18 sentyabr 2023 13:48
304

Erməni yalanlarına verilən dəstək bölgədə gərginliyi artırır - Hərbi-siyasi ekspert

Erməni yalanlarına verilən hər bir dəstək bölgədə gərginliyi artırır.

“İki sahil” xəbər verir ki,  bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

O deyib ki, müəyyən dövlətlər və güclər öz maraqlarını təmin etmək üçün regionda yeni qarşıdurma və gərginliyin yaşanmasında maraqlı görünür: “Təəssüflər olsun ki, elə qüvvələr var ki, onlar öz maraqları naminə regionda qarşıdurma meyillərini qızışdırmağa cəhd edir. Bu məqsədlə də erməni yalanlarını dəstəkləyir, məqsədli şəkildə anti-Azərbaycan kampaniyasında yer alırlar. ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı Azərbaycanın ünvanına səsləndirilən böhtanlar buna nümunədir. Bu dinləmələr zamanı regionla bağlı əsassız fikirlər səsləndirilib, Qarabağdakı ermənilərin guya blokadada yaşadığı iddia olunub. Həmçinin müharibənin başa çatmadığı ilə bağlı absurd fikirlər ifadə edilib. Halbuki, erməni lobbisinin, eləcə də rəsmi İrəvanın maraqlarına cavab verən bu fikirlərdə həqiqət payının olmadığı hər kəsə məlumdur. Sadəcə, məqsəd erməni separatizmini ayaqda tutmaq, onlara mənəvi-siyasi dəstək göstərmək və bununla da həmin qüvvələri yeni qarşıdurmalara sövq etməkdir”.

Respublika Veteranlar Təşkilatının sədr müavininin sözlərinə görə, bəzi dövlətlərin regionda qarşıdurma meyillərini qızışdırmaq cəhdi yolverilməzdir və həmin dövlətlər, həmçinin erməni lobbisinin diktəsi ilə hərəkət edən qüvvələr bu siyasətdən imtina etməlidirlər. Azərbaycan bütün problemlərin və mübahisələrin sülh yolu ilə həllində maraqlıdır və atdığı hər addımla bunu əməli şəkildə isbatlayır. Lakin separatizmə dəstək verməklə onları qarşıdurmalara həvəsləndirən qüvvələr Azərbaycanın öz təhlükəsizliyini, suverenliyini təmin etməyə qadir olduğunu bilməlidirlər. Hər zaman olduğu kimi bundan sonra da Azərbaycan bu istiqamətdə bütün lazımi addımları atacaq.