13 sentyabr 2023 23:35
299

Xunta üçün geri sayım...

Azərbaycan Qarabağdakı erməni əhalisinə reinteqrasiya təklif etdi, amma Xankəndidəki xunta razılaşmadı. Azərbaycan bütün kommunikasiyaların açılmasını təklif etdi, Xankəndiyə əlavə yollar, istənilən yük daşımalarını təklif etdi, amma xunta yenə razılaşmadı. Halbuki “blokada və soyqırımı”ndan dəm vururdular. Bu, necə aclıq, blokadadır ki, nə yolun işləməsinə imkan verirlər, nə Azərbaycanın göndərdiyi yükləri istəyirlər?. Məsələ bununla da bitmir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlar da bir daha təsdiqləyir ki, hazırda bu ərazidə təhlükəli hərəkətlilik var. Belə ki, qanunsuz hərbi birləşmələr tərəfindən minalanma, səngər qazıntıları, mühəndis işləri aparılır.  Məqsəd nədir? Əvvəla onu qeyd edək ki, Azərbaycana qarşı “humanitar böhran” adı altında siyasi oyunlar oynamağa çalışanlar məğlubiyyətə uğradılar. Bütün güc mərkəzləri Azərbaycanın mövqeyini dəstəkləyərək Ağdam-Xankəndi yolunun açılmasının zəruriliyini qəbul edib. Belə olan halda separatçı xuntanın reallığı qəbul etməkdən başqa yolu qalmayıb. Bundan yayınmaq, separatçı fəaliyyəti davam etdirək üçün ancaq Laçın yolunun açılmasını tələb etmələri onların əsl niyyətini ortaya qoyur. Onların məqsədi bəllidir - Fransa və digər havadarlarının köməyi ilə “beynəlxalq mexanizm” adı altında məsələni ölkədaxili gündəmdən çıxarmaq. Azərbaycan buna imkan verməyəcək. İstər Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti, istərsə də Ağdam-Xankəndi yolundan alternativ yol kimi təklif ediməsi  beynəlxalq hüquqa uyğundur və separatçıları fakt qarşısında qoyub.

Qarabağda yaşayan erməni əsilli sakinlər xuntanın əsiri olaraq reinteqrasiya prosesinə qoşula bilmirlər. Prosesin başlaması xuntanın sonu deməkdir. Ona görə də Ermənistanın da dəstəklədiyi xunta daha təhlükəli yol seçib. Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı ərazilərmizdə səngər qazmağa cəhdlər edirlər. Hər dəfə də qəhrəman ordumuz tərəfindən onların bu cəhdlərinin qarşısı alınır. Amma bu prosesin davamlı hal alması ciddi təhlükə yaradır.

Ümumiyyətlə, qeyd edək ki, Qarabağda yaşayan erməni sakinlər arasında da bölünmə var. Bəzi ermənilər ötən 30 il ərzində separatçı rejimdən, Ermənistan siyasi hakimiyyətindən bezib. Bu dövr onlara səfalət və ehtiyacdan başqa heç nə verməyib. Həmin insanlar Azərbaycan vətəndaşları kimi qanunlara tabe olaraq yaşamağa hazırdırlar. Amma digərləri separatizm xəstəliyindən qurtula bilmir. Reallığı qəbul edənlər də separatçı rejimin, hərbi xuntanın qorxusundan bunu dilə gətirə bilmirlər.

Bütün hallarda Azərbaycan istədiyinə nail olur və olacaq. Xuntanın hay-küy salması heç bir nəticə verməyəcək.  Qeyri-adekvat davranışlar nümayiş etdirən, terrorçu mahiyyətə və zehniyyətə malik Qarabağdakı qondarma rejim dalana dirənib. Azərbaycanın beynəlxalq hüquq müstəvisində apardığı fəaliyyət, gördüyü tədbirlər separatçıları əməlli-başlı çətinə salıb. İndiyə qədər “arxalandıqları” Fransa və ya digər havadarlarının “çabalarının” da effektsiz olduğunu görən qondarma rejim reallıqları qəbul etmək məcburiyyətindədir.  Nə Ermənistan, nə Fransa, nə də digər güclər Azərbaycanın yaratdığı reallığı dəyişə bilməz.

Əslində, İrəvanın müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır. Amma bu cəhdlər fayda verməyəcək. Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı ərazilərmizdə səngər qazmağa cəhd edərək dialoq yox, təhlükə yolu seçənlər bilsinlər ki,  müzəffər Ordumuz bu təhlükəni qısa müddət ərzində yox edə bilər. Vaxt gedir...

Yaqut Ağaşahqızı, “İki sahil”