12 sentyabr 2023 02:59
449

Sentyabr döyüşləri: Erməni təxribatına növbəti sarsıdıcı zərbə

Ötən il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmək fikrində deyil

30 ildən çox müddət ərzində işğalçı Ermənistan Cənubi Qafqaz regionunda sabitliyi pozub, bölgəni qan çanağına çevirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, soyqırımlar, faciələr törədib, heç bir beynəlxalq norma və prinsiplərə məhəl qoymayıb, qəbul edilmiş qətnamələri yerinə yetirməyib. 2020-ci ilin yayında daha da azğınlaşmış düşmən növbəti təxribatlara əl ataraq məlum Tovuz hadisələrini törətdi. Bu döyüşlərindən sonra Ermənistanın siyasi-hərbi rəhbərliyi törətdiyi təxribatdan qürurla danışmağa başlamışdı. Bundan bir müddət əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə – yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Baş nazir Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışsa da, səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”. Ermənistanın hərbi-siyasi hakimiyyətinin bu kimi çoxsaylı müharibəyə çağırış və işğalçı çıxışlarından sonra Tovuz döyüşləri baş verdi. Nəticədə Azərbaycanın igid oğulları general Polad Həşimov, polkovnik İlqar Mirzəyev başda olmaqla 11 hərbçimiz şəhid oldu.

Bundan sonra səbir kasası daşan Azərbaycan nəhayət, 2020-ci ilin payızında işğala son qoydu. Azərbaycan Ordusu haqq işimizi başa çatdırdıqdan, yəni işğala son qoyduqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev dünyaya münaqişənin bitdiyini, Azərbaycanın sülh tərəfdarı olduğunu dəfələrlə, israrla bəyan etdi. Bölgədə davamlı sülhə, Ermənistanla əməkdaşlığa, kommunikasiyaların, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş Zəngəzur dəhlizinin açılmasına nail olmaq üçün Azərbaycan əlindən gələni etdi, bütün səylərini buna yönəltdi, humanizm prinsiplərini önə çəkdi. Qarabağda abadlıq işləri başladı, Qarabağdakı ermənilərin Ermənistanla əlaqəsi üçün Laçın dəhlizinə alternativ yol çəkildi, məhkum olunmuş erməni diversantların əksəri azad edilib geri qaytarıldı və s. Nəhayət, 2022-ci ildə Brüssel görüşündən sonra ilin sonunadək sülh müqaviləsinin imzalanacağından danışılırdı. Belə bir həssas məqamda Ermənistan sözün əsl mənasında növbəti hərbi cinayətə əl atdı. Avqustun sonlarından başlayaraq, demək olar ki, hər gün atəşkəsi pozan, mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutan düşmən sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında genişmiqyaslı təxribat törətdi. Baş verənləri hər kəs təəssüf və ağrı hissi xatırlayır: 80 Azərbaycan övladının şəhid olması hər birimizi dərindən sarsıtdı və kədərləndirdi. Eyni zamanda yenidən qisas hisslərimizi də körüklədi. Təxribatlar nəticəsində rəsmi məlumata əsasən 135, qeyri-rəsmi məlumatlara görə isə 400-dən çox erməni hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildi. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri texnika baxımından da böyük itkilər verərək geri çəkilməyə məcbur edildi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, düşmənin 53 döyüş mövqeyi məhv edilmiş, xeyli sayda strateji yüksəklik nəzarətə götürülmüşdür. Yəni, Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edildi. Azərbaycanın hər bir şəhidinin qisası qətiyyətlə alındı, onların qanı yerdə qalmadı.

Bütün bunlara baxmayaraq, Ermənistan bu gün də baş verənlədən nəticə çıxarmaq istəmir, beynəlxalq arenada Azərbaycana qarşı qərəzli kampaniyalarını davam etdirir, sülh danışıqlarını pozmaq üçün əlindən gələni edir. Paşinyan hökuməti real addımları, davranışları ilə kommunikasiyaların açılması, bölgədə təhlükəsizliyin təmin olunması, əməkdaşlığın başlaması yönündə irəli sürülən bütün təşəbbüslərə qarşı çıxır, atılan addımları sabotaj edir. Hər kəs şahiddir ki, Ermənistan 10 noyabr Bəyanatının tələblərini, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən birmənalı şəkildə imtina edir. Beləliklə, Ermənistan bir daha sübut etdi ki, sülh istəmir. Həmçinin, o da aydın oldu ki, Ermənistan hakimiyyəti xarici təsir dairələrinin əlində oyuncaqdır və bölgədə sülh olmasını istəməyən güclərin diktəsi ilə hərəkət edir.

Qanunsuz silahlı birləşmələrini Qarabağdan hələ də çıxarmayan, Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, əməldə əks addımlar atan İrəvan hazırda da regionda Azərbaycanın yaratdığı reallıqları dəyişməyə can atır. Hətta hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4 saylı hərbi korpusları fəal şəkildə gücləndirdiyi, son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması barədə məlumatları təsdiqləyirlər. Ermənistanın baş naziri Nikol Paşinyan bir daha “erməni sakinlərin öz müqəddəratını təyinetmə hüququ"na istinad edərək, Ermənistanın bu sakinlərlə bağlı məsələlərə onların təhlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqləyib. Beləliklə, o, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki bəyanatını mahiyyətcə heçə endirib. Məsələ ilə bağlı “Caliber” portalının məlumatında bildirilir ki, təmir və texniki hissələr durmadan işləyir, təmir oluna bilən hər şeyi işə salmağa çalışırlar: "Ermənistan Azərbaycanın Qarabağ bölgəsi ərazisində də silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftədə ehtiyatda on minə qədər hərbçi çağırılıb və bunun fonunda erməni hərbi ekspertlərin guya ölkədə səfərbərliyin aparılmaması ilə bağlı açıqlamaları “Azərbaycanın dezinformasiya kampaniyasından başqa bir şey deyil” deyə dünya ictimaiyyətini çaşdırırlar. Yaxın vaxtlarda həm öz daxili siyasi hesablamaları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimi tərəfindən ciddi hərbi təxribat gözləməyə əsas var. Artıq Ermənistanın paytaxtı İrəvandan böyük hərbi karvan Azərbaycanla şərti sərhədə gətirilib. Hərbi birləşmələrin yerdəyişməsi Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşdığını sübut edir. Qeyd edək ki, artıq neçə gündür Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla sərhəddə ordumuzun mövqelərinin atəşə tutulduğunu bildirir. Ekspertlər hesab edirlər ki, Kəlbəcər, Naxçıvan, Laçın, Zəngilan istiqamətində hərbi toqquşmalar mümkündür. Şübhəsiz ki, Ermənistan hərbi təxribatlarının miqyasını artırarsa, Azərbaycan Ordusu təhlükəsizliyi təmin etmək məqsədilə bunun qarşısını çox sərt şəkildə alacaq, heç bir avantüra və təxribat cavabsız qalmayacaq.

Sevinc Azadi, “İki sahil”