13 sentyabr 2023 02:58
318

Paşinyanın sayəsində...

Ermənistanın üz çevirdiyi müttəfiqləri Rusiya və İran bu nankorluğa çox dözməyəcək

Ermənistanın son günlər açıq şəkildə qərbyönümlü siyasi kurs yürütməsi, NATO üzvü olan Fransa ilə yaxınlığı və nəhayət, ABŞ-la birgə hərbi təlimlərə ev sahibliyi etməsi əzəli müttəfiqləri olan Rusiya və İranla münasibətlərini korlamaqdadır. “Soros”un kadrı olan Nikol Paşinyanın onu küçədən hakimiyyətə gətirənlərin tapşırıqları əsasında atdığı addımlar hər iki ölkə tərəfindən təhlükəli tendensiya olaraq görülsə də, hələ ki problemin diplomatik kanallar vasitəsilə həllinə, yaxud “yumşaldılmasına” çalışılır. Ancaq məlum şeydir ki, nə Şimal, nə də Cənub qonşumuz Ermənistanın siyasi hakimiyyətinin bu nankor davranışlarına uzun müddət dözmək fikrində deyil.

Hələ təxminən iki il əvvəl Ermənistanda bəzi siyasi analitiklər Paşinyanın anti-Rusiya mövqeyinin ölkələri üçün qorxulu nəticələrinin ola biləcəyi ilə bağlı həyəcan təbili çalırdılar. Uzun illərin, hətta yüzillərin müttəfiqi, bu gün tarixi Azərbaycan torpaqlarında bir dövlətlərinin mövcudluğu üçün borclu olduqları əzəli hamiləri Rusiyanın əleyhinə hər hansı addımın atılması ağlasığmaz görünürdü. Çünki müstəqillik dövründə Paşinyana qədər heç bir sələfi belə fikrə düşməmiş, bu riski gözə almamışdı. Paşinyan isə çoxlarının düşündüyünün əksinə “körpüləri bir anda yandıracaq” qədər sadəlövh deyildi. Səbirlə, yavaş-yavaş, “üzü danlana-danlana” elə bir şərait yaratdı ki, bu gün Ermənistan ictimaiyyətinin əksər hissəsi baş nazirlərinin Rusiyaya qarşı siyasətini dəstəkləyir, müttəfiqlərini “İşğalçı, rədd ol!” şüraı ilə qovmaq əhval-ruhiyyəsindədir. Üstəlik, Ukrayna ilə müharibənin, NATO, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların, ABŞ-ın və Qərb ölkələrinin kəskin sanksiyalarının Rusiyanı zəiflətməsi Paşinyanın son nöqtəni qoyması üçün münbit şərait yaradıb. Ermənistan indi mövqeyini tam dəqiqləşdirmiş kimi görünür və ərazisindəki Rusiyanın hərbi bazasını çıxarmaq, yeni havadarları ilə yeni istiqamətdə addımlamaq üçün bacardığı hər şeyi etməyə hazırdır.

Korlanmaqda olan münasibətlərin, pozulmuş “məhəbbət üçbucağı”nın üçüncü tərəfi olan İrana gəlincə isə rəsmi İrəvan əslində bu ölkə ilə dostluğunun davam etdirilməsində yenə də maraqlıdır. Çünki İran son otuz ildə Ermənistana heç bir dövlətin, hətta Rusiyanın etmədiyi qədər kömək edib, onun Azərbaycana qarşı işğalçılıq siyasətini açıq şəkildə dəstəkləyib, iqtisadi cəhətdən çökməsinə imkan verməyib. İki ölkənin bir az da güclənməkdə olan Türk birliyi səbəbindən zorən “qardaşlığı” bu gün də davam edir, hərbi, iqtisadi-ticari əlaqələri yüksək səviyyədədir. Üstəlik, İranın ermənipərəst mövqeyi 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar fonunda əzələ nümayişini də özündə birləşdirib. Bu baxımdan İranla münasibətlərinin korlanması Ermənistana lazım deyil. Ancaq Paşinyanın daha bir əldə bir neçə qarpız tutmaq, ikibaşlı, üçbaşlı oyunlar oynamaq, hiyləgər oyunlarla kimlərisə aldatmağa çalışmaq limiti tükənib. Ondan indi daha aydın mövqe nümayiş etdirməsi tələb edilir və “Soros” uşağının bu tələbə qarşı çıxmaq gücü yoxdur.

Avropa İttifaqı mülki missiyasının Ermənistanda yerləşdirilməsi, sentyabrın 11-dən 20-dək bu ölkənin ərazisində keçirilən Ermənistan-ABŞ “EAGLE PARTNER 2023” birgə hərbi təlimləri, rəsmi İrəvanın Fransa ilə “bacılaşması” İranın həmişə mühafizəkarlıqla müdafiə etdiyi “qırmızı xəttinin” pozulmasıdır. Odur ki, Paşinyanın Cənubi Qafqazın geopolitik mənzərəsində dəyişiklik yaratmağa yönəlmiş bu addımları İran hakimiyyəti tərəfindən qıcıqla qarşılanır. Məhz bu səbəbdən uzun illərdən sonra nəhayət ki, İranın fars-molla rejiminin Azərbaycana qarşı münasibətində müəyyən korrektələr etdiyi hiss olunmaqdadır. Bir müddət əvvəl xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Qoşulmama Hərəkatının sammiti çərçivəsində ölkəmizə səfəri zamanı keçirdiyi görüşlər, Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə İran Silahlı Qüvvələrinin (İSQ) Baş Qərargahı (BQ) arasında hərbi sahədə əməkdaşlığa dair birgə komissiyanın 3-cü iclasının baş tutması bir az da Ermənistanın davranışlarına cavab kimi qiymətləndirilə bilər. Qeyd edək ki, İSQ BQ-nin İdarə rəisi Məhəmməd Əhədi son günlər İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda yayılan məlumatların yalan olduğunu da bəyan etdi: “Bunlar sadəcə əsassız və yalan xəbərlərdir ki, bir sıra bəlli qüvvələr tərəfindən İran-Azərbaycan münasibətlərini korlamağa hədəflənib və məhz onlar tərəfindən yayımlanıb. Bundan başqa, SEPAH-la bağlı yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm. SEPAH-ın da sərhəddə dəstələri yoxdur və birgə təlim keçirmək üçün heç bir səbəb yoxdur.”

İranın nümayəndə heyətinin Bakıda ermənilərin məhv edilmiş hərbi texnikalarının sərgiləndiyi Hərbi Qənimətlər Parkında olması isə təbii ki, xüsusi məna daşıyır və bu, Ermənistana Azərbaycan paytaxtından barmaq silkələməkdir.

Yeri gəlmişkən, sentyabrın 9-da Xankəndidə erməni separatçılarının “seçki” təxribatına münasibət bildirən İran “seçkiləri” birbaşa pisləməyib. Lakin bununla bağlı sualı cavablandıran İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bəyan edib. Cənub qonşumuzun bundan əvvəl belə açıq mətnlə ərazi bütövlüyümüzə dəstək ifadə etdiyini xatırlayırıqmı?

Beləliklə, Nikol Paşinyan öz müttəfiqlərindən üz döndərməklə Ermənistanı güc mərkəzlərinin toqquşduğu poliqona çevirməkdədir. Bu vəziyyətin rəsmi İrəvana müsbət nəsə qazandıracağı ehtimalı çox deyil, ancaq əvəzində bütün proseslər Azərbaycanın maraqları çərçivəsində inkişaf etməkdədir. Bir az da Paşinyanın sayəsində...

Mahir Rəsuloğlu, “İki sahil”