12 sentyabr 2023 00:45
273

Erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmalıdır

Dövlət başçısı İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi

“Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldir. Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığı və olmayacağı ən yüksək tribunalardan Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırılırdı. Baxmayaraq ki, ermənilər belə xəyallar qururdular ki, torpaqlar sonadək onlarda qalacaq, biz işğalla barışacağıq.

İşğalçı Ermənistanın rəhbərlərinin havadarlarına arxalanaraq səsləndirdikləri sərsəm bəyanatlara cavab olaraq rəsmi Bakı bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bildirirdi. Dövlət başçısı İlham Əliyevin Prezidentliyinin 17 ili işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlığa həsr edilmişdir. Müzəffər Ali Baş Komandan son 3 ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərimizə səfərləri, bu və ya digər tədbirlərdə çıxışı zamanı, yerli və xarici mətbuata müsahibələrində diqqəti bu məqama yönəldir: «Azərbaycan xalqının işğalla heç zaman barışmayacağını bəyan edirdim. Nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etməliydik və edəcəkdik: “Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilməzdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.”

Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillər sırasındadır. Son illərdə ən müasir texnologiyaya əsaslanan silahlar alındı, Ordumuzun peşəkarlığı artdı. “Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz” söyləyən dövlət başçısı bildirir ki, bu amillər bizi Qələbəyə apardı.

Ölkə Prezidenti İlham Əliyev 2021-ci ildə Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimindəki nitqində 30 ilin reallıqları sırasında əsas olan bu məqamı xüsusi qeyd etmişdir ki, ədalətin mövcudluğuna şübhə var idi. Amma hadisələr göstərdi ki, ədalət var və buna nail olmaq üçün dözüm, səbir nümayiş etdirmək lazımdır. Azərbaycan 30 il bu səbri nümayiş etdirdi. Bununla yanaşı, diplomatik mübarizədə qələbəsini təmin etdi, iqtisadi imkanlarını genişləndirməklə bütün sahələrdə, ordu quruculuğunda biri-birindən əhəmiyyətli addımlar atıldı. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Məhz bu gücün, qüdrətin sayəsində ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqləndi.

Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın torpaqlarımızı 30 il işğal altında saxlayanda dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar məsələyə ikili standartlarla yanaşıb, münaqişənin ədalətli həllinə maraq göstərmədilər. Ən əsası münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən və hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrləri öz vəzifələrinin nədən ibarət olduğunu dərk etmədilər və bəlkə də dərk etməzdən gəldilər. Əsas məsuliyyəti tərəflərin özünün üzərinə qoymaqla özləri seyrçi mövqedə dayanır, fürsət düşən kimi Ermənistanın müdafiəsinə yönələn bəyanatlarla çıxış edirdilər. Azərbaycan bu gün də həmin yanaşmanın şahididir. 44 günlük Vətən müharibəsində, həmçinin postmüharibə dövründə səsləndirilən bəyanatlar bunu bir daha sübut edir. Münaqişə tarixə qovuşsa da Fransa kimi dünyanın nüfuzlu dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirməklə Ermənistanın problemin həll olunmaması barədə əsassız, sərsəm fikirlərinə dəstəyini nümayiş etdirdi. Hazırda regionda dayanıqlı sülhə nail olmaq, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanması istiqamətində müxtəlif formatlarda və məkanlarda görüşlərin keçirildiyi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir zamanda Fransa kimi dünya gücü vəziyyətin gərinləşdirilməsində, sülh müqaviləsinin iszalanmamasında maraqlı olduğunu atdığı addımları ilə açıq-aşkar nümayiş etdirir. Azərbaycan aparılan müzakirələrdə, keçirilən görüşlərdə əldə edilən irəliləyişlərə söykənərək sülh müqaviləsinin ilin sonuna qədər imzalanmasının mümkünlüyünü bildirdiyi halda, Ermənistan vəziyyəti gərginləşdirərək hər zaman olduğu kimi, bu gün də himayədarlarının çaldığı hava ilə oynadığını təsdiqləyir.

Dövlət başçısı İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. BMT-nin Nizamnaməsi əsas götürüldü. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır.

Həmsədrlərin ermənilərin tərəfini saxlamaları, işğal faktına göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhlükə yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, ikili standartlara söykənən bəyanatları prosesin uzanmasına xidmət edirdi. Təbii ki, Azərbaycan da münaqişə ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı və nəticə göz önündədir. Şübhəsiz ki, belə bir şəraitdə Azərbaycanın yeganə yolu qəti mövqe nümayiş etdirərək münaqişənin hərbi vasitə ilə həllinə üstünlük verməsi idi. Azərbaycan əks-hücüm əməliyyatlarına haqq-ədalət uğrunda qoşuldu, 30 il düşmən tapdağında qalan torpaqlarını azad etmək naminə müharibə apardı. Ən əsası öz torpaqlarında döyüşdü.

İkinci Qarabağ müharibəsi ölkə Prezi­denti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik baca­rığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünya­ya nümayiş etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatı imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulaya­raq, bildirmişdir ki, biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq: «Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqla­rımızı qaytarırıq.”

Tarixi Zəfərimizdən sonra qalib ölkənin Prezidenti kimi işğaldan azad olunmuş ərazilərə səfərlər edən və hər səfərində Qələbəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan mühüm hadisələrin tarixə yazılması bu məqamın da nümayişidir ki, cənab İlham Əliyev “Qara­bağ Azərbaycandır və nida işarəsi” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini göstərir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində «Şuşasız bizim işimiz yarımçıq olar» söyləməklə Qarabağın tacının işğaldan azad edilməsinin prioritet olduğunu açıqlayan dövlət başçısı İlham Əliyev mədəniyyət paytaxtımıza hər səfərində “Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq” bəyan etməkdən böyük qürur hissi keçirir. Bu məqam böyük qürur hissi ilə qeyd edilir ki, torpaqlarmız işğaldan azad olunacaqlarına tam əmin idilər. Çünki Azərbaycan dövləti səylərini daim artırır, ədalətə və beynəlxalq hüquqa əsaslanan təbliğatını genişləndirir və bununla yanaşı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə çalışırdı. Çünki əsas amal ərazi bütövlüyümüzün təmin edilməsi və soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışı idi.

Bugünümüzün reallıqları bizim daim işğal dövrünə nəzər salmağımızı bir zərurətə çevirir. Tarixi Zəfərimizdən dərhal sonra ölkəmizin qarşı tərəfə sülh təklifini etməsi beynəlxalq aləmdə təqdir edildi. Xatırlasaq, cənab İlham Əliyev tarixi Zəfərimizin reallıqları əsasında Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təklifimizdən sonra xarici mətbuata müsahibəsində jurnalistin “Bundan sonra Azərbaycan və Ermənistan əlaqələri hansı şərtlərlə necə bir prosesə daxil olacaq” sualını cavablandırarkən bildirmişdir ki, bunu demək çox çətindir. Çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. İstəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir: «Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik.»

Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi ölkəmizin maraqlarına cavab verir. Bu, həmçinin Ermənistanın da maraqlarına uyğundur. Çünki Zəngəzur dəhlizi ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilərlər.

Reallıq budur ki, hazırda diktə edən tərəf Azərbaycandır. Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh müqaviləsinin bağlanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini nümayiş etdirir.

Günümüzün reallığı budur ki, Azərbaycan nə qədər sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, Ermənistan bir o qədər vəziyyətin gərginləşdirilməsinə səy göstərir. Ermənistanın «humanitar böhran» adı altında yaratdığı şou, Beynəlxalq Qırmızı Xaç Komitəsinin işğalçı dövlətə dəstəkdən irəli gələn addımları, Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin «prezident seçkiləri» adı altında apardığı qanunsuz fəaliyyət və sair kimi ədalətə və beynəlxalq hüquqa zidd əməllər işğalçı dövlətin sülh müqaviləsinin imzalanmasından yayınmasına yönəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “ prezident seçkilər”i ilə bağlı bəyanatında bildirilir ki, Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Konstitusiya və qanunlar təşkil edir. Atılan bu addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycanın konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarxili üçtərəfli Bəyanatda da bu müddəa öz əksini tapıb ki, erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmalıdır. Həmin vaxtdan üç ilə yaxın keçməsinə baxmayaraq Ermənistan nə bu Bəyanatda, nə də sülh müqaviləsinin imzalanması istiqamətində keçirilən görüşlərin sonunda imzalanan sənədlərdə əksini tapan müddəaların icrasına maraq göstərir. Təbii ki, buna səbəb yenə də havadarlarından aldıqları dəstəkdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, keçirilən «seçkilər»lə bağlı bir sıra dövlətlər, beynəlxalq təşkilatlar sərt mövqelərini nümayiş etdirib bunu beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünə zidd addım kimi dəyərləndirsələr də yenə də susan, seyrçi mövqedə dayanan artıq arxivə atılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətləridir. Dünyanın hüquq problemini yaşaması etimad mühitini heçə endirir.

Yeganə Əliyeva, «İki sahil»