15 sentyabr 2023 00:58
349

Qərb dünyası ilə münasibətlər necə strateji müstəviyə keçdi?

“Əsrin müqaviləsi” karbohidrogen ehtiyatlarının miqdarına, qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 29 il ötür. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Dünya birliyinin həsəd apardığı Azərbaycanın dinamik, davamlı inkişafına gedən yolun təməli bu tarixdən başlanır. Həmin vaxt müharibə şəraitində yaşayan, iqtisadiyyatı böhran içərisində olan Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması, ölkəmizə investisiya axınının reallaşması çox çətin idi. İndi haqlı olaraq deyilir ki, “Əsrin müqaviləsi”nin imzalanmasında Ümummilli Lider Heydər Əliyevin xalq, dövlət naminə göstərdiyi qətiyyət dahi rəhbərin misilsiz tarixi xidmətlərinin ən çətini və ən şərəflisidir.

Müasir Azərbaycanın neft sənayesinin inkişafı dahi lider Heydər Əliyevin iqtisadi strategiyasının əsasını təşkil edir. Təsadüfi deyil ki, Ulu Öndərin dilindən səslənmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” tezisinin  illər sonra Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra nə qədər müdrik bir kəlam olduğu daha qabarıq şəkildə özünü göstərdi. 1992-1993-cü illərdə eyforiyaya qapılan iqtisadi siyasət acı nəticələrini verdi. Lakin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin bərqərar olması, atəşkəsin əldə edilməsi ilə sürətlə irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Təxminən 400 səhifə həcmində və dörd dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. “Əsrin müqaviləsi” sayəsində Azərbaycan xarici siyasətdə misilsiz uğurlara nail oldu.

Dünya tarixində böyük rol oynayan “Əsrin müqaviləsi”ni dəyərləndirərkən məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Məsələn, siyasi, geosiyasi və iqtisadi aspektləri xüsusi vurğulamaq olar. Heç kimə sirr deyil ki, 1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi həyatı üçün çox təlatümlü və ziddiyyətli bir dövrdür, ölkəmiz parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək yeganə dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevi təkidli tələblərlə Naxçıvandan Bakıya dəvət edərək demokratik yolla hakimiyyətə gətirdi. Həmin dönəmlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yenicə möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə böyük maraq göstərməsinə baxmayaraq, ölkə qanunvericiliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ulu Öndər şəxsiyyətinə böyük inam və etimad “Əsrin müqaviləsi”nin imzalanmasında həlledici amilə çevrildi.

Balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirildi, eyni zamanda, Azərbaycanın Qərb dünyası ilə münasibətləri strateji müstəviyə keçdi. “Əsrin müqaviləsi”ndən sonra neft strategiyasının prinsipləri əsasında 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə 34 Saziş imzalanıb. Hazırda 14 Hasilatın Pay Bölgüsü Sazişi üzrə dünyanın 14 ölkəsini təmsil edən 24 neft şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu müqavilələrin hər biri Heydər Əliyevin uğurlu neft strategiyasının tərkib hissəsidir. Həyata keçirilən məqsədyönlü siyasət və Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində qısa müddətdə “Çıraq-1” ilk hasilat platforması istismara verilmiş, Bakı-Novorossiysk neft boru kəməri bərpa edilmiş, həmçinin Bakı-Supsa neft kəməri çəkilib başa çatdırılmışdı. “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi nəhəng üzən qazma qurğuları tikilərək istifadəyə verilmişdi. Dənizin dərinsulu hissələrində texnoloji aməliyyatlar aparmağa imkan verən bir sıra nəhəng gəmilər modernləşdirilmişdi.

Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olmaqdadır. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, hasilat 5,6 dəfə artdı. Bu gün Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda bu kəmərlə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı ötürülür. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

2002-ci il sentyabrın 20-də Azərbaycanın neft nəqli sisteminin şah damarı sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası qoyulmuş, 2006-cı ildə isə kəmər istismara verilmişdir. O vaxtdan indiyədək bu unikal kəmər Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və davamlı ixrac olunmasında əvəzedilməz rol oynayır. Prezident İlham Əliyevin dediyi kimi, “İndi bütün dünya üçün aydındır və hamı bunu etiraf edir ki, Bakı-Tbilisi-Ceyhanın əsas memarı Azərbaycandır. Daha doğrusu, Heydər Əliyevdir. Onun neft strategiyasıdır.”

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə (SOCAR) apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri “Şahdəniz” dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. “Şahdəniz” qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşmışdır. Beləliklə, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı neft strategiyası təkcə Azərbaycanı deyil, Gürcüstanı, Xəzəryanı ölkələri də Avropanın maraq dairəsinə daxil etmişdir. Hazırda Azərbaycan dünya bazarında neftin, qazın və neft məhsullarının ixracatçısı kimi tanınmaqla bərabər, qısa müddət ərzində bu sahədə yaratdığı ixrac kəmərləri sistemi sayəsində Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya çatdırılması üçün başlıca tranzit ölkə sayılır. Azərbaycan ən yüksək səviyyələrdə dəfələrlə bəyan etmişdir ki, Mərkəzi Asiya ölkələrində hasil olunan enerji daşıyıcılarının nəqli üçün malik olduğu infrastrukturu təqdim etməyə hazırdır.

Yeni dövr dünyanın supergüclərinin təmsil olunduğu sözügedən transmilli neft müqaviləsinin bağlanması ilə özünün pik səviyyəsinə çatmışdı. Məhz 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında uzunmüddətli atəşkəs razılaşması əldə edildi. Bundan 4 ay sonra isə artıq “Əsrin müqaviləsi” reallaşdı. Böyük siyasi xadim Heydər Əliyev bütün dünyaya Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət yürüdəcəyini elan etdi. 20 sentyabr 1994-cü ildə gerçəkləşmiş “Əsrin müqaviləsi”ndə Azərbaycan Respublikası ilə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkəti “Amoco”, “Bp”, “McDermott”, “UNOCAL”, “Lukoil”, “Statoil”, “Exxon”, “Türkiyə Petrolları”, “Pennzoil”, “ITOCHU”, “Ramco”, “Delta” iştirak etmişdir. Bununla da yeni neft strategiyası və doktrinasının əsası qoyuldu. “Əsrin müqaviləsi”ni imzalayan dövlətlərdən 3-ü - Rusiya, ABŞ və Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Müharibə şəraitində olan bir dövlət üçün bu, çox vacib amil idi. Artıq bu nəhəng müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi təkcə regional deyil, qlobal bir məsələyə çevrildi. Qafqazın lider dövləti olan Azərbaycanın regionda həlledici söz sahibi kimi, ümumqafqazın inkişaf perspektivlərinin məhz ölkəmizdən asılı olması müqavilənin regional və geosiyasi leytmotivinə çevrildi.

Heydər Əliyev epoxası ilə başlayan iqtisadi siyasət yeni dövrün gerçəkliklərini də özündə ehtiva edir, bu strategiyanın mərkəzində məhz neft amili dururdu. Bu müqavilənin baş tutmamasında maraqlı olan qüvvələr həmin ərəfədə Azərbaycanda siyasi qətllər və terrorlar həyata keçirdilər. Lakin Heydər Əliyevi terror aktları ilə Azərbaycanın taleyüklü nəhəng layihəsini həyata keçirməkdən çəkindirə bilmədilər. Bu tarixi müqavilənin ölkəmizin gələcək iqtisadi strategiyasında nə qədər mühüm rol oynayacağını müəyyənləşdirən böyük siyasi xadim Heydər Əliyev bütün təhdidlərə sinə gərərək öz prinsipial mövqeyindən geri çəkilmədi və bu nəhəng layihəni gerçəkləşdirməyə nail oldu.

Heydər Əliyevin “Əsrin müqaviləsi” vasitəsilə əks qütblərdə dayanmış Qərb və Rusiya ilə, eyni zamanda, qardaş Türkiyə ilə münasibətlərdə “qızıl körpü” rolunu oynaması heyranlıqla qarşılanırdı. Təsadüfi deyil ki, Azərbaycanın ən böyük iqtisadi layihəsi olan “Əsrin müqaviləsi” bağlanarkən ilk növbədə milli maraqlarımız ön planda olub. O zamankı Ermənistan-Azərbaycan münaqişəsinin milli maraqlar kontekstində və xüsusilə ərazi bütövlüyümüz çərçivəsində həll edilməsi əsas amil olaraq təməl prinsipə çevrilmişdi. Burada Türkiyə-Azərbaycan münasibətlərinə də xüsusi diqqət yetirmək lazımdır. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstanla birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi oldu. Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə yönəlik jestləri isə milli maraqlar çərçivəsində prinsipial əhəmiyyət daşıyır.

2017-ci il sentyabrın 14-də daha bir tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. “Yeni Əsrin müqaviləsi” adlandırılan bu sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Beləliklə, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Əvvəla, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. İkincisi, bu Sazişin şərtləri Azərbaycan üçün daha əlverişlidir.

Bir neçə məqama diqqət yetirək. Yeni Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. 2050-ci ilədək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

2017-ci il həm də ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il kifayət etdi.

Ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayan SOCAR neft sənayesi üzrə peşəkar kadrların yetişdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Son illər ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə gələcək tərəqqiyə yönəlmiş uğurlu bir siyasət həyata keçirilir. Gənclərin müasir biliklərə yiyələnmələri, yaradıcı fəaliyyətə həvəsləndirilmələri, onların istedad və bacarıqlarını hərtərəfli inkişaf etdirmələri üçün əlverişli imkanlar yaradılır. Prezident İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Bu mənada bütün dövrlərdə Azərbaycan sənayesinin flaqmanı olmuş SOCAR-da həyata keçirilən proqram və layihələr xüsusilə diqqətəlayiqdir.

Cavid Əkbərov, “İki sahil”