15 sentyabr 2023 23:23
351

Biz hər zaman bir-birimizin yanında olmalıyıq

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir

Günümüzün əsas çağırışlarından biri türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsidir. Hazırda  Azərbaycanın xarici siyasətində türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev  Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqun mövcud olduğunu önə çəkərək bildirir ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq. Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Bunu daha da fəallaşdırmaq vacibdir.

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə türk dünyasının birliyindən, böyük ailə olaraq atdığı birgə addımlardan, göstərilən səylərdən geniş bəhs edərək qarşıda dayanan hədəfləri də açıqladı. «Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir» söyləyən cənab İlham Əliyev bildirdi ki,  Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.” Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur: “Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.»

Dövlət başçısı İlham Əliyev hər zaman türk dünyasına  bu çağırışı edirdi ki, biz birlikdə güclüyük. Türkdilli dövlətlərin birliyi vacibdir. Dünya Azərbaycan-Türkiyə əməkdaşlığının yüksələn xətlə inkişafında bu birliyin nümunəsini görürdu. İki dost, qardaş ölkə biri-biri ilə sıx tellərlə bağlıdır. Tarixə qısa nəzər salsaq görərik ki,  30 il ərzində iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi hər zaman davam etdirilib. Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etmişdir. Azərbaycan dövləti və xalqı  44 günlük İkinci Qarabağ müharibəsində  qardaş Türkiyənin  mənəvi və siyasi dəstəyini yüksək qiymətləndirir.

Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti nəticəsində həqiqətlərimiz əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılır. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə iki ölkənin diaspor təşkilatlarının birgə keçirdikləri aksiyalar ölkəmizdə böyük rəğbətlə qarşılandı. Dünyanın müxtəlif ölkələrində təşkil olunan bu aksiyalarda ermənilərin yalanları həqiqətlərimizlə cavablandırılır, 44  günlük Vətən müharibəsinin başlanmasında Ermənistanın yeni ərazilər uğrunda hazırlandığı müharibə planlarını həyata keçirmək cəhdinin dayandığı bir daha bəyan edildi.

Tarixi Zəfərimizin reallıqları münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsini bir zərurətə çevirdi. Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı kimi dəyərləndirilən  10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bu fikri böyük inamla qeyd etmişdir ki, atılacaq daha  çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək.

İmzalanan sənədlər arasında  "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu xüsusi qeyd etmək istərdik. Bu sənədə əsasən iki ölkə arasında Ortaq Media Platforması yaradıldı. Bununla iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da gücləndirilir və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçirilir. 15 iyun 2021-ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında” Bəyannamə imzalamışlar. “Şuşa Bəyannaməsi”ndə Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduqları təsbit edilir.

Bu məqamı da xüsusi qeyd etməliyik ki,  2018-ci ildə Bakı şəhərinin   azad olunmasının  100 illiyinə həsr olunan hərbi parad Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu.  Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirmişdi ki,  Azərbaycanın sevinci, bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik.  Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların Türkiyədən  sərhədləri açmağı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi  aydındır: «Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.»

44 günlük İkinci Qarabağ müharibəsinin hər anını Azərbaycan xalqı ilə birgə yaşayan Türkiyə xalqı tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilməsində də eyni dəstəyi göstərirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa ilk səfər edən dövlət başçısıdır. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının dünyaya açılmasında iki qardaş ölkənin prezidentləri birgə iştirak etdi.

26 oktyabr 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu. Həm geosiyasi, həm də iqtisadi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Naxçıvan üzərindən Azərbaycanla Türkiyəni dəmiryol və avtomobil yolları ilə bir-birinə bağlayacaq. Bu yolla Türkiyə ilə türk dünyasının süni şəkildə qırılmış tarixi bağları bərpa olunacaq. Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha da  inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir.

Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin mövcud səviyyəsi təkcə bu iki qardaş dövlətin mənafeyinə xidmət etmir, həm də regional və beynəlxalq sülhə və rifaha ciddi töhfə verir.

Statistik rəqəmlərə nəzər salaq. Ötən  30 ildə ölkələrimiz arasında xarici siyasətlə bağlı 400-ə yaxın sənəd- saziş, müqavilə, memorandum,  bəyannamə  imzalanıb. Bu ilin mart ayında isə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü qardaş Türkiyədə keçirildi. Məlum olduğu kimi, tədbirin Qarabağın tacı Şuşada keçirilməsi planlaşdırılmışdı. Lakin dövlət başçısı İlham Əliyev dost,qardaş ölkədə bu ilin fevralında baş verən dəhşətli zəlzələdən sonra Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünü irəli sürdü. Təbii ki, bu mühüm addım türk dünyasının birliyinə xidmət edən addım kimi dəyərləndirildi. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ümumi rəyi əsasında Zirvə görüşünün məhz qardaş Türkiyədə keçirilməsi barədə qərar qəbul edildi. Azərbaycan və Türkiyə hər zaman bu birliyin möhkəmlənməsində maraqlı olub və bu istəklərini verdikləri töhfələri ilə təsdiqləyirlər. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə ötən il Türk Dünyası Ali Ordeninə layiq görülməsi bunun bariz nümunəsidir. Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə diqqəti bu mühüm məqama yönəldərək bildirmişdir ki, 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir: “Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.”

Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü qardaşlıq, həmrəylik nümunəsi kimi tarixə yazıldı. Faydalı, beynəlxalq və regional əhəmiyyətli təşəbbüsləri, çağırışları ilə fərqlənən, Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürən Prezident İlham Əliyevin təşəbbüsü ilə tədbirin  Türkiyədə keçirilməsi qardaş ölkəyə siyasi, mənəvi dəstək oldu. «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım» mövzusuna həsr edilən, qardaş ölkə ilə birlik nümunəsi olan Zirvə görüşü Türk Dşvlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına yönələn həmrəylik platforması kimi dəyərləndirildi. Zirvə görüşündə Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törədilən dağıntılardan, erməni vəhşiliyindən, vandallığından bəhs edən dövlət başçımız işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakını da qardaşlıq köməyi kimi qiymətləndirdi. Eyni zamanda, işğal dövründə erməni faşistlərinin, terrorçularının törətdikləri cinayətləri diqqətə çatdırdı. Bu gün də davam edən «mina terroru» nəticəsində həlak olan 300-ə yaxın azərbaycanlının faciəsini milli kədərimiz adlandırdı. Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı kobudcasına pozmasını, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə əməl etməməsini türk birliyinə qısqanclıq kimi dəyərləndirdi.

Sentyabın 7-də Prezidenti İlham Əliyev  Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçılarını qəbul etdi. Görüşdə iki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşünin keçiriləcəyini xatırladan cənab İlham Əliyev bildirdi ki, indi Zirvə görüşünə böyük hazırlıq işləri gedir. Bu mühüm məqam xüsusi vurğulandı ki,  son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib. Türk dünyasını birləşdirən ölkələrdə apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir: «Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur. Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda, biz bunu əməli işlərdə də göstərmişik.»

«Türk dünyasına baxış: 2040» sənədinə uyğun olaraq Türk Dövlətləri Təşkilatı regionda və dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyi ilə bağlı vəzifələr müəyyənləşdirilib.

Ötən ay Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizdə rəsmi səfərdə oldu.  Özbəkistan hər zaman keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Artıq bu istək reallığa çevrilib.

Son üç ilin qürurverici hadisələrindən biri  budur ki, işğaldan azad edilmiş ərazilərimiz mütəmadi olaraq qonaqlarını qarşılayır. Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərindən bəhs edərkən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etmişdi. Özbəkistan Prezidenti Azərbaycana səfəri çərçivəsində Füzulidə və Şuşada oldu. Görülən işlərlə yaxından tanış olan Şavkat Mirziyoyev  onun  təşəbbüsü ilə Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak etdi. Eyni zamanda, Qazaxıstan tərəfindən Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa ediləcək.

Yeni dərs ilində Füzulidə ilk tədris ilinin zəngi  məhz  Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə çalındı.  Füzulidə tədris ilinin Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın açılışını etdikləri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə başlanması Türk dünyasının qardaşlığını göstərməklə, rəmzi məna daşıyır.

Artıq  işğaldan azad edilən digər rayonlarımız kimi, Qarabağın dilbər guşələrindən olan Füzuli torpaqlarında da həyat canlamağa başlayıb və bu günlər Füzuli sakinlərinin gələcək firavan dövrünün başlanğıcıdır. Onu da qeyd edək ki,  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir.

Göründüyü kimi, türk dünyasının birliyinə yönələn addımlar özünün uğurlu nəticələrini verir. Bu birlik, həmrəylik, səylərin birləşdirilməsi nəticəsində hər bir hədəfə yüksək səviyyədə nail olmaqla uğurlarımızı dünyaya çatdıracağıq. Türk dünyası böyük ailə olduğunu sübut edir.

Yeganə Əliyeva, «İki sahil»