14 sentyabr 2023 02:59
322

Tarix erməni nankorluğu ilə zəngindir

Son dövrlər Ermənistan özünü geosiyasi xəritədən silinməsinə şərait yaradacaq addımları atmaqdan çəkinmir. Ermənistan - Rusiya münasibətləri heç bir zaman olmadığı kimi gərgin hal alıb. Rusiya mediası yazır ki, prinsipcə, ABŞ və Ermənistanın  təlimlər keçirməsi faktı o qədər də qeyri-adi deyil. NATO ölkələri uzun müddətdir ki, Qafqaz dövlətləri ilə əməkdaşlıq edirlər. Lakin Kreml rəsmi İrəvana qarşı iradlarını gizlətmir, açıq şəkildə bildirir ki, bu ay Ermənistanda keçiriləcək ABŞ-Ermənistan təlimləri ilə bağlı xəbəri pis qarşılayıb. Bunu isə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dilə gətirib. Rusiya ilə Ermənistanın diplomatik səviyyədə söz savaşına Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da qoşulub. Bu dəfə Zaxarovanın açıqlamaları sərtliyi ilə seçilib. Zaxarova Paşinyanın strateji müttəfiqlik barədə “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərinə cavab olaraq qeyd edib: “Sadəcə, bütün bu ifadələri yekunlaşdıraraq demək istəyirəm ki, insan öz əməlinə görə məsuliyyət daşımağı bacarmalı, günahkar axtarıb bunu hər dəfə sonsuz etməməlidir. Məsuliyyət daşımaq lazımdır. Öz məsuliyyətinizi kiminsə üzərinə yıxmamalısınız. Siyasətdə dövlət xadimi ilə yoldan keçən və öz ölkəsinin milli maraqlarını düşünməyən adam arasında fərq bax bundan ibarətdir. Və yenə də öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmalısan, əks halda bu bir az "pis rəqqasın hekayəsi"nə bənzəyir".

Ermənistan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri onun ərazisində həyata keçirilə bilməz. Çünki bu, Azərbaycan və Türkiyə arasında qalan ölkə üçün problem yarada bilər. Əgər həqiqətən də məsələ budursa və Ermənistan KTMT – nin digər təlimlərində iştirakı dəstəkləyirsə, bəs onun hərbçiləri Rusiya, Belarus, Qırğızıstan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi, sentyabrın 1-dən 6-dək keçirilən “Döyüş qardaşlığı” təlimlərində nə üçün iştirak etmədi?

Rusiyanın “Kommersant” nəşri də yazır ki, Rusiya ilə ən yaxın müttəfiqlərindən biri KTMT üzvü Ermənistanla münasibətlərdə ciddi böhran yaranıb. "Tərəflər qarşılıqlı ittiham mübadiləsi aparır. Respublikanın baş naziri Nikol Paşinyan İtaliya qəzetlərindən birinə müsahibəsində Moskva ilə strateji müttəfiqliyə girməyin səhv olduğunu bildirib. Onun həyat yoldaşı Kiyevə gedib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. İrəvan həm də Rusiya-Ukrayna münaqişəsi başlayandan bu günə kimi ilk dəfə Kiyevə humanitar yardım edib. Nəhayət, Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirib və yerinə heç kəsi göndərmədən öz nümayəndəsini KTMT-dən geri çağırıb”, - qəzet bütün son hadisələri sadalayır.

Bununla yanaşı, qəzet Bakı üçün vəziyyətin həmişəkindən daha əlverişli olduğunu vurğulayır. Qeyd edilir ki, 2020-ci ilin payızında baş verən 44 günlük müharibə güc balansının açıq şəkildə Azərbaycanın xeyrinə olduğunu göstərib: “Görünür, çıxılmaz vəziyyətdə qalan Nikol Paşinyan artıq soydaşlarına gözlənilən məğlubiyyəti və gələcək mümkün güzəştləri necə izah edəcəyini düşünür. Bir ifratdan digərinə qaçan Ermənistanın baş naziri 2020-ci il müharibəsi ərəfəsində etdiyi və xalqı üçün ölümcül olan səhvləri təkrarlayır”. Qəzet sonda qeyd edib ki, İrəvan həm də nəzəri cəhətdən mümkün olan yeganə müdafiəçiyə - Kremlə nümayişkaranə şəkildə meydan oxuya bilməz.

Görünür Ermənistan özünün Qərb himayədarlarına daha çox güvənir nəinki, yanı başında olan Rusiyaya. Elə Avropa İttifaqının Ermənistanda əməlli-başlı yuva salmasının da səbəbi budur. Belə ki, dünən Tavuş vilayətinin İcevan şəhərində Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının operativ ofisi açıldı. Bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının x sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. Ofisin açılış mərasimində Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos və Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan qatılıblar. Ən maraqlısı odur ki, bu, Aİ-nin Müşahidə Missiyasının Ermənistandakı beşinci belə əməliyyat ofisidir. Bəs görəsən Aİ son bir neçə ay ərzində niyə sürətlə Ermənistanda aktivləşir, nədir bu təlaşın sirri? Bu məsələdə Parisdəki “xoruzların” quyruqları açıq şəkildə görünür. Azərbaycanla 44 günlıük müharibədən sonra Nikol Paşinyan var gücü ilə Qərbdəkiləri Ermənistana doldurmağa çalışır. Necə deyərlər, olmasın Rusiyanın müstəmləkəsi, olsun Qərbdəkilərin müstəmləkəsi. Ermənilər üçün onsuz da fərqi yoxdur, təki onlara “xozeyn” olsun. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin, xüsusən də baş nazir Nikol Paşinyanın və onun yaxın çevrəsinin son dövrlərdə xarici siyasətin yenidən formatlaşdırılmasından xəbər verən açıq-aşkar ifşaedici davranışı köhnə müttəfiqə - Rusiyaya xəyanətdən başqa bir şey deyil. Tarix belə erməni nankorluqları ilə zəngindir. Uzun müddət Rusiyanın forpostu olan Ermənistan indi nəzərlərini Qərbə çevirib. Erməni hakimiyyət nümayəndələrinin açıq-aşkar anti-Rusiya qərarları ölkədə birmənalı qarşılanmır. Rusiyanın Ermə­nistanın taleyini həll edən ölkə olduğunu anlayan erməni ekspertləri bir ağızdan narahatlıqa vurğulayırlar ki, Rusiyaya qarşı nümayiş olunan isteriya İrəvana yaxşı heç nə vəd etmir.

Sevinc Azadi, “İki sahil”