18 sentyabr 2023 12:24
419

Azərbaycan həm də Mərkəzi Asiya dövlətləri üçün etibarlı tranzit ölkəsidir

Son 10 il ərzində  Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. O cümlədən Azərbaycan-Tacikistan əlaqələri ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində önəmli yerlərdən birini tutur. Tacikistan və Azərbaycan əsrlər boyu həmrəylik şəraitində yaşayıb, dostluq ələqələrini genişləndriblər.

Heç təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. İndi bu iki ölkə eyni zamanda tərəfdaş deyil, həm də dost öokələrdir.

Burada digər mühüm məqam ondadır ki, hazırda Avropanın üzləşdiyi çətin enerji böhranından xilas olmasında önəmli rol oynayan Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafında, ticarət əlaqələrinin genişlənməsində vacib ölkə hesab olunur: “Odur ki, məhz bu zəmində xüsusən son illər həmin ölkələrlə münasibətlərdə əlaqələrimiz durmadan genişlənir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər əhəmiyyətinə görə əməkdaşlığımıza strateji xarakter qatır.

Prezident İlham Əliyevin Tacikistanda keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması orada təmsil olunan ölkələrlə əlaqələrimizin qarşıdakı illərdə də bir çox sahələr üzrə inkişafı baxımdan xeyli önəm daşıyır. Burada diqqət çəkən məqam həm də o idi ki, Məşvərət görüşünə ilk dəfə regiondan kənarda yerləşən ölkə kimi Azərbaycan dəvət olundu. Təbii ki, bu, bir yandan ölkəmizin həm regionda, həm də beynəlxalq aləmdə genişlənən imkanları, sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələri ilə bağlıdırsa, digər tərəfdən bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsi nüfuzundan, qlobal təşəbbüslərinin səmərəliliyi və fikirlərinin əhəmiyyətindən irəli gəlir”.

Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı bir sıra məqamları qeyd etdi. Görürük ki, Mərkəzi Asiya ölkələri ilə ticarət sahəsində əlaqələrdə xeyli yüksəliş var. Ötən il ticarət dövriyyəsində müşahidə olunan 3 dəfədən çox artım kifayət qədər yüksək göstəricidir. Bildiyimiz kimi, Azərbaycan əlverişli coğrafi mövqeyə sahibdir, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin üzərində yerləşir, logistik imkanları genişdir, həmçinin tranzit yük daşımalarının səmərəli təşkilinə və etibarlı təminatına tam zəmanət verir. Prezidentimiz Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunun onlar üçün açıq olduğunu bəyan etdi. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona, Bakı Ticarət Limanının imkanlarının 25 milyon tona qədər artırılması hədəflənir. Bütün bunlar, sözsüz ki, orta asiyalı qardaşlarımız üçün böyük imkanlar deməkdir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı mühüm əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının dünyadakı böyük nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin əyani nümunəsidir. Ümumiyyətlə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcəkdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri