14 sentyabr 2023 02:15
468

İranın məqsədi nədir?

Sentyabrın 11-də ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2023” adlı birgə təlimləri başlayıb. Açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir. “Eagle Partner 2023” birgə təlimlərinin 9 gün davam edəcəyi planlaşdırılıb. Mərasimdə bildirilib ki, təlimlər Ermənis­tanla müttəfiqliyi gücləndirmək məqsədi daşıyır. 

Şübhəsiz, Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı ittihamlarından sonra belə bir  tədbirin keçirilməsi ilk növbədə Moskvaya meydan oxumaqdır. Odur ki, İrəvanın ABŞ-la birgə təlimləri Rusiyanın narazılığı ilə qarşılanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yeni Dehlidə G20 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Rusiya Ermənistan rəhbərliyinin ABŞ-la hərbi təlimlər keçirməsindən təəssüflənir. Hətta Ermənistanın bu addımı ermənidən də betər ermənilik edən Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulini də şoka salıb. O deyib ki, bizim üçün əsas prinsip KTMT üzvü olan ölkənin yalnız öz blok müttəfiqi ilə hərbi təlim keçirməsidir: "Bu hadisə sübut edir ki, Ermənistan həqiqətən Rusiyadan ayrılmaq istəyir”. Bir sözlə, bu,  həm də o deməkdir ki, iki ildir KTMT təlimlərində iştirakdan imtina edən Ermənistan bu tədbirlə Rusiyanın həm ölkə, həm də regiondakı maraqlarına qarşı çıxır. Şübhəsiz, bu faktı Ermənistan-Amerika münasibətlərinin dərinləşməsinin göstəricisi kimi də dəyərləndirmək olar.

Bəs bu məsələyə İranın molla rejiminin münasibəti necədir? Göründüyü kimi, Ermənistan gündən-günə İranın düşməni olan ABŞ ilə əlaqələri və təmasları gücləndirir. Üstəlik, bu ölkə ilə hərbi təlimlər keçirir. Amma indiyədək ABŞ-ın Cənubi Qafqazda varlığını qəbul etməyən rəsmi Tehran Ermənistanda keçirilən bu təlimlərə nədənsə sərt reaksiya vermir. Daha doğrusu,  İran Prezidenti İbrahim Rəisi həmkarı Nikol Paşinyanla telefon danışığında narazılığını yumşaq şəkildə bildirməklə kifayətlənib.

Həqiqətən də İranın tərəfini saxladığı Ermənistanın ölkəsini Yer üzündən silmək istəyən ABŞ-la birgə hərbi təlim keçirməsini belə soyuqqanlı qarşılaması qəribə görünür. Halbuki İran Azərbaycanın bölgədə həyata keçirmək istədiyi yeni reallıqlara qarşı elə kəskin reaksiyalar verir ki… Şübhəsiz, bu iddia fars-molla rejiminin Ermənistana olan sevgisindən irəli gəlir. Məsələn, İran bildirir ki, guya Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazisinin işğalına gətirib çıxaracaq. Üstəlik, İran xarici işlər naziri vurğulayır ki, biz sərhədlərin heç bir geosiyasi dəyişikliyini və ərazi bütövlüyünün dəyişdirilməsini qəbul etməyəcəyik. Bura Zəngəzur dəhlizi də daxildir. Hətta bildirilir ki, Ermənistan Zəngəzur məsələsində Azərbaycana güzəştə getmək istəsə belə İran buna qarşı çıxacaq. Üstəlik, fars-molla rejimi Ermənistanı  silahlandırır, birgə hərbi təlimlər keçirir, Hindistandan göndərilən silah-sursatı öz ərazisindən təcavüzkar ölkəyə ötürür, hayların törətdikləri hər təxribata haqq qazandırır. Budur İranın ölkəmizə qarşı nümayiş etdirdiyi mövqe. Halbuki Azərbaycanın başqa dövlətin ərazisində gözü yoxdur. Bunu rəsmi Bakı müxtəlif beynəlxalq tədbirlərdə dəfələrlə bəyan edib. Bu məsələdə əsas məqsəd Ermənistanın həmin ərazilərində Azərbaycanın qərb ərazilərini Naxçıvanla birləşdirən dəmir və avtomobil yolunun təmin olunmasıdır.

İran, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən,  uzun illər erməni işğalına qarşı çıxan, 44 günlük Vətən müharibəsi zamanı  Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyən və Qarabağ münaqişəsi həll edildikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməkdə maraqlı olduğunu bildirən İsraillə münasibətlərimizə də kölgə salmaqda davam edir. Halbuki Azərbaycan-İsrail münasibətləri əsla İrana qarşı yönəlməyib.  Yəni, Azərbaycanın bir dövlətlə münasibətləri üçüncü tərəfi heç zaman hədəfə almayıb.

Tehran rejimi nədənsə başa düşmək istəmir ki, Ermənistan rəsmilərinin bu kimi addımları həm də İrana qarşı da yönəlib. Belə ki, Ermənistanı Qərbə tərəf dartanlar, Kremlə arxa çevirənlər sabah İrana da xəyanət edəcəklər. Hətta bu günlərdə Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan bildirib ki, Nikol Paşinyan İranı da məyus edəcək, o da bizə kömək etməyəcək. Digər tərəfdən, ABŞ hərbçilərinin təlimlərdən sonra Ermənistanı tərk edib-etməyəcəyi  sual altındadır. Bəlkə  mollakratiya bütün bunları bilir. Görünür, bu məsələdə başqa məqamlar var. Onlardan biri ola bilsin ki, İranın Ermənistanın əli ilə ABŞ-a yaxınlaşmaq istəyidir. Bu isə o deməkdir ki, İran Hayastanın digər havadarları kimi, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsindən  yararlanmaq, daha doğrusu, ABŞ-la olan tarixi düşmənçiliyinə son qoymaq niyyətindədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”