10 sentyabr 2023 12:36
334

Ermənistan yeni müharibəyə cəhd etsə... - ŞƏRH

Əgər Ermənistanın sərhəddəki eskalasiya cəhdləri Üçüncü Qarabağ müharibəsinə səbəb olacaqsa, İrəvanda Yerablur məzarlığının, Bakıda isə Hərbi Qənimətlər Parkının ərazisi genişlənəcək

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda, eləcə də ölkə daxilində keçirdiyi çoxsaylı rəsmi qəbul, görüş və çıxışlarında regionda sülh və birgəyaşayışla bağlı çağırışları təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi tərəfindən müsbət dəyərləndirilmədi. Halbuki, Cənubi Qafqazda birgəyaşayış və inkişaf Azərbaycandan daha çox Ermənistanın gələcəkdə bir dövlət kimi mövcudluğu üçün vacib idi.

Əslində gözlənilirdi ki, 44 günlük müharibədə bütün ordusu darmadağın edilmiş Ermənistan bundan sonra əsasında işğal dayanan dövlət ideologiyasından və bu vaxtadək yürütmüş olduğu anneksiya siyasətindən imtina edəcək, aqoniya vəziyyətinə düşmüş cəmiyyətin birliyini və dövlətin gələcək mövcudluğunu təmin etmək üçün Azərbaycanın sülh naminə irəli sürdüyü, beynəlxalq hüquqa əsaslanan məqbul şərtlərini qəbul edəcək, bununla da Cənubi Qafqaz regionunun gələcək tərəqqisinə töhfə verməklə özü də bu inkişafdan yararlanmış olacaq.

Təəssüf ki, Vətən müharibəsindən sonra ötən üç ili 2018-ci ildə oxlokratiyanın favoriti kimi hakimiyyətə yiyələnmiş, əslində isə siyasi liderlik xüsusiyyətlərindən tamamilə məhrum hazırki Ermənistan siyasi rəhbərliyinin destruktiv fəaliyyətini bu dövrdə aparılmış diplomatik danışıqlara və Azərbaycan ilə Ermənistan arasında bağlanılmasına ümid edilən sülh müqaviləsinə zərbə kimi dəyərləndirmək olar.

O da həqiqətdir ki, daim Fransa, ABŞ və Rusiyadakı erməni lobbisinin, eləcə də erməni milli kimliyinin mərkəzi kimi qəbul edilən Qriqorian kilsəsinin təsirində olan Ermənistan həm xaricdən idxal edilən, həm də daxildə formalaşdırılan bəşəriyyət üçün təhlükəli ermənizm ideologiyasının təsirində olmuşdur. Ermənistan müstəqillik əldə etdikdən sonra Qarabağı işğal edən hərbi rəhbərliyin siyasi hakimiyyətə yiyələnməsi ilə xüsusilə azərbaycanlılara, tarixən türklərə qarşı formalaşdırılan millətçilik, düşmənçilik, nifrət, zorakılıq, eləcə də işğala əsaslanan siyasi ideologiyanın təbliği daha mürtəce bir forma almışdır.

Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı həyata keçirilmiş ağır hərbi cinayətlər - işgəncə, terror, soyqırımı kimi faktlar, eləcə də Qarabağda törədilən urbisid, kultursid və ekosid məlum səbəblərə görə nəinki “humanist” erməni ictimaiyyəti tərəfindən heç vaxt qınanılmamış, əksinə, bu cəmiyyətin ziyalıları azərbaycanlılara qarşı hər cür bəşəri cinayətə haqq qazandırmış və bu cür cinayətləri törədənləri tərənnüm edərək milli səviyyədə qəhrəmanlaşdırmışlar.

Beynəlxalq aləmdə daha çox çevrilişləri və siyasi qarşıdurmaları maliyyələşdirən fondların gələcək maraqlarını təmin edəcək siyasi marionet kimi dəstəklənən Nikol Paşinyan ilk günlərdə üzünə hər nə qədər demokrat maskası taxsa da, tezliklə məlum oldu ki, onun da Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki fikirləri özündən əvvəlki erməni siyasi rəhbərlərindən fərqlənmir.

Əgər Ermənistanın əvvəlki siyasi rəhbərliyi mövcud status-kvonu saxlamaq naminə özlərinin erməni milli kimliklərinə məxsus avantüra ilə guya sülh üçün danışıqlar prosesini davam etdirdiklərinin görüntüsünü yaratmağa nail olmuşdularsa, N. Paşinyan heç buna da ehtiyac görmədi.

Sonrakı dövrlərdə Ermənistanın siyasi, hərbi rəhbərliklərinin destruktiv davranışı və ritorikası, “Artsax respublikası” adlı qondarma qurumun parlament binasının Xankəndidən Şuşaya köçürülməsi cəhdləri, Nikol Paşinyanın dəstək aldığı xarici qüvvələrlə Şuşada qol-boyun yallı oynaması, bu ölkənin keçmiş müdafiə nazirinin “Yeni ərazilər uğrunda yeni müharibə”, baş nazirinin isə “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları, daha sonra isə Azərbaycanın Ermənistanla sərhəd, lakin münaqişə zonasından kənar rayonu olan Tovuzda törətdiyi təxribatlar, eləcə də sərhəd və təmas xətti boyunca vəziyyətin hərbi eskalasiyası, əslində, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılmış 26 illik diplomatik danışıqları məhv etdi və İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu.

44 günlük İkinci Qarabağ müharibəsinə Azərbaycanın Zəfəri, Ermənistanın isə kapitulyasiyası ilə son qoyuldu. Müharibənin gedişində Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbə alan Ermənistanın imzaladığı kapitulyasiya sənədinə əsasən, bu ölkənin ordusunun qalıqları Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməyə məcbur qaldılar.

