15 sentyabr 2023 01:57
502

Zəfərimizin bəhrəsi: Alnıaçıq, üzüağ QAYIDIRIQ

Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri bu məramı ifadə edir

Tarixi Zəfərlə 30 il həsrət qaldığımız torpaqlarımıza qovuşduq. Yüz minlərlə soydaşımız məcburi köçkünlük yükündən azad oldu. Bu gün işğaldan azad olunmuş ərazilərimizə qayıdış bir möcüzədir. Çünki otuz il ərzində biz bu günləri təsəvvür belə edə bilmirdik. Lakin bizim təsəvvür edə bilmədiklərimizi, arzularımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz gerçəkləşdirdi. Bu gün isə o torpağın əbədi və əzəli sakinləri öz yurd yerlərinə sevinc, qürur, fəxarət hissi ilə qayıdırlar.

Dövlət başçısının tapşırığına əsasən artıq 3 ilə yaxındır ki, bu istiqamətdə müxtəlif işlər görülür, Böyük Qayıdış proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir. Artıq 2022-ci ildən başlayaraq Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı və Tərtərin Talış kəndi, habelə Laçın və Füzuli şəhərlərinə vətəndaşlarımızın qayıdışı təmin edilib.

Qarabağ işğaldan azad olunandan sonra çox qısa müddətdə bərpa, yenidənqurma işlərinə sürətlə start verildi. Güclü infrastruktur layihələri həyata keçirildi, ən qısa müddətdə dünya standartlarına uyğun Zəfər yolu çəkildi. Bu mənada, Şuşanın qısa bir zamanda dirçəldiyinin şahidiyik. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə ilk olaraq Zəngilanda “ağıllı kənd” layihəsi həyata keçirildi. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının işə düşməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən  xəbər verir. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır. Mütəxəssislərin hesablamalarına görə, bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər və Laçın bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, yay və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətin bütün imkanları mövcuddur. Bu isə onu deməyə əsas verir ki, keçmiş məcburi köçkünlər tez biz zamanda, nəzərdə tutulduğundan əvvəl öz ata-baba yurdlarına qayıda biləcəklər.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Bu mühüm məsələ ilə bağlı Prezident İlham Əliyevin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub. Dövlət başçısının tapşırığına əsasən, artıq 3 ilə yaxındır ki, bu istiqamətdə müxtəlif işlər görülür, Böyük Qayıdış proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir. Həmçinin bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsi də nəzərdə tutulub. Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıdışını təmin etmək üçün artıq ötən ilin avqust-sentyabr aylarından başlayaraq burada 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.

Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamı və strateji hədəflərə çatmaq üçün mükəmməl yol xəritəsidir. Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın iradəsinin ifadəsi, əməli təzahürü və prosesin reallaşdırılmasının praktiki planıdır.  İşğaldan azad ərazilərimizdə  insanların təhlükəsizliyi və məşğulluğunun təmin olunması üçün bütün infrastruktur layihələri ön plana çəkilib və işlər əsaslandırılmış qrafikə uyğun aparılmaqdadır. Sözsüz ki, bu işlərin həyata keçirilməsi Azərbaycanın iqtisadi qüdrəti, xalqın məhəbbəti, qayğısı sayəsində reallaşır. Azərbaycanın iqtisadi inkişafı da göstərir ki, həmin tədbirlər vaxtında, yüksək keyfiyyətlə həyata keçiriləcək.

Bütövlükdə, bu gün Qarabağda, eləcə də Şərqi Zəngəzurda reallaşdırılan işlər ancaq daxili mənbələr hesabına həyata keçirilir. Azərbaycan xaricdən hər hansı bir borc almadan, heç bir asılılıq olmadan öz daxili imkanları hesabına Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur və müasir, beynəlxalq standartlara uyğun infrastruktur formalaşdırır.

Böyük Qayıdış azərbaycanlıların təkcə Qarabağ və Şərqi Zəngəzur deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqları əhatə edəcək. Bu uğurlar ölkə başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasətin mükəmməlliyini və aparılan islahatların cəmiyyətin bütün üzvlərinin mənafeyini əks etdirdiyini göstərir. Azərbaycan Qarabağı cənnətə çevirməklə, Böyük Qayıdışı yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək. Dövlət başçısının dediyi kimi, “Biz işğaldan azad olan torpaqları cənnət məkana çevirəcəyik!”.

Yaqut Ağaşahqızı, “İki sahil”