15 sentyabr 2023 22:31
358

Yolun sonu görünür

Urmiya gölü bu sürətlə qurumağa davam edərsə...

“Qadın, yaşam, azadlıq!” hərəkatının ildönümü ərəfəsindəyik. Rejim isə bütün gücü ilə insanlar arasında qorxu və ümidsizliyi yaymağa çalışır. Məsələn, siyasi məhbus Cavad Ruhinin rejim tərəfindən həbsxanada, özü də 2022-ci ilin sentyabr ayında başlayan kütləvi etirazların ildönümü ərəfəsində öldürülməsi insanların canına qorxu və vəsvəsə salmaq cəhdindən başqa bir şey deyil.

Rejim hazırda hər yola əl atır ki, yeni kütləvi aksiyaların, hər hansı bir inqilabi hərəkatın qarşısını alsın. Buna görə də qorxu hissini yaymaqla yanaşı, müxtəlif yollarla toplumu inqilabın mümkünsüzlüyünə inandırmağa çalışır. Halbuki, rejim üçün reform şansı çoxdan bitib. Böhranla dolu mövcud şəraitdə isə sistemin uzun müddət davam gətirə biləcəyi reallıqdan tamamilə uzaqdır.

İran İslam Respublikası 40 ildən artıq zor gücünə mövcudluğunu saxlamağı bacarsa da, xatırlatmaq lazımdır ki, daha güclü və bəlli bir disiplinə malik olan hökumətlər inqilab nəticəsində tarixə qovuşub. Bu gün İran üçün inqilab qaçılmazdır. Yolun çətinliyinə və yoruculuğuna baxmayaraq, buna inananlar bu yolda sarsılmadan və ümidsizliyə qapılmadan addımlayacaqlar. Onlar müəyyən çətinlikləri yaşamış, azadlığı hiss etmiş və aydın bir gələcəyin hansı yolla əldə ediləcəyini dərk etmiş nəsildirlər. Bütün bu eniş və qalxışlara baxmayaraq yolun sonu görünür. Bu sonun adı isə məlumdur - İnqilab!

Məhsa Əmininin öldürülməsi ilə İran daxilində başlanan etirazların yeni dinamikası formalaşıb və nəticədə müxtəlif etnik qrupların, xüsusən də güney azərbaycanlıların insan hüquqlarının pisləşməsi diqqət çəkir.

İranda güney azərbaycanlılara qarşı baş verən ayrı-seçkilik beynəlxalq səviyyədə kifayət qədər öyrənilmir və müzakirə olunmur. İranda onilliklər ərzində güney azərbaycanlılara qarşı diskriminativ münasibət və onun müxtəlif aspektləri olan farslaşdırma siyasəti, toponimlərin dəyişdirilməsi, ana dilində təhsilin olmaması, iqtisadi ayrı-seçkilik mollakratiyanın yarıtmaz, avtoritar siyasətindən xəbər verir.

“Gender aparteid”i və “mizoginist siyasəti” ilə tanınan İranda etnik qrupların hüquqlarının gender aspektləri biabırçı durumdadır. Bu kontekstdə İrandakı azərbaycanlı qadınlar təkcə cinsinə görə deyil, həm də etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliklə üzləşirlər.

Bir vaxtlar ən böyük duzlu göllərdən biri sayılan Urmiya gölünün tədricən quruyub yoxa çıxması bu ekoloji fəlakətin əhəmiyyətini, mümkün bərbad siyasi, iqtisadi və demoqrafik nəticələri ortaya çıxarır. Azərbaycanlıların məskunlaşdığı əyalətdə yerləşən göldə suyun səviyyəsi indiki sürətlə azalmağa davam edərsə, bu, tarixdə ikinci ən böyük əhali köçünə səbəb ola bilər.

Güney Azərbaycan məsələsinin geosiyasi çəkisi Yaxın Şərq və Qafqaz kontekstində mühüm əhəmiyyət daşıyır. Bu mövzu rəsmi Tehranın bölgədəki xarici siyasətini formalaşdıran amillərdən olub, onun şimal qonşusu Azərbaycana qarşı iddialı və bəzən qeyri-dost münasibəti, eləcə də ölkəmizə qarşı Ermənistanla tərəfdaşlıq kimi geosiyasi ititfaqların yaradılmasına təsir edir.

Ermənistan-Azərbaycan gərginliyi, xüsusən İranın hadisələrə müdaxilə etmə təhdidləri ərəb mediasının da xüsusi diqqətindədir. Londonda nəşr olunan “Alaraby” xəbər verir ki, İran son iki ildə Qafqaz regionunda baş verən hadisələri, İsrailin dəstəyi ilə Ermənistanla sərhədləri bağlamaq və sərhəd zolağına nəzarət etməklə Qafqazda geosiyasi dəyişikliklərə nail olmaq üçün Azərbaycan-Türkiyə planının göstəriciləri kimi qiymətləndirir.

Körfəzin müəyyən KİV-ləri İranın fərqli strukturları tərəfindən qonşu ölkələri, o cümlədən Azərbaycanı təhdid, şantaj etmək məqsədilə dezinformasiya sızdırmaq üçün istifadə olunur. İran xalqının inqilab qiyamından bir il keçməsindən sonra mollakratiyanın hakimiyyət orqanları cəmiyyətə qorxu aşılamaq üçün ölüm hökmündən misli görünməmiş şəkildə istifadə edir. Son bir il ərzində İranda ən azı 697 nəfər dar ağacından asılıb. Bu isə ötən dövrlə müqayisədə 36% artım deməkdir.

Tehran hökuməti Ermənistan vasitəsilə Suriya və Livan Hizbullahına hərbi texnika göndərir. Bu barədə İsrailin “Alma” Araşdırmalar Mərkəzi son hesabatında qeyd edib. Bildirilir ki, İran İsrailin müttəfiqi olan Azərbaycana qarşı təxribat törətmək üçün Ermənistandan istifadə etməklə yanaşı, həm də bu ölkədən Suriya və Livana hərbi texnikanın çatdırılmasını asanlaşdırmaq məqsədilə mühüm tranzit məntəqə kimi bəhrələnir.

Hesabata görə, Tehran rejiminin Suriyadakı keçmiş səfiri, mart ayında vəzifəsindən istefa verən Mehdi Sübhaninin İranın Ermənistandakı yeni səfiri təyin olunması təsadüfi deyil. “Sübhani Xarici İşlər Nazirliyi tərəfindən təyin olunan diplomat deyil, o, İranın Hizbullah və Suriya Prezidenti Bəşər Əsəd rejimi ilə fəaliyyətinin koordinasiyasına cavabdeh olan SEPAH-ın yüksək rütbəli zabitidir”, - hesabatda qeyd edilib.

Tədqiqat mərkəzi, həmçinin bildirib ki, Sübhaninin İranın İrəvandakı səfiri vəzifəsinə təyin edilməsi SEPAH-ın Ermənistana yüksək hörmətini göstərir.

Cavid Əkbərov, “İki sahil”