2020-2023-cü illər Qarabağ və Şərqi Zəngəzur rayonlarının minalardan təmizlənməsi və həmin ərazilərin Azərbaycanın iqtisadiyyatının drayverinə çevrilməsi üçün ayrılan milyardlarla manat dövlət investisiyası sayəsində həmin ərazilərdə genişmiqyaslı bərpa, tikinti-quruculuq işlərinin aparılması, Qarabağ sakinlərinin Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə qayıdışı, eləcə də Laçın və Füzuli şəhərlərində ilk məskunlaşmanın həyata keçirilməsi kimi mühüm hadisələrlə əlamətdardır.

Təəssüflər olsun ki, Ermənistanın siyasi rəhbərliyinin hələ də revanşizmdən əl çəkməməsi, eləcə də iki dövlət arasında münasibətlərin nizamlanması üçün böyük dövlətlər və bir sıra beynəlxalq təşkilatlar tərəfindən yaradılmış siyasi platformalardakı görüşlərdən sonra daxili auditoriya qarşısında səsləndirdiyi irreal, irrasional çıxışları, bir sözlə, destruktiv mövqeyi səbəbindən bölgədə yaranmış kövrək sabitliyi daimi sülhə çevirmək mümkün olmadı və göstərilən səylər səmərəsiz olaraq qalmaqdadır.

İkinci Qarabağ müharibəsindən ötən təqribən üç il ərzində yekun sülh müqaviləsinin imzalanması üçün Rusiyanın, Avropa İttifaqının və ABŞ-ın vasitəçiliyi ilə keçirilən diplomatik danışıqların nəticəsində nailiyyət kimi dəyərləndirilən razılaşmalar, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı səsləndirilən bəyanatlar sonrakı aylarda sanki inkar edilməyə başlanılıb.

Aydındır, regionda daim özlərinin müxtəlif cür maraqlarını təmin etməyə çalışan qüvvələr bilirlər ki, Azərbaycan ilə Ermənistan sülh müqaviləsi imzalanarsa, bölgəyə təsir imkanlarını itirəcəklər. Cənubi Qafqaza istənilən müdaxilə və bölgədə mövcudluq qeyri-sabitlik şəraitində mümkündür. Hazırki şəraitdə Azərbaycan bölgədə toqquşan maraqları uzlaşdıran, regionun inkişafına töhfə verən sabitləşdirici amil olduğu üçün Ermənistan və onun irrasional siyasi rəhbəri bu bölgəyə təsir və təzyiq üçün münasib alətdir.

Bu bir həqiqətdir ki, 2020-ci ilədək böyük dövlətlərin Ermənistanı intensiv silahlandırması, erməni lobbisinin ianələri, Qarabağın dünyada ən sıx minalanmış və yüksək hərbiləşdirilmiş passiv zonaya çevrilməsi nə Ermənistanın iqtisadi tənəzzülünün, nə də hərbi məğlubiyyətinin qarşısını ala bilmədi.

Bu illər ərzində Ermənistana hədiyyə edilmiş həmin silah və sursatın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş qalıqlarını bu gün hər bir azərbaycanlı Bakı şəhərində salınmış Hərbi Qənimətlər Parkında böyük qürur və iftixar hissi ilə seyr edir. İşğala əsaslanan siyasətin isə hansı nəticələr verdiyini hər bir erməni İrəvandakı Yarablur qəbiristanlığında görür və acı göz yaşları tökür.

Görünən odur ki, Prezident İlham Əliyevin bu ölkəyə və onun siyasi rəhbərliyinə çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistanda revanşizm yenidən dirçəlir. Bu ölkənin siyasi rəhbərliyi Rusiya-Ukrayna müharibəsinin gedişində həm beynəlxalq aləmin sülh naminə çağırışlarına, həm də özünün mövcudluğuna borclu olduğu bir dövlətlə müttəfiqliyinə xəyanət edərək ikili oyun oynayır, iqtisadiyyatında “nail olduğu” süni artımdan qazandığı vəsaiti dövlətin və xalqın problemlərinin həllinə sərf etməkdənsə, silahlanmaya ayırır. Alınan silahların əsasən hücum xarakterli olduğu bu ölkənin gələcək niyyətindən xəbər verir.

Son vaxtlar Ermənistan açıq şəkildə hərbi avantüraya girərək səngərlər qazır, istehkamlar qurur, sərhədə şəxsi heyət və texnika toplayır. Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki bəyanatlarına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində yaradılmış qondarma quruluşun yaradılmasının “ildönümü” münasibətilə təbrik mesajı verərək, daha bir təxribata yol açır. Bütün bu hərəkətlər 2020-ci il sentyabrın 27-nə gedən yolu xatırladır.

İstər Ermənistanın havadarları, istərsə də bu ölkənin baş naziri - Cənubi Qafqazın əsas siyasi jonqlyoru unutmasın ki, onun kəndir üstündə iki stulda oturmaq cəhdləri erməni xalqına fəlakət gətirəcək. Ümumiyyətlə, bu cür siyasi kəndirbazlıq cəhdləri Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu üçün heç bir ümid vəd etmir. Əgər Ermənistanın sərhəddəki eskalasiya cəhdləri Üçüncü Qarabağ müharibəsinə səbəb olacaqsa, İrəvanda Yerablur məzarlığının, Bakıda isə Hərbi Qənimətlər Parkının ərazisi genişlənəcək. Şəhərdəki sürətli inkişaf səbəbindən yenilikləri tez-tez görməyə alışmış Bakı sakinləri bu dəfə Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusu tərəfindən Ermənistanın darmadağın edilmiş yeni silahlarını tarixi eksponat kimi daha maraqla qarşılayacaqlar. ( AZƏRTAC)