14 sentyabr 2023 15:12
493

Autsayderlər daha bir “siyasi imtahan”dan kəsildilər

44 günlük Vətən müharibəsini parlaq Zəfərlə tamamlayan Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda ardıcıl və qətiyyətli addımlarını davam etdirməkdədir. Bu istiqamətdə reallaşdırılan bütün fəaliyyət ölkə başçısının daim diqqətində olan prioritet məsələləri özündə ehtiva edir.

Çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi

Ümumiyyətlə, tarixə qısa nəzər salsaq, görərik ki, ölkəmiz zəngin demokratiya ənənələrinə sahibdir. Təsadüfi deyil ki, şərqdə ilk demokratik cümhuriyyət məhz Azərbaycanda qurulmuşdur. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı respublikamızın demokratiya yolunda qəti addımlar atmasını şərtləndirmiş oldu. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu üçün sağlam təməl formalaşdırdı. Ölkəmiz müasir dövrdə də dövlət başçımızın rəhbərliyi ilə bu istiqamətdə qətiyyətlə addımlayır. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu da ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi və respublikamızın siyasi həyatında əlamətdar hadisədir.

Radikallar “ənənə”lərinə sadiqdirlər

Təsadüfi deyil ki, yeni qanunun qəbulu sağlam düşüncəli siyasi qüvvələr tərəfindən təqdirlə qarşılanır və demokratik inkişaf istiqamətində irəliyə doğru atılmış önəmli addım kimi dəyərləndirilir. Lakin siyasi nüfuzu, sosial bazası olmayan radikal müxalifət isə sadəcə öz bacarıqsızlığına və milli maraqlardan uzaq mövqeyinə haqq qazandırmaq məqsədilə reallıqdan uzaq ittihamlar səsləndirərək absurd iddialar irəli sürüblər.  

Onlar niyə narahatdır?

Yeni Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır.  Qanun əsasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər. Bu məqam radikal müxalif qüvvələri çox ciddi narahat etdi. Beş min imza toplamaq şərti “müxalifət lideri” statusuna iddialı olan partiyanı ciddi şəkildə xoflandırdı. Çünki reallıqlar radikal müxalifətin həqiqi potensialını – mövcud vəziyyətini ifşa edir.

Üzr istəyəcəklərmi?

Bütün mütərəqqi, inkişafyönümlü addımlara, o cümlədən “Siyasi partiyalar haqqında” Qanuna yalnız və yalnız şər, böhtan yağdırmaqla məşğul olan radikal müxalif partiyaların nümayəndələri qeydiyyatdan sonra özlərini heç nə olmamış kimi aparırlar. Cəmiyyəti hər vəchlə yeni qanunun guya onların fəaliyyətinin dayandırılmasına yönəldiyinə inandırmağa çalışan radikalların iddialarının əksinə, Azərbaycan dövləti siyasi partiyaların üzvlərinin reyestrini sağlam və obyektiv yanaşma əsasında təsdiq etməklə siyasi dialoqa sadiqliyini bir daha qətiyyətlə nümayiş etdirdi. Lakin həmin partiyaların qeyri-adekvat yanaşma və saysız-hesabsız böhtanlara görə xalqdan və ali demokratiya nümunəsi göstərən iqtidardan üzr istədiyinə şahid olmadıq.  Başqa sözlə, siyasi autsayderlər daha bir “siyasi imtahan”dan kəsildilər.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri