12 sentyabr 2023 00:25
305

Abadlaşan kəndlərimiz firvavanlıq məkanına çevrilir

İşığı, suyu, qazı davamlı olan kəndlinin torpağa bağlılığı da möhkəm olur

Son 20 ildə dünya miqyasında Azərbaycan sürətlə inkişaf edən ölkələrin ön cərgəsindədir. Bu dövrdə iqtisdiyyatımız  3 dəfədən çox artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatı 65 milyard dollara çatıb. Xarici borcumuz isə 6 milyard dollardır ki, bu da  bizim valyuta ehtiyatlarımızdan 10,5 dəfə azdır. Yəni,  xarici borcumuz  ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir.

Bundan başqa, 2022-ci ildə  ölkəmizin  ümumi daxili məhsulunun (ÜDM) rekord həddə-134 milyard manata çatmasını, xarici ticarət dövriyyəmizin 50 milyard dolları ötməsini də müsbət tendensiya kimi dəyərləndirmək olar. Ona görə ki, bu inkişaf birmənalı olaraq ölkə əhalisinin rifah halını yüksəltməyə xidmət edib. Eyni zamanda, bu, bir gerçəklikdir ki, sosial rifahı yüksək olan vətəndaşın dövlətinə inamı da güclü olur və o, özünü daha inamlı və güvənli hiss edir.

Burada digər önəmli məsələ odur ki, ölkəmizin inkişafında sənaye ilə bərabər  kənd təsərrüfatının xüsusi rolu var. Yəni, Azərbaycanın inkişafı yalnız onun paytaxtının deyil, regionlarının da hesabına reallaşır. Bu, bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Rayon mərkəzləri, kənd və qəsəbələrimiz  sözün əsl mənasında yeni bir sima qazanıblar.  Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyə şərait yaradıb.

Bir sözlə, aparılan işlər kəndlə şəhər  arasındakı fərqi minimuma endirməyə hesablanıb və artıq bu istiqamətdə uğurlu nəticələr də var. Çünki 2004-cü ildən başlayaraq uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı olaraq həyata keçirilməkdədir.

Azərbaycan qlobal pandemiya dövründə belə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasını təxirə salmadı. Çünki Prezident İlham Əliyev ötən dövrlərdə genişmiqyaslı iqtisadi inkişaf üçün ciddi zəminlər yaratmışdı. Xüsusilə regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayan ölkə başçısı verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlamaq üçün tez-tez regionlara səfər edərək. həmçinin müxtəlif sosial obyektlərin, istehsal müəssisələrinin açılışında iştirak etməklə bu mərasimlərdəki çıxışlarında həm dövlətin gördüyü  işlərə, həm də əhalini narahat edən məsələlərə aydınlıq gətirir. 

Bölgələrimizdə aqrar sənayenin sürətli inkişafı da diqqət çəkir. Xüsusilə aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Son 5 ildə ölkəmizin 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və bir neçə iri fermer təsərrüfatları yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i sırf heyvandarlıq, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub.

Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəştlər tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Aqroparkların əhalinin məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 5 minədək işçi daimi, 6 mindən çox işçi isə  mövsümi işlə təmin olunub. Yaxın 2 il ərzində əlavə 4672 iş yerinin açılması nəzərdə tutulur.

Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan yol infrastrukturunun önəmini nəzərə alan Prezident İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə böyük investisiyalar qoyulub. Həm işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həm də ölkənin digər bölgələrində ən müasir yollar salınıb.  

Regionlarda sürətlə aparılan digər önəmli iş qazlaşdırmadır. Belə ki, hər il ölkənin 100 –dən artıq  kənd və qəsəbəsi  Dövlət Proqramına uyğun təbii qazla təmin edilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkə üzrə qazlaşdırma 96, 6 faizə çatdırılıb. Hətta bu gün ən ucqar dağ kəndlərində qazdan istifadə edilir.

Eyni zamanda, rayon mərkəzlərinin, kənd və qəsəbələrin su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində geniş işlər görülür. İndi rayon mərkəzlərində aparılan abadlıq-quruculuq işləri onların simasını tamamilə dəyişib. Bu gün ən ucqar rayon mərkəzlərinin sosial-iqtisadi panoraması belədir: böyük parklar, mədəniyyət evləri, Olimpiya İdman kompleksləri, bir-birindən zəngin ticarət mərkəzləri və daha nələr- nələr… Məhz bütün bunlar imkan verir ki, ən ucqar rayonlarda belə insanlar özlərini rahat hiss etsinlər.

Bəli, bu gün abadlaşan kəndlərimiz əsl firavanlıq məkanına çevrilir. Eyni zamanda, bu da bir həqiqətdir ki, işığı, suyu, qazı davamlı olan  kəndlinin torpağa bağlılığı da möhkəm olur.

Elçin Zaman, «İki sahil»