15 sentyabr 2023 00:47
279

Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir

Dövlət başçısı İlham Əliyev Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə belə bir əminliyi ifadə etdi ki, ilin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək

Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarında davamlılıq diqqətdən kənarda qalmır. Dövlətimizin  xarici siyasətində türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq  xüsusi yer tutur. Qarşılıqlı səfərlər, ölkə Prezidenti İlham Əliyevin tədbirlərə fəxri qonaq qismində dəvət edilməsi və çıxışı, birlik, həmrəylik çağırışları və sair əlaqələrin yüksələn və yeni prioritetlər üzrə inkişafında öz sözünü deyir.  Dövlət başçısı İlham Əliyevin  son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən  ötən il Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun  göstəricisidir. Sentyabrın 14-də isə  Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün Tacikistana səfər etdi. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, cənab İlham Əliyevin  şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşü, eyni zamanda, Məşvərət görüşündə çıxışı oldu. Ölkə Prezidenti  həmin çıxışında günümüzün əsas çağırışı olan məsələlər ətrafında fikirlərini çatdırdı.

Real olan budur ki, Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir. Həm Avropa, həm qonşu dövlətlərlə, həm  də Mərkəzi Asiya ölkələri ilə  əlaqələri yeni prioritetlər üzrə inkişaf edir. Sivilizasiyalar arasında körpü olan Azərbaycana artan maraq,  dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, beynəlxalq qurumların tədbirlərinin ölkəmizdə keçirilməsi  respublikamızın daxili sabitliyi, xarici siyasəti sayəsində qazanılan uğurlardandır.

Türk dünyasının birliyi istiqamətində ölkəmizin atdığı addımlar göz önündədir.  Bu ilin maptında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən mövqeyinə, türk dünyasının birliyinə töhfələrinə işıq saldı. Bu Zirvə görüşünün Türkiyədə keçirilməsinin təşəbbüskarı dövlət başçısı İlham Əliyev oldu.  Tədbirin Qarabağın tacı Şuşada keçirilməsi nəzərdə tutulsa da cənab İlham Əliyev Türkiyədə baş verən zəlzələni nəzərə alaraq qardaş ölkəyə dəstək məqsədilə orada keçirilməsi təşəbbüsünü irəli sürdü və bununla bağlı qərar qəbul olundu. Bu günlərdə dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçılarını qəbul etdi. «Biz hər zaman bir-birimizin yanında olmalıyıq» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir. Bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur.  Türk dünyası böyük bir ailədir. Son illərdə bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilib. Bundan sonra da  təsir imkanlarımızın daha da genişlənməsinə çalışacağıq: «Təsadüfi deyil ki, son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilmişdir. Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir və bu il də bu səfərlər nəzərdə tutulur. Yəni, bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq.»

Mərkəzi Asiya dövlətləri ilə münasibətlərdə Azərbaycan-Tacikistan əlaqələri  önəmli yer tutur. Azərbaycanın dövlət başçısının bu ilin aprel ayında  bu ölkəyə dövlət səfəri, səfər çərçivəsində Tacikistan Prezidenti ilə təkbətək, eyni zamanda, geniş tərkibdə görüşü, 15-ə yaxın sənədin imzalanması, Prezident İlham Əliyevin və Emoməli Rəhmonun mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəninə baxış əsasında perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.  

Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlığı, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir.  Azərbaycan hər zaman səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması üçün yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsləri ilə çıxış edir.

Azərbaycanla Tacikistan arasında  diplomatik münasibətlər 1992-ci ildə  qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfər  ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. Dövlət başçısı İlham Əliyev Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündəki çıxışında ikitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artımı olduğunu söyləyərək  həmin iki istiqamət üzrə göstəricilərin davamlı artdığını bildirdi. Qeyd etdi ki, keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb. Növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir.  Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir.  Mərkəzi Asiyadan olan şirkətlərin  Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağı artır.  Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan  tərəfindən  müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

Bu mühüm məqam da  qeyd edildi ki, Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq,  gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparılır.  Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılması, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsi və ahəngdarlığını təmin etmək vacib amillər kimi önə çəkilir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqlarının tarixi, mədəni və dini bağlılıqları iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci ildə  “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. İki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.

Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi: «Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.» Cənab İlham Əliyev hər iki ölkənin çətinlikləri dövrünə diqqəti yönəldərək bugünkü inkişaf yolunun təhlili əsasında belə bir qənaəti   açıqlayır ki,  xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş Sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir: «Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.»

Qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin dinamikasını nümayiş etdirir. Eyni zamanda, imzalanan sənədlərin hər biri əlaqələrin inkişafında yeni mərhələdir. Azərbaycan xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına xüsusi önəm verməklə yanaşı, bunu əməli fəaliyyətində təsdiqləyir. Dünənə baxış əsasında müəyyənləşdirilən prioritetlər uğurlu gələcək üçün əsasdır.

Mərkəzi Asiya dövlətlərinin  Azərbaycanla əlaqələri yüksələn xətlə inkiaf edir.  Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan sentyabrın 9-da  Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan etdilər.  Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu günlərdə Özbəkistan Prezidentinin Füzuliyə səfəri zamanı  açılışı olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi  xüsusi qeyd etməliyik. Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini belə ifadə etmişdir: “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. …Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar”. Eyni zamanda, Qazaxıstan tərəfindən Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa ediləcək.

Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə cənab İlham Əliyev  bu məqamı xüsusi vurğuladı ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki,  müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev son iki ildə  Mərkəzi Asiya dövlətlərinə doqquz səfər edib.  Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikasının davam etdiriləcəyinə əminlik ifadə edilir.

Qeyd olunanlar əsasında belə bir ümumiləşdirməni apara bilərik ki,  hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasıdır. Cənab İlham Əliyevin Tacikistana səfəri bir daha ölkəmizin və dövlətimizin başçısının beynəlxalq münasibətlər sistemində nüfuzuna işıq saldı. Azərbaycanın tranzit imkanlarına bir daha diqqət yönəldildi. Ümumilikdə ölkəmiz yerləşdiyi coğrafi məkana görə daim ölkələri, xalqları  birləşdirən, bir araya gətirən körpü rolunu oynayır. Münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsi bu rolun daha da möhkəmlənməsində stimulverici amil rolunu oynayır.  Dövlət başçısı İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın – SPECA-nın yaradılmasının 25 ilinin tamam olduğunu önə çəkərək bildirdi ki, dövlət başçılarını bu ilin noyabrında Bakıda Sammitdə  görməkdən məmnun olaram.

Yeganə Əliyeva, «İki sahil»