11 sentyabr 2023 22:38
308

Qələbənin növbəti ili mübarəkdir, Vətən!

İkinci Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələri və arasında Qarabağda davam edən ən gərgin və uzunmüddətli döyüş olaraq tarixə düşüb. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan qondarma “Dağlıq Qarabağ respublikası” ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsi olan Vətən müharibəsində  qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi. 

Bir vətən var Azərbaycan adında

Bir vətən var Azərbaycan adında!

Şöhrətinə tarix özü şahiddir.

Hər həmlədə dəmir yumruq altında,

Kor qoyulmuş düşmən gözü şahiddir.

***

Bir Vətən var Azərbaycan adında!

Əsrlərin sınağına tab gələn.

Qadınları, kişiləri ərdir, ər,

Yaradandan yurd, yuvava bab gələn.

***

Bir Vətən var Azərbaycan adında!

Havasına, çörəyinə doyulmaz.

Torpağının hər qarışı candır, can,

Ət-dırnaqdır insanından soyulmaz.

***

Bir Vətən var Azərbaycan adında!

İgidləri dastan yazıb, ad qoyub.

Zəfər çalıb, bayrağını ucaldıb,

Düşmənlərə dağ çəkdirib, od qoyub.

***

Bir Vətən var Azərbaycan adında!

Bir yenilməz ordusu var oyaqdır!!!   

Sevinc Azadlı

27 sentyabr 2020-ci il. Həmin gün xalqımız üçün müharibə xəbəri ilə açılmışdı. Üzərini qara buludlar alan Vətən səması ürəyimizi sıxsa da, otuz ildən bəri davam edən erməni işğalının əslində atəşkəs olsa belə, aldığı canların qisasını almağın, zəbt olunmuş torpaqlarımızın  qaytarılmasının, alnımıza vurulmuş qara ləkənin əbədiyyən silinməsinin  vaxtı çatdığının düşüncəsi millətin qanını cuşa gətirdi.  Əslində müharibə sözünün özü belə insanı ürpədir. Lakin bu elə bir zaman kəsimi idi ki, artıq bıçaq sümüyə dayanmışdı və növbəti təxribat lazımınca cavablandırılmalıydı. Azərbaycan Ordusunun gücü artıq hamıya bəlli olsa da, ordusuna dayaq olmaq istəyən saysız-hesabsız igid oğullarımız könüllü olaraq düşmən tapdağında olan ərazilərimizi azad etmək üçün səfərbər olmuşdu. Milllətin Vətən həsrəti ilə illərdən bəri çırpınan ürəyi bu dəfə öz dövlətinin dəmir yumruğuna, vuran qoluna çevrilmişdi. “Harada birlik varsa, orada dirrik var” deyib atalarımız. Xalqımızın öz rəhbəri ətrafında birləşərək, onun siyasətini dəstəkləməsi müharibənin qazanılmasının ilkin addımı idi. Müharibəyə bütün bölgələrimizdən, milliyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları qatılırdı.

Tarixin bütün dövrlərində şücaəti ilə seçilən, Naxçıvan torpağından olan ərənlərimiz gözlərini qırpmadan Vətən uğrunda canlarını fəda etmiş, igidlikləri ilə ad qazanmışdır. Necə ki, Vətən müharibəsində olduğu kimi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin igidlik səlnaməsi nəinki Azərbaycan, eləcə də dünya hərb tarixinə öz möhürünü vurmuşdur.

27 sentyabr tarixindən başlayan  və 44 gün davam edən “Dəmir yumruq”  əməliyyatının hər günü otuz illik həsrətə geri sayım idi. Və hər addım onlarla igidin canı, qanı, arzuları, ümidləri, gələcəyi bahasına atılsa da, sadəcə uğurla atılırdı. Hər döyüşə girərkən igid oğullarımız həsrətdən saralıb solmuş, düşmən tapdağında viran olmuş yurd yerlərini geri qaytarırdı. Əlbətdə ki, bütün müharibələrin başlanğıc tarixi elan olunduğu andan məlum olsa, da bitmə tarixini heç kim bilmir. Bizim haqq savaşımızda bu 44 günün hər saatı ürəyi Vətən üçün vuran igidlərimizin sayəsində torpaqlarımızı bizə geri verirdi. Müharibə varsa itki də var. Canını Vətən yolunda qurban verən şəhid, qazi oğullar. Hər biri də canını heç vaxt görmədiyi torpaqlarında tapşıran, həyatdan heç bir kam almayan körpə fidanları, əzalarından olan qaziləri ailələrinə çatdırmaq üçün bütün gücünü toplayaraq qollarında daşıyan müharibə qəhrəmanları, yaşadıqlarını həyatlarının son gününə qədər unuda bilməyəcək yaddaşlar. Karvan-karvan şəhid döndü yurd yerlərimizə. Atasını, qardaşını, övladını, yarını, yoldaşını itirdi insanlar, əsrlərə yetəcək nəsilləri. Hər günün qələbə sevincinimi yaşamaq, hər itirilən oğulun acısınımı cəkmək? Hələ Birinci Qarabağ Müharibəsi dövründə şücaətlə torpaqlarımızın müdafiəsində dayanan Naxçıvanlılar bu dəfə də əzm və dəyanət sərgilədi. İlk gündən etibarən bütün hərbi komissarlıqların qarşısı minlərlə vətənpərvər oğullarla dolub-daşdı. Hər kəs illərlə sinəsində birikib qalan intiqam hissi ilə alovlanır, bu qisas günündə Vətən, tortaq üçün mübarizəyə can atırdı. İgid oğullarla yanaşı, mərdanə qadınlarımız da az olmadı bu dar gündə səfərbərlik üçün müraciət edənlər arasında adımı yazdırsam da bir həftə keçməsinə baxmayaraq hələ də xəbər gəlmirdi. Cəbhədən gələn xəbərlər bizi həm qürurlandırır, həm varlığımızdan yox edirdi. Hər gün irəli addımlayan Azərbaycan Ordusunun qazandığı qələbələr, hər qələbənin çalınması üçün şəhadətə ucalan oğullarımız. Təkrar müraciət etdim Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinə. “Məni niyə çağırmırsınız” sualına qeydiyyatda əyləşən igid oğullarımızdan biri: Narahat olmayın, bacım məgər biz ölmüşük ki, qadınlarımzı düşmən önünə yollayaq? Sizin adınızın olmağı belə kifayət edir ki, biz məhz öz şərəfimiz olan ana bacılarımızı qorumaq üçün öncə can ataq, lazım da gəlsə can verək.

O 44 gün xalqımızın həmrəyliyinin yanısıra əzminin birə min artması isə bir başqa idi. O günlərdə hamı şəhid ailəsi, qazi yaxını, hamı əsgər, hamı dəmir yumruq oldu. Unudulmayan bir fəsil oldu bizə, gətirdikləri və bizdən aldıqları ilə birlikdə. Bir xəzan yeli əsdi, kökündən qopmasın deyə yarpaqları özünü fəda etdi bu xəzan yelinə. Çünki bilirdilər, gələn yaz yenidən yarpaqlayacaq o ağac, yenidən bar verəcək, yenidən kölgə salacaq kölgəsinə toplaşanlar üçün. Qələbənin növbəti ili mübarəkdir, Vətən! Sən hər yaz yarpaqlan deyə biz hər payız xəzan olub tökülməyə hazırıq. Yetər ki, kölgən tapdanmasın.

Bu gün Naxçıvan Xatirə Muzeyi torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini əbədiləşdirən əsas dövlət müəssisələrindən biridir. Burada hələ tarixin bütün dövrlərində Vətən üçün qurban gedən igid oğullar haqqında məlumatlar, onların şəxsi əşyaları, fotoları qorunub saxlanılır. Onlar muzeyə gələn yerli və xarici qonaqlara layiqli şəkildə tanıdılır. Ali və orta təhsil ocaqlarının tələbə və şagirdlərinə şəhidlərimiz haqqında ətraflı məlumat verilir. İgid oğullarımızın keçdiyi şərəfli döyüş yoluna nəzər salınır, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün lazımi addımlar atılır. Açıq və distant dərslər, muzeyin sosial şəbəkə hesabları məsafədən də işin aparıllması yolunda görülən işlərdəndir. Bizim acıq səma altında yaşamağımızı təmin edən oğulları, biz də bir vətəndaş və bir məsuliyyətli işin cavabdehi olaraq son nəfəsimizə kimi xatirələrdə yaşadırıq. Nur içində yatsın inşAllah cənət qoxulu şəhidlərimiz.

Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi