15 sentyabr 2023 14:07
240

Azərbaycan-Türkiyə qardaşlığının parlaq nümunəsi

“105 il Bakının erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsi milli tariximizin şanlı səhifələrindən biridir. Bu tarixi hadisə həm də Azərbaycan-Türkiyə qardaşlığının parlaq nümunəsidir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki,   15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusu və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu birlikdə Bakını işğaldan azad edib. Xalqımız öz şanlı tarixinin bu qürur dolu və parlaq səhifələrini hər il böyük qürur hissi ilə qeyd edir. Məlumdur ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin  öz müstəqilliyini elan etməsindən sonra Azərbaycanla Osmanlı Türkiyəsi arasında Batumda 4 iyun 1918-ci il tarixində strateji əhəmiyyət kəsb edən mühüm bir müqavilə imzalandı. Bundan sonra Nuru Paşanın rəhbərliyi ilə V Qafqaz diviziyası Gəncəyə gələrək Azərbaycan ordusunun quruculuğunda iştirak etməyə başladı. V Qafqaz diviziyası ilə o vaxt Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edən Müsəlman Korpusu Qafqaz İslam Ordusu adı altında birləşdi və bu silahlı birləşmələr Azərbaycanın istiqlaliyyətinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərməyə başladı. Bakının azad edilməsi bu kontekstə çox önəmlidir. Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə tarixi zəfərindən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Bakının işğalçı qüvvələrdən azad edilməsi Azərbaycan tarixinin, Azərbaycan-Türkiyə qardaşlığının ən mühüm, şərəfli və şanlı səhifələrindən biridir.

Millət vəkilinin sözlərinə görə, həmin tarixi şəraitdə qədim şəhərimiz olan İrəvanın ermənilərə verilməsi təəssüf doğurur. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları  və Batum müqavilələrinin  şərtlərinə əsasən vermişdi.  Əlbəttə ki, bu tarixi səhv idi. Ermənistan bu qədim şəhərimizdən milli irsimizi, tariximizi tamamilə silməyə çalışıb. Milli, tarixi-mədəni, dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Amma tarixi faktlar və sənədlər İrəvanın azərbaycanlılara məxsus şəhər olduğunu təsdiqləyir və bunu təkzib etmək mümkün deyil. Məsələn Rus hərb rəssamı Frans Rubo “1827-ci il oktyabrın 1-də İrəvan qalasının təslim edilməsi” adlı rəsmini çəkib. Rəsmdə məscidin günbəzləri ilə İrəvan qalası aydın şəkildə təsvir olunur. Amma buu gün İrəvanda nə İrəvan qalası, nə İrəvan xanlarının sarayı, nə şərq ornamentli evlər, nə də Azərbaycan məscidləri var. Amma Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, knyaz Q.Qaqarin, rəssamlar Frans Rubo, V.Maşkov, N.Sergeyev, İ.Qruşev öz tablolarında və etnoqrafiyalarında İrəvanda Azərbaycan ruhunu ifadə ediblər. Eləcə də, o vaxtkı çar Rusiyasının xəritələrində İrəvanın məhəllələrinin adı azərbaycanlılara aid idi. Bu gün bütün bunlar erməni vandalizminə, qədim sivilizasiyanın şah əsərlərini məhv edənlərə qarşı bir növ ittiham aktına çevrilmiş sənədli sübutlardır. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti daşnakların Azərbaycan və Gürcüstana qarşı elan etdikləri müharibəyə son qoymaq üçün qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə bağışladı. Bunu Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk  başçısı Fətəli xan Xoyskinin xarici işlər naziri Hacınskiyə yazdığı 29 may 1918-ci il tarixli məktubu da sübut edir. Həmin məktubda deyilirdi: “Biz ermənilərlə bütün mübahisələrə son qoymuşuq, onlar ultimatumu qəbul edib müharibəni bitirəcəklər. Biz İrəvanı onlara güzəştə getdik”. 

“Beləliklə, indiki Ermənistan və onun paytaxtı İrəvan dağıdılmış Azərbaycan tarixi,  mədəniyyəti və erməniləşdirimiş toponimlər üzərində qurulub. Amma gec-tez haqq-ədalət öz yerini tutacaq və azərbaycanlılar qədim şəhərimiz olan İrəvana qayıdacaqlar”-deyə Fatma Yıldırım vurğulayıb.