18 sentyabr 2023 11:25
565

Regional əməkdaşlığın yeni formatı - ŞƏRH

Prezident İlham Əliyev cari ilin 14 sentyabr  tarixində  Düşənbədə  Mərkəzi Asiya Dövlət  Başçılarının 5- ci Məşvərət görüşü çərçivəsində Tacikstana  səfər etmişdir. Bu səfər Prezident  İlham Əliyevin carı ildə dost Tacikstana  ikinci rəsmi səfəridir.

Azərbaycanı  Mərkəzi Asiya ölkələrinin  xalqları ilə  çoxəsirlik  dostluq və qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası  əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıq bir dövrdə  biz müstəqil dövlətlər kimi  həm ikitərəfli, həm çoxtərəfli  formatda fəal şəkildə  qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini  və ərazi bütövlüyünü  dəstəkləyirik,  iqtisadi münasibətləri  fəal şəkildə inkişaf etdiririk. Regional əməkdaşlığın yeni formatı  ölkələrimizin və xalqlarımızın  daha  da yaxınlaşmasına  zəmin yaradacaq. Son iki il ərzində Prezident  İlham Əliyev  Mərkəzi Asiya dövlətlərinə  doqquz səfər etmişdir. Eyni zamanda,  bu müddət ərzində  bütün qardaş dövlətlərin başçıları Azərbaycana  səfər  etmişlər. Keçən il Azərbaycanın Mərkəzi Asiya  ölkələri ilə  ticarət dövriyyəsi 3 dəfədən çox,  bu ilin 7 ayı ərzində isə daha  50 faiz artmışdır. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün  Türkiyə və Avropa bazarları istiqamətində  etibarlı tranzit  ölkədir. Şərq-Qərb marşurutu  ilə yükdaşımalara  artan təlabatı təmin etmək  məqsədilə  Bakı-Tblisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Nəzərdə  tutulur ki, gələn il  həmin yol ilə  daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona çatdırılsın. Buna  paralel olaraq,  Bakı Ticarət  Limanının  imkanları  15 milyon tondan 25 milyon tona qədər artırılır.

Vətən müharibəsindən sonra  Azərbaycanın nəqliyyat-logistika  imkanlarının genişlənməsi,  Zəngəzur  dəhlizinin reallaşdırılması  məsələsi ölkəmizi Şərqlə Qərb arasında  mühüm nəqliyyat  qovşağına çevirib. Təsadüfü deyil ki,  bu gün Mərkəzi Asiya ölkələrindən  Avropaya gedən  ən qısa  və təhlükəsiz  tranzit daşımalar  məhz ölkəmizin ərazisindən həyata keçirilir. Prezident İlham Əliyevin uzaqgörən  siyasətinin nəticəsi olaraq Azərbaycanda  müasir nəqliyyat-logistika  infrastrukturu  yaradılıb  və ölkəmiz beynəlxalq  nəqliyyat  şəbəkələrinə inteqrasiya olunub. Şərq-Qərb dəhlizi  Avropa ilə Asiya arasında  ən qısa,  təhlükəsiz və iqtisadi baxımdan  səmərəli bağlantı olaraq  Avrasiya  məkanında  sərnişin və nəqliyyat  daşımalarının gücləndirilməsinə  böyük  töhvə  verəcək.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri  o cümlədən Tacikstanla  münasibətləri  xüsusi əhəmiyyətə  malikdir. İki ölkə arasında diplomatik əlaqələr  1992- ci il mayın 29- da qurulmuşdur. 2007- ci ildə Azərbaycanın Tacikstanda, bir il sonra isə Tacikstanın Azərbaycanda  səfirliyi fəaliyyətə başlamışdır. İki ölkə arasında  ümumilikdə  57 sənəd,  o cümlədən 2007- ci il martın 15-də  “Azərbaycan Respublikası  və Tacikstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında  Müqavilə”  imzalanmışdır.

İki ölkə arasında  parlamentlər arası əlaqələr  üzrə işçi qrupu fəaliyyət göstərir, o cümlədən elm və təhsil sahəsində  də  münasibətlər də  mühüm yer tutur. 2014-cü ildə  Azərbaycan  Respublikasının Prezidenti  İlham Əliyevə  Tacikstan Milli Universitetinin  fəxri doktoru diplomu təqdim olunub. 2018- ci ilin avqustunda  isə  Azərbaycanda  səfərdə olan Tacikstan Respublikasının Prezidenti  Emoməli  Rəhmona  ADA Universitetinin  fəxri doktoru diplomu təqdim edilib.

2022-ci ildə  ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi  5,95  milyon ABŞ dolları olub. 2023- cü ilin yanvar-fevral ayları  üzrə ticarət dövriyyəsi isə  824,59 min ABŞ dolları təşkil edib. Tacikstandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikstana isə 1,5 milyon  dollar həcmində investisiya qoyulub.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident  İlham  Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində  Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Tacikstanla münasibətlər istər siyasi baxımdan, istərsə də iqtisadi baxımdan yüksələn xətlə inkişaf edir.

Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi