13 sentyabr 2023 02:16
463

Kanadanın fransızsayağı gedişləri

Təcavüzkar Ermənistan üçün dəridən-qabıqdan çıxan ölkələrdən biri də Cənubi Qafqazla heç bir əlaqəsi olmayan, hayların qondarma “soyqırımı”nı tanıyan Kanadadır. Şübhəsiz, bütün bu kimi amillər Kanadada fəaliyyət göstərən erməni diasporunun fəaliyyəti ilə əlaqədardır. Hətta həmin diasporun Kanadanın dövlət qurumlarına təsir etmək imkanları  var. Elə 44 günlük İkinci Qarabağ müharibəsində erməni lobbisinin əsiri olan Kanadanın ermənipərəst mövqe sərgiləməsi, böhtanlarla dolu bəyanatlar səsləndirməsi bunun nəticəsi idi.

Bu ölkə müharibədən sonra da “ənənə”sinə sadiq qalmaqdadır. Məsələn, bu yaxınlarda Kanada dövlətinin rəsmilərindən biri erməni icmasının təşkil etdiyi tədbirdə  Cənubi Qafqazda separatçılığı və revanşist qüvvələri dəstəkləməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı heç bir fakt ortaya qoymadan qəbuledilməz fikirlər söyləyib. Şübhəsiz, əsassız şəkildə bəyanatlar vermək, fikirlər səsləndirmək Kanadanın ölkəmizə qarşı qərəzli yanaşmasından başqa bir şey deyil.

Özü də bu fikirləri kim səsləndirsə yaxşıdır? Kanadanının xarici işlər naziri xanım Melani Joli. O Melani Joli ki, onun ildırımsürətli karyerasında erməni lobbisi mühüm rol oynayıb. O Melani Joli ki, hayları müharibəyə sürükləyən erməni Erməni apostol kilsəsinin katolikosu I Aramı  özünün lideri kimi qəbul edir. O Melani Joli ki, həmişə Fransadan, daha doğrusu, ermənipərəst mövqeyi ilə “tarix yazan” Emmanuel Makrondan təlimatlar alır. Bir sözlə, Melani Joli  Azərbaycanın əleyhinə mütəmadi çıxışlar edən, bəyanatlar səsləndirən, Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindəki separatçılara ümidlər verən Makronu dəstəkləyir,  onun dedikləri ilə oturub-durur. Şübhəsiz, xanım nazirin Makron kimi ermənidən çox ermənilik etməsinin əsasını məhz bu faktor təşkil edir. Qeyd edək ki, adından göründüyü kimi Melani Joli  fransızdilli kanadalıdır.

 Kanadanının xarici işlər naziri Melani Jolinin bu ilin oktyabrında Ermənistana səfəri gözlənilir. O, bu səfəri çərçivəsində İrəvanda Kanada səfirliyinin açılış mərasimində də iştirak edəcək. Guya bu səfirlik ikitərəfli əlaqələri gücləndirəcək və Kanadanın Ermənistan demokratiyasına dəstəyini artıracaq. Şübhəsiz, səfirlik açmaq, bununla əlaqədar tədbirə qatılmaq qəbahət deyil. Bu, hər bir ölkənin daxili siyasətidir. Amma bu səfirlik o səfirliklərdən olmayacaq. Çünki belə bir səfirliyin açılmasında Kanadanın əsas məqsədi Ermənistanın əli ilə anti-Azərbaycan fəaliyyətini maksimum səviyyəyə çatdırmaqdır. Yəni, bu, ölkəmizə qarşı yönəlmiş bir səfirlik olacaq. Kanadanın Moskvaya qarşı sanksiya müharibəsində fəal iştirak etdiyini nəzərə alsaq, belə bir addım Rusiyanın da ürəyincə deyil. Çünki Fransa kimi Kanadanın da məqsədi Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa hesablanıb. Elə bu amili nəzərə alan Rusiyanın Ermənistandakı səfirliyi İrəvanda diplomatik nümayəndəlik açacağını elan edən Kanada Xarici İşlər Nazirliyini tənqid edən bəyanat yayıb.

Yeri gəlmişkən Kanada, həmçinin bu xanım nazirin təkidi ilə Avropa İttifaqının Ermənistandakı Monitorinq missiyasına da qoşulub (Kanada Aİ-nin Ermənistanda­kı missiyasına qoşulan yeganə qeyri-Avropa ölkəsidir). Şübhəsiz, Kanadanın bu addımları işğalçı dövlətə olan  istək və sevgidən qaynaqlanmır. Bu, yalnız və yalnız təsiri altına düşdüyü Fransanın ardınca getmək, bununla da həmrəylik nümayiş etdirməkdir.

Bu günlərdə Kanada Parlamentindəki qondarma “Kanada-artsax dostluq qrupu” bəyanatla da çıxış edib. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu onların dediklərini təkzib edib. Bildirilib ki, Kanada Parlementində qondarma qrup tərəfindən verilən bəyanat Azərbaycanın suveren hüquqlarına açıq-aşkar hörmətsizliklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Elə həmin bəyanatın arxasında da Melani Joli görünür.

Şübhəsiz, Kanadanın Ermənistanda səfirlik açması,  missiyaya  qoşulması, belə bəyanatlar səsləndirməsi heç nəyi dəyişməyəcək. Yəni, Kanadanın bu kimi addımları  bölgədə söz sahibi olan Azərbaycan üçün hansısa ciddi təhdidlər yaratmır. Amma bu, bir reallıqdır ki, Kanada özünün düşünülməmiş siyasəti ilə Cənubi Qafqazda biabırçı flaskoya uğrayacaq, bununla da reputasiyasına ciddi zərbələr vuracaq.

P.S. Son illər vəzifə başında olan bəzi xanımlar Azərbaycana qarşı amansız mövqe tutublar. Buna Kanadanın xarici işlər naziri Melani Jolini ilə yanaşı, Belçikanın xarici işlər naziri Haccə Lhəbibi, Parisin meri Ann İdalqonu və digərlərini  misal göstərmək olar. Bəs Ermənistan rəsmiləri və ya erməni diasporu  onların saqqızlarını oğurlamağa necə nail  olurlar? Bu suala cavab tapmaq müşkül məsələdir…

Qvami Məhəbbətoğlu, “İki sahil”