09 sentyabr 2023 19:23
335

Qərbi Azərbaycana ermənilərin köçürülməsi: tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması -  ARAŞDIRMA

Azərbaycanlılar indiki Ermənistan ərazisində e.ə. II yüzillikdən yaşamağa başlayıblar. Kimmer, sak, quqar, şirak, qarqar, şadılı, kəngərli, cinli, oğuz, sabunçu, baharlı, bayandur, əfqan, qacar, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkmən, ayrım, qarapapaq, zəngi, muğanlı, bayat, ilxıçı, kolanı, kürəkənli (körakanlı) və başqa türk qövmləri bölgədə yaşayan köklü tayfalar olublar. Qərbi Azərbaycan ərazisində, həmçinin Azərbaycan türklərinin soykökündə iştirak etmiş varsaq, barsil, şiraq (siraq), qaşqay, saq, arsaq, bulqar kimi türk tayfaları da çox qədim zamanlardan bu ərazilərdə yaşayıblar. Qərbi Azərbaycan ərazisi e.ə. IV yüzillikdən – eramızın 705-ci ilinə qədər qədim Azərbaycan dövləti Albaniyanın, VIII–IX yüzilliklərdə Ərəb xilafətinin, XI–XIII yüzilliklərdə Səlcuqlu dövlətinin, XIII–XIV əsrlərdə Böyük Monqol imperiyasının, 1410–1468-ci illərdə Qaraqoyunlu, 1468–1501-ci illərdə Ağqoyunlu, 1501–1736-cı illərdə Səfəvilər, 1736–1747-ci illərdə isə Əfşarlar dövlətinin tərkib hissəsi olub. XVI yüzilliyin sonları və XVIII yüzilliyin 20-ci illərində Osmanlı–Səfəvi müharibələri zamanı iki dəfə Osmanlı imperiyasının tərkibinə qatılan İrəvan xanlığı 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Gəmibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd–Parçeniş, Saatlı, Talın, Seyidli–Axsaxlı, Sərdarabad, Karpibasar, Abaran, Dərəçiçək və Göyçə. Bütün bunlar Qərbi Azərbaycanın əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd olmasını təsdiq edir.

Bu sözlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyevin “Qərbi Azərbaycana ermənilərin köçürülməsi və tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması” sərlövhəli məqaləsində yer alıb. “İki sahil” AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

XIX əsrin əvvəllərində Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay müqaviləsi, Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan, Türkmənçay və Ədirnə müqavilələrindən sonra böyük dövlətlərin dəstəyi və himayəsi nəticəsində İran və Türkiyə ərazisindən ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi siyasəti həyata keçirilib.

İrandan ermənilərin Qərbi Azərbaycana köçürülməsi: 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi. Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq üçün bir il, daşınmaz mülkə gəldikdə isə onun satılması və ya onun haqqında öz xoşuna sərəncam/vəkalət üçün 5 illik müddət müəyyən edilmişdi. Polkovnik Lazarev xristianların Rusiya ərazisinə köçürülməsinin nəticələri haqqında qraf Paskeviç - Erivanskiyə 1829-cu il dekabrın 24-də yazdığı yekun hesabatlarda göstərir ki, köçürmə işlərinə 1828-ci il fevralın 26-da başlayıb və iyunun 11-də başa çatıb. Bu müddət ərzində 8249 xristian ailəsi (onlardan cəmisi 100-ə qədəri aysor ailəsi, qalanları ermənilər olmuşdur) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdü. 1829-1832-ci illərdə erməni vilayətində kameral siyahıyaalma keçirmişdi. Statistik məlumatlara görə, İrandan köçürülən ermənilər 366 ailə tərkibində 1715 nəfər İrəvan, 265 ailə tərkibində 1110 nəfər Naxçıvan və 36 ailə tərkibində 182 nəfər Ordubad şəhərlərində yerləşdirilmişdi. Köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirilmişdi. Ümumiyyətlə, İrəvan əyalətində 4599 ailə tərkibində 23 min 568 nəfər, Naxçıvan əyalətində 2137 ailə tərkibində 10 min 652 nəfər, Ordubad dairəsində 250 ailə tərkibində 1340 nəfər erməni yerləşdirilmişdi. Nəticədə “erməni vilayətinə” 6949 ailə, tərkibində 35 min 560 nəfər köçürülmüşdü. Əgər yeni təşkil edilmiş erməni vilayətində müsəlmanların sayı 81 min 749 nəfər (16 min 78 ailə) və ermənilərin sayı 25 min 131 nəfər (4428 ailə) olmuşdusa, İrandan erməniləri köçürdükdən sonra onların sayı 60 min 691 nəfərə (11 min 377 ailə) çatmışdı. Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə qalxmışdı. Əgər nəzərə alsaq ki, ümumiyyətlə, İrandan köçürülən 8249 ailədən 6949-u erməni vilayətində yerləşdirilib, onda belə qənaətə gəlmək olar ki, yerdə qalan 1300 ailə Qarabağa və Zəngəzura köçürülüb.

Türkiyədən ermənilərin Qərbi Azərbaycana köçürülməsi: 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra erməni vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində) aparılan siyahıