12 sentyabr 2023 01:14
369

Qarabağ və Şərqi Zəngəzur: Məskunlaşma uğurla həyata keçirilir

“Məskunlaşma və Böyük Qayıdış proqramı sürətlə icra olunur. Çünki infrastrukturun formalaşması Böyük Qayıdışın bir mərhələsidir. Ümumiyyətlə, məskunlaşma 4 mərhələdə həyata keçiriləcək.

Birincisi, minadan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsidir. Bununla bağlı işlər davam etdirilir. İkinci istiqamət infrastrukturun formalaşmasıdır. Nəqliyyat və logistika layihələri infrastrukturunun formalaşdırılması intensiv şəkildə və kifayət qədər sürətlə həyata keçirilir. Formalaşdırılmış infrastruktur da müasir standartlara uyğun olaraq reallaşır. Digəri isə təbii ki, sosial obyektlərin, inzibati binaların və eləcə də yaşayış evlərinin inşasıdır. Dördüncü mərhələ isə məskunlaşmadır. Bu baxımdan prosesin intensiv şəkildə həyata keçirilməsi ondan xəbər verir ki, məskunlaşma proqnozlaşdırıldığından və ya bizim gözlədiyimizdən daha tez baş verəcək.

Dövlət büdcəsindən və digər daxili mənbələrdən də vəsaitin cəlb edilməsi istiqamətində işlər görülür. Növbəti illərdə də gözlənilir ki, Azərbaycan dövlət büdcəsi bu istiqamətdə maliyyələşdirməni uğurla həyata keçirəcək. Bütövlükdə, bu gün Qarabağda, eləcə də Şərqi Zəngəzurda reallaşdırılan işlər ancaq daxili mənbələr hesabına həyata keçirilir. Azərbaycan xaricdən hər hansı bir borc almadan, heç bir asılılıq olmadan öz daxili imkanları hesabına Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur və müasir, beynəlxalq standartlara uyğun infrastruktur formalaşdırır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Bu mühüm məsələ ilə bağlı Prezident İlham Əliyevin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət başçısının tapşırığına əsasən artıq 3 ilə yaxındır ki, bu istiqamətdə müxtəlif işlər görülür, Böyük Qayıdış proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir.

Əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikiniti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən, hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun – digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. I Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə daha 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda ümumilikdə 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digər icraçılar isə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətidir. Bu ərazilərdə yeni yaşayış massivləri, müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan köç karvanı Füzuliyə çatıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib.

19 iyul 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndindən başlayan “Böyük Qayıdış” layihəsi bu gün də sürətlə davam etdirilir. Birinci mərhələdə Ağalı kənidinə 10 məcburi köçkün ailəsi köçürülsə də, növbəti mərhələlərdə bu say get-gedə artıb. Belə ki, artıq Ağalı inzibati ərazisində 108 ailə (526 nəfər) məskunlaşıb. İşğaldan əvvəl Ağalı inzibati ərazisi özündə 3 kəndi birləşdirirdi. Həmin vaxt Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) məskunlaşmışdı.

Zəngilandan əlavə Laçın şəhərinə də keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən daha 13 ailə (52 nəfər) Laçın şəhərinə yola salınıb. Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar.  Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Bununla da Laçın şəhərində 247 ailə, yəni, 956 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

İndiyədək “Böyük Qayıdış” layihəsi çərçivəsində 19 iyul 2022-ci il tarixdən bu günə qədər işğaldan azad edilən ərazilərə ümumilikdə 501 ailə (2049 nəfər) köçürülüb. Həmçinin Tərtərin Talış kəndinə 20 ailə (90 nəfər), Laçının Zabux kəndinə 20 ailə (88 nəfər) köçürülüb. Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin, yəni 10 minə nəfərə yaxın vətəndaşın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı nəzərdə tutulub. Bu ilin sonunadək Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı planlaşdırılıb.

Həmçinin bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsi də nəzərdə tutulub. Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıdışını təmin etmək üçün artıq ötən ilin avqust-sentyabr aylarından başlayaraq burada 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.

Azərbaycanın haqq işinə dəstək olan ölkələr bu prosesdə iştirak edirlər. Təbii ki, ölkəmizin şirkətləri də bu prosesdə fəallıq nümayiş etdirirlər, infrastruktur layihələrinin formalaşmasında və icrasında yaxından iştirak edirlər. Qardaş Türkiyəni təmsil edən şirkətlər bu prosesin fəal üzvüdür. İtaliya şirkətləri isə enerji şəbəkəsinin formalaşmasında iştirak edirlər. Bu baxımdan Azərbaycan elan etdiyi kimi, məhz birmənalı şəkildə savaş zamanı haqq işinə dəstək olan ölkələrin bərpa və yenidənqurma prosesinin daha fəal şəkildə iştirakında maraqlıdır və bu istiqamətdə intensiv işlər həyata keçirilir.

Zahid Rza, “İki sahil”