16 sentyabr 2023 00:46
393

Ermənistan əzəli ağası ilə bütün körpüləri yandırmaq yolunu seçib

Günün nəbzi

Tanınmış hərbi və siyasi analitik Yevgeni Mixaylovun etiraf etdiyi kimi, erməni toplumunun yüz ildən artıq müddətdə onların təhlükəsizliyinin qarantı olan Rusiyaya arxa çevirməsini başqa cür dəyərləndirmək mümkün deyil

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın və yüksək çinli digər yanların bir-birinin ardınca səsləndirdikləri anti-Rusiya ruhlu bəyanatlar və açıqlamalar  rəsmi Moskvanı əməlli-başlı cin atına mindirib. Bu məqamda ortaya haqlı sual çıxır: təkcə bəyanatlar və açıqlamalarmı? Təbii ki, yox. Bu bəyanatların və açıqlamaların hər birinin arxasında Rusiyanın siyasi, diplomatik və hərbi rəhbərliyini nəinki qıcıqlandıran, hətta hiddətləndirən davranışlar özünü açıq-aşkar büruzə verməkdədir.

Gəlin, deyilənlərlə bağlı son dövrün statistikasına qısa nəzər salaq. Əvvəlcə Paşinyan və ətrafı İkinci Qarabağ müharibəsi zamanı Hayastana hərbi yardım göstərməməsini bəhanə edərək üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçirilməsi nəzərdə tutulan hərbi təlimlərinə ev sahibliyi etməkdən boyun qaçırdı. Bununla ürəyi soyumayan rəsmi İrəvan özünün Rusiyanın dominantlıq etdiyi bu hərbi-siyasi ittifaqdakı nümayəndəsini də geri çağırdı və ümumiyyətlə, KTMT-nin təlimlərində iştirakdan imtina etdi. Daha sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti separatçıların təhlükəsizliyini lazımi səviyyədə qorumamaqda, xüsusilə “Laçın yolunun açılmasında Azərbaycana təzyiq göstərməməkdə” suçlandı. Son günlərdə isə rəsmi İrəvan daha da  irəli gedərək özünün əzəli ağası ilə bütün körpüləri yandırmaq yolunu seçib. Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblika” qəzetinə müsahibəsində səsləndirdiyi siyasi partlayış effektli fikirlər və bundan sonra cərəyan edən hadisələr belə qənaətə gəlməyə tam əsas verir.  Bəs Nikol Paşinyan sözügedən müsahibəsində nə deyib? Gəlin birlikdə diqqət yetirək: ”Müşahidələrimiz onu deməyə əsas verir ki, bir gün, bir ay və ya bir il sonra Rusiyanın Cənubi Qafqazı sadəcə olaraq tərk etdiyini görəcəyik... Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgədən gedir. Hansı səbəblərdən? Biz bilmirik. Mən bunun səbəblərini təxmin edə bilərdim, amma indi etməyəcəyəm. Bəzi proseslər bizi elə bir fikrə gətirib çıxarır ki, bir gün sadəcə ayılıb Rusiyanın burada olmadığını görəcəyik...” Oxu atıb yayı gizlətməyə çalışan Paşinyan müsahibəsində bilərəkdən, ya bilməyərəkdən söylədiyi sonrakı mülahizələrlə “Hansı səbəblərdən” sualına bir növ öz  məntiqi ilə aydınlıq gətirir: “Ermənistanın təhlükəsizlik arxitekturası 99,99 faiz Rusiya ilə bağlı olub, həmçinin silah və sursat alınması da buraya daxildir. Amma bu gün vəziyyət elədir ki, Rusiyanın özünün silaha, sursata ehtyacı var. Aydındır ki, Rusiya Federasiyası istəsə də Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməz. Yəni bu, göstərir ki, təhlükəsizlik sferasında yalnız bir yerdən asılı olmaq və ya ona bağlanmaq özü-özlüyündə strateji səhvdir”. Bax, burada, necə deyərlər, xoruzun quyruğu görünür. Diplomatik dildən adi danışıq dilinə tərcümə etsək bu fikir məşhur meyxanada deyildiyi kimi,  belə başa düşülə bilər: “Tı kto takoy, davay dosvidaniya...” Hətta onu belə də anlamaq mümkündür: “Bugünkü Rusiya artıq batmaqda olan gəmini xatırladır və biz bu gəmidə olub onunla birlikdə boğulmaq istəmirik.” Yəni, xəyanətkarlıqda, “yediyi qaba tüpürməkdə” tayı-bərabəri olmayan erməni xislətinə malik Paşinyan bununla həm də onu demək istəyir ki, nə qədər ki, Rusiya Ermənistanın təhlükəsizlik arxitekturasını 99,99 faiz təmin edirdi Cənubi Qafqazda qala bilərdi, indi isə “öz başının milçəyini qova bilməyən”, bu səbəbdən də artıq Hayastana lazım olmayan Rusiya bu regionu tərk etməlidir.

Təbii ki, bu tipli bəyanatlar və açıqlamalar, eyni zamanda, Rusiyanın dominantlıq etdiyi KTMT adlı hərbi-siyasi alyansın üzvü olan Ermənistanın özünün 200 illik ağasının razılığını almadan qəflətən NATO-ya üz tutması rəsmi Moskva tərəfindən susqunluqla qarşılana bilməzdi. Söhbət NATO-nun aparıcı qüvvəsinin -Birləşmiş Ştatlar ordusunun de-fakto indiyədək  Rusiyanın forpostu kimi tanınan Hayastana  gətirilməsindən və burada sentyabrın 11-də, yəni beynəlxalq terrorizmlə mübarizə günündə (bu tarixin seçilməsinin adi bir təsadüf olmasına inanmaq çətindir) başlayan ongünlük ABŞ-Ermənistan birgə  hərbi təlimlərindən gedir. Şübhəsiz, bu olaya, eyni zamanda, Rusiya-Ukrayna müharibəsi başlayan gündən indiyədək “əzəli müttəfiqinin” yanında olan baş nazir Nikol Paşinyanın birdən-birə öz siyasi  kursunu 180 dərəcə dəyişib Ukraynaya ilk dəfə  humanitar yardım adı altında nəsə göndərməsinə, hətta həyat yoldaşı Anna Akopyanı  birinci ledilərin sammitində iştirak və çıxış etmək üçün Kiyevə yollamasına, İrəvanda rusiyalı jurnalistləri casus adı ilə həbs etdirməsinə və digər xəyanətkar davranışlarına  qarşı tərəf kəskin reaksiya verməli idi və gözlənildiyi kimi, verdi də.

Rəsmi Moskva Nikol Paşinyanın və ətrafının qeyri-adekvat hesab etdiyi bu kimi davranışlarına  xarici işlər naziri Sergey Lavrovun, Prezidentin mətbuat katibi Dmitri Peskovun və XİN-in sözçüsü Mariya Zaxarovanın dili ilə təmkinli cavab verməyə çalışsa da politoloqların, jurnalistlərin, siyasi şərhçilərin, ictimai-siyasi xadimlərin keçmiş vassallarının davranışlarına münasibətləri son dərəcə təhqiramiz, aşağılayıcı, alçaldıcı, hətta hədə-qorxu dolu fikirlərlə müşayiət olunmaqdadır. Məsələn, tanınmış hərbi və siyasi analitik Yevgeni Mixaylov  ABŞ-Ermənistan birgə hərbi təlimlərini Rusiyaya qarşı açıq çağırış kimi dəyərləndirir: “Hansı ki, Rusiya Federasiyası yüz ildən çoxdur ki, həm erməni xalqının, həm də Ermənistan dövlətçiliyinin təhlükəsizliyinin qarantıdır. Düşünürəm ki, KTMT üzvü olan bir ölkənin amerikalılarla birgə təlimlər keçirərək Rusiyaya bu qədər xəyanətkar zərbə endirməyə haqqı yox idi... Ermənilərin Qarabağdakı Rusiya sülhməramlılarına qarşı təxribatı, Rusiyanın Gümrüdəki hərbi bazası önündə mitinqi, Ermənistan baş nazirinin xanımı Anna Akopyanın Kiyevə səfəri, indi isə biz ABŞ-la təlimləri görürük. Fikrimcə, rəsmi Moskva İrəvanın bu addımlarından lazımi nəticəni çıxarmalıdır.”

Son günlər demək olar ki, Rusiyanın bütün ictimai-siyasi, hərbi, diplomatik  dairələri, mediası səhərdən-axşamadək ermənilərin xəyanətindən, xilaskarlarının kürəyinə xaincəsinə xəncər saplamasından və digər antibəşəri xislətlərindən bəhs edir. Hətta ən təmkinli siyasətçilər belə bu zaman əsəblərini cilovlaya bilmir, bu xain toplumun əməllərindən söz açırlar.

Bu məqamda bir daha Rusiyanın görkəmli ictimai-siyasi, hərbi xadimlərinin, şair və yazıçılarının, diplomatlarının xəyanətdə, satqınlıqda, “yediyi qaba tüpürməkdə” bənzəri olmayan erməni toplumu haqqında zaman-zaman söylədikləri müdrik kəlamları xatırlamamaq olmur. “Sən qulsan, sən oğrusan, sən qorxaqsan, sən ermənisən.” Bu sözlərin müəllifi bütün dünyada sevilən dahi rus şairi Aleksandr Puşkindir. “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır.” Bu sitat isə İrandan ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə rəhbərlik etmiş tanınmış diplomat və yazıçı  Aleksandr Qriboyedovun Rusiya imperatoruna məktubundan götürülüb. “11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. Mənim yavərim iki yüz belə xəndək saymış və cinayətlərin üstünü açmışdı.” İnsanın damarlarında qanı donduran bu tükürpədici cümlələr Rusiya ordusunun generalı L.Odişelidzenin hərbi  komandanlığa 1915-ci il tarixli raportundandır. “Ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər.”  Bu sözləri ötən əsrin əvvəllərində görkəmli rus səyyahı və tədqiqatçısı V. Veliçko söyləyib. “Ermənilərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə!” Əslində bütövlükdə dünya ictimaiyyətinə ünvanlanmşş bu düşündürücü suallar  isə rus diplomatı Mayevskiyə məxsusdur. Yenə sadalayaqmı? Zənnimizcə, kifayətdir.

Əhməd Qurbanoğlu, “İki sahil”