13 sentyabr 2023 22:25
245

«Əsrin müqaviləsi» Azərbaycana dayanıqlı inkişaf, iqtisadi və siyasi müstəqillik gətirdi

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış Azərbaycanın neft strategiyasının uğurlarını bu gün tarixi Zəfərimizin reallıqları fonunda Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsində görürük

Etibarlı, arzuolunan tərəfdaş. Avropa İttifaqının rəsmiləri ölkəmizi belə dəyərləndirirlər. Təbii ki, hər bir uğur böyük səylərin, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan «Əsrin müqaviləsi» Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ümummilli Lider bu mühüm hadisəni belə dəyərləndirmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.

Həmin dövrün reallıqlarına nəzər salaq. 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı. Həmin ilin 12 may tarixində Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu mühüm addım ölkəmizdə həm sabitliyin möhkəmləndirilməsinə, həm də digər sahələrin inkişafına geniş imkanlar açdı. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması və nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında mövcud tərəddüdlərin aradan qaldırılmasına səbəb oldu. Sirr deyil ki, müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildirlər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yaradılan sabitlik xarici investorların ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ardan qaldırdı. 1994-cü ilin 20 sentyabrında «Əsrin müqaviləsi» imzalandı.

«Əsrin müqaviləsi» Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. Dünyaya «açıq qapı» siyasəti həyata keçirən Azərbaycan ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarına qapılarını açdı, onların qoyacaqları investisiyaların təhlükəsizliyinin təmin olunacağını bəyan etdi. Bu baxımdan «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən onun yalnız iqtisadi deyil, siyasi tərəfi də xüsusi önəm daşıyır. Müstəqillik yollarında ilk addımlarını atan ölkə üçün onun beynəlxalq aləmdə tanıtımı və mövqeyini möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Ulu öndər bildirirdi ki heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.

Bir mühüm məqamı da xüsusi qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyevin xidmətləri böyük idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev Azərbaycanın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

Bu reallıq da inkarediliməzdir ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun gələcək uğurlarına inanmırdı. Hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və geo­siyasi məsələlər öz həllini tapmalı idi. Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış neft strategiyası və diplomatiyası qarşıda dayanan bütün məsələlərin uğurlu icrasına geniş imkan yaratdı.

Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. O da məlumdur ki, “Əsrin müqaviləsi” imzalanan zaman Ulu Öndər Azərbaycanın gələcəkdə daha geniş imkanlara malik neft ixracı marşrutu kimi məhz Bakı–Tbilisi-Ceyhan (BTC) variantına üstünlük verdiyini bəyan etmişdi. Qeyd edilən marşrutla bağlı nə qədər təkliflər və təzyiqlər edilsə də Azərbaycan yenə də siyasətində müstəqil olduğunu nümayiş etdirdi. Belə ki, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində bütün bu maneələr dəf olundu, BTC marşurutu seçildi. 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə həmin kəmərin təməli qoyuldu. 2006-cı ilin iyulun 13-də isə kəmərin təntənəli açılış mərasimi keçirildi. Bununla da, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başladı.

Qeyd edək ki, Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 May- Müstəqillik Günündə çatması da özündə bütün məqamları ehtiva edir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının böyük rolu vardır. “Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi ötən qısa zamanda Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. İllər geçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən beynəlxalq səviyyəyə çıxması Azərbaycanın etibarlı tərədaş kimi mövqeyinin möhkəmləndirməsinin göstəricisidir. Azərbaycan nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilib.

Dövlət başçısı İlham Əliyevin daim vurğuladığı kimi, bayram tədbirləri, hər bir önəmli hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. “Əsrin müqaviləsi” Azərbaycana nə verdi” sualına cavab təbii ki, bugünkü reallıqlarımızdır. Dövlət başçısı İlham Əliyev 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirmişdir: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz  göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.» Eyni zamanda, bu fikir də səsləndirilmişdir ki, Cənub Qaz Dəhlizi bu günə qədər görülən işlərin zirvəsidir.

Ümumilikdə Azərbaycanın enerji sektorunda qazandığı uğurlar davamlılığı ilə diqqəti cəlb edir. 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. Azərbaycanın enerji diplomatiyasının uğurları bu gün dünyanın diqqət mərkəzindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi və bu məqsədlə yeni-yeni layihələrin təşəbbüskarı kimi çıxış etməsi onun beynəlxalq nüfuzunun möhkəmlənməsində öz sözünü deyir.

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdir ki, gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.

Bu gün Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP-ın və TAP-ın genişləndirilməsindən bəhs edirik. Dövlət başçısı İlham Əliyev bu ilin mayında Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışında hədəfləri açıqlayarkən «Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır» söyləyərək bütün bu məsələlərin əlaqələndirilməsinin vacibliyini bildirdi: «Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir.»

Son illərin uğurları sırasında 2017-ci ilin noyabrında iki milyardıncı ton Azərbaycan neftinin hasil edilməsini də yada salmalıyıq. Cənab İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdə bildirmişdir ki, neftin Vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur.

1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin təsdiqidir.

Son bir ildəb enerji sektorunda əldə edilən uğurların xronologiyasına diqqət yetirdikdə Azərbaycanın etibarlı tərəfdaş kimi artan nüfuzunu adyın şəkildə görürük. 2022-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmçinin ötən ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyevin bu mərasimə dəvət edilməsi, eyni zamanda, oradakı çıxışı Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin bir daha nümayişi oldu. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyinə daim yeni əlavələr edir. Bu ilin aprelində isə dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı imzalanan «Bulgartransgaz» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream» (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” da bunun təsdiqidir. Həmin sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. “Həmrəylik halqası” təşəbbüsü Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir, eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verəcək.

Bu mühüm məqamı da qeyd edək ki, neft strategiyasının uğurlu icrası iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsində də özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hər bir çətinliyi dəf etməsində əhəmiyyətli rola malikdir.

Son üç ilə yaxın dövrdə Azərbaycanın dünyaya təqdim etdiyi təkmil dirçəliş modeli də neft strategiyasının uğurlarındandır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır. Ötən dövrdə sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası uğurla həyata keçirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrindən bəhs edərkən “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır” deyən ölkə Prezidenti bunun öhdəsindən qısa müddətdə gələcəyimizi bildirir. Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, zəngin neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır.

Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, «dəmir yumruq» nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımız tam şəkildə doğma yurd-yuvalarına qayıdacaqlar.

Qısa təhlil fonunda qeyd edə bilərik ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqinin dayandığını nəzərə alsaq «Əsrin müqaviləsi»nin Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdığını böyük əminliklə qeyd edə bilərik. Bu strategiya qarşıdakı illərdə ölkəmizə daha möhtəşəm uğurlar qazandıracaq.

Yeganə Əliyeva, «İki sahil»