17 sentyabr 2023 13:35
367

ABŞ üçün ədalət deyil, öz maraqlarının təmin olunması əsasdır - ŞƏRH

Azərbaycanın öz torpaqlarını yalnız öz gücünə işğaldan azad etməsi və bu gücə malik olması təəssüflər olsun ki, ABŞ, Fransa və digər bu kimi ölkələrinin maraq və məqsədlərinə uyğun gəlmir və bu gün də Ermənistanla Azərbaycan arasında problemin həllinə səy göstərmək əvəzinə mövcud vəziyyəti daha da qəlizləşdirməyə çalışır. 

ABŞ Azərbaycanın ərazi bütövlüyünə ancaq sözdə dəstək ifadə etməklə kifayətlənib. Əməldə isə Ermənistana və Qarabağdakı separatçı rejimə dəstək verilib, işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atılıb. ABŞ-ın ikili standartlara əsaslanan riyakar siyasəti bu gün də davam edir. Bir sözlə, bu ölkə üçün haqq-ədalətin deyil, öz maraqlarının təmin olunması önəmlidir.  Bu gün ABŞ Dövlət Departamenti Qarabağdakı erməni separatçılara təzyiq göstərməkdənsə, beynəlxalq yüklərin Ağdam-Xankəndi yolundan daşınmasından deyil, yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. ABŞ Dövlət Departamentinin regiona göndərdiyi təmsilçilər isə bölgədəki problemlərin həlli ilə məşğul olmaq niyyətində deyillər.
2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə və bu günə qədər davam edən hadisələr bir daha göstərir ki, ABŞ Ermənistana havadarlıq edən digər dövlətlər kimi ona köməklik etməklə Ermənistanı uçuruma aparır.

Bu günlərdə ABŞ Senatında anti-Azərbaycan dinləməsi keçirilib. Dinləmə  “Soros” Fondu  və  Amerika Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə təşkil edilmişdir. Bu tamaşada baş rollarda rüşvətxor senator, arvadı erməni olan Robet Menendez və  ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ifa etmişlər. Dinləmə erməni ruhlu, anti-Azərbaycan məzmunlu çıxışlarla müşayiət olunmuşdur. Özünü dünyada ədalətin və demokratiyanın beşiyi adlandıran Amerikanın ali qanunverici orqanında hüquqdan və qanundan kənar davranışın səbəbi nədir? Bəs dünyaya özünü ədalət və humanizm carçısı kimi təqdim etməkdən doymayan ABŞ-ın Azərbaycan əleyhinə mövqe sərgiləməsinin mahiyyətində nə dayanır? 

İndi də suveren hüququmuz olan sərhəd-keçid məntəqələri haqqında mənasız tələblər irəli sürən ABŞ senator və konqresmenləri bilməlidir ki, Azərbaycan öz ərazisinə daxil olan yüklərin nədən ibarət olduğunu, kimin gəlib-getdiyini bilmək haqqına sahibdir. Tək bircə bu fakt sübut edir ki, ABŞ-nin ikili standartlarının maskalanmış sifəti aydınlaşmış olsun.  Sözdə separatizmin əleyhinə olan ermənipərəst dairələr Qarabağdakı bir ovuc erməninin “seçki” keçirməsinə münasibətini elə ifadə etdi ki, etməsə daha yaxşı olardı. Candərdi, şifahi şəkildə guya bu seçkini tanımadığını ən kiçik məmurun dili ilə səsləndirib ardınca tələblər irəli sürməyin heç bir əhəmiyyəti yoxdur. 

Söz yoxdur ki, ABŞ-nin saymaqla bitməyən yanlış addımlarını düzgün olaraq ilk növbədə bu ölkədəki güclü erməni lobbiçilərin fəaliyyətinin nəticəsi ilə əlaqələndiririk. Çünki bu faktor istər münaqişədən əvvəl olsun, istərsə də postmünaqişə dövründə Minsk qrupunun hər bir təmsilçi ölkələri münaqişə tərəflərinə münasibətdə ayrı-seçkilik nümayiş etdirərək, bir növ ölkəmizin regionda yaratdığı yeni reallıqları qəbul etməyə mane olur. 

Faktiki olaraq bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan vermir, Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanı açıq ermənipərəst siyasəti sayəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ni də gözləyir.

Yaqut Ağaşahqızı, “İki sahil”