasından sonra Qarabağdakı separatçılar arasında qarşıdurma gündən-günə dərinləşməkdədir. 9 sentyabr tarixli “prezident seçkisi” təxribatı Ermənistanın siyasi hakimiyyətinin hadisələrə birbaşa müdaxilə etməkdə maraqlı olmadığını, baş nazir Nikol Paşinyanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıdığı Azərbaycanın daxili işlərinə qarışmaq istəmədəyini (Paşinyan qondarma qurumun yeni “prezidentini” təbrik etməməklə ən azından belə bir görüntü yaratmağa çalışdı-red.), dolayısı ilə separatçılarla rəsmi İrəvanın bağlarının böyük həcmdə qopduğunu göstərdi. Son günlər Laçın sərhəd-buraxılış məntəqəsindən bir daha geri qayıtmamaq şərtilə Gorus istiqamətinə üz tutanların çoxluğu Qarabağda yaşayan mülki ermənilər arasında da fikir ayrılığı olduğunu, bundan başqa, qondarma quruma olan inamın tamamilə sarsıldığını, insanların təzyiq və qorxu altında yaşamaq istəmədiyini sübut edir. Belə bir vaxtda həm bəzi beynəlxalq ermənipərəst dairələrin maraqlarının əksinə, həm də separatçıların güclü müqavimətinə rəğmən Azərbaycanın tələbi ilə Ağdam-Xankəndi yolunun açılması iki prosesi sürətləndirəcək. Birincisi, azərbaycanlılarla birgəyaşayışı qəbul etməyə hazır olan ermənilərin reinteqrasiyasına start veriləcək ki, Azərbaycanın bu yöndə atdığı addımlar beynəlxalq hüquqa uyğun olmaqla bərabər, kifayət qədər qətiyyətlidir və reallaşmasının alternativi yoxdur.

İkincisi, reinteqrasiyanın əleyhdarı olan, öz gələcəklərini Azərbaycanda görməyən, əsasən vaxtilə Ermənistandan və başqa ölkələrdən Qarabağa gəlmiş, daha doğrusu gətirilmiş ermənilərin torpaqlarımızı kütləvi şəkildə tərk etmələrinin qarşısını heç bir qüvvə ala bilməyəcək. Artıq rəsmi Bakı bölgənin “boz zona” olmaqdan çıxarılmasına başlayıb və orada yaşayan sakinlər torpaqların əsl sahiblərinin “nəfəslərini boyunlarının arxasında hiss edirlər”. Ermənilər Azərbaycan hökumətinin vətəndaşları üçün öz ərazisində özünün məsləhət bildiyi marşrutla humanitar yardım göndərdiyi kimi, Qarabağda separatizmi də tezliklə ləğv edəcəyi reallığını dərk edərək seçimlərini edirlər. Bu mənada son proseslər tam şəkildə Azərbaycanın dövlət maraqları çərçivəsində cərəyan edir.

Ağdam-Xankəndi yolunun açılmasının digər əhəmiyyəti BQXK-nın prosesə qoşulması ilə Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsidir. Əgər bundan əvvəl sözügedən yol vasitəsilə təkcə

Rusiyanın keçidinin baş tutması Qərb dairələrində bu marşrutun legitimliyinə şübhə etmək bəhanəsi verirdisə, indi nə son günlər ermənipərəst mövqe sərgiləyən nə ABŞ-ın, nə Fransanın, nə də digər ölkə və ya beynəlxalq qurumların belə bir iddiası mümkün olmayacaq. Yüklərin Ağdam-Xankəndi marşrutu ilə BQXK-nın vasitəsilə daşınması təşkilatın İrəvandakı ofisinin Azərbaycan ərazisinə müdaxiləsini də aradan qaldıracaq. Çünki komitənin Xankəndindəki nümayəndəliyi hələ də Ermənistandakı ofisə tabedir və bu, həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına zidddir. Ona görə də BQXK-nın Ağdam marşrutundan istifadəyə başlamasından sonra Xankəndidəki nümayəndəliyin fəaliyyətinin Bakıdakı ofis tərəfindən yönləndirilməsi də aktuallaşacaq ki, bu da erməni əhalisinin reinteqrasiyasına birbaşa təsir edəcək.

Nəhayət, bölgədə yaranmış yeni reallıqlar hadisələrin sonrakı inkişafına da təsirsiz ötüşməyəcək. Saxta “humanitar böhran”ın başa çatması bəzi maraqlı ermənipərəst dairələrin Azərbaycana təzyiq göstərmək imkanlarını sıfıra endirir və bu vəziyyət rəsmi Bakının Qarabağdakı separatçı rejimi ləğv etmək üçün konkret addımlar atmasına şərait yaradır. Son günlər Ermənistan ordusunun tör-tökünütüləri və qeyri-qanuni silahlı erməni dəstələri tərəfindən təxribatların artmasını da nəzərə alsaq, atılacaq addımların hərbi yönümlü, antiterror əməliyyatı xarakterli olacağı istisna edilmir.

Hər bir halda, Qarabağda separatçı xunta rejiminin ləğvi üçün geriyə sayım başlayıb. Futbol termini ilə desək, əsas vaxt qələbəmizlə başa çatıb, artırılmış dəqiqələr də yekunlaşmaq üzrədir. Nəticə isə çoxdan bəllidir, daha 1-0 Azərbaycanın xeyrinə...

Mahir Rəsuloğlu, “İki sahil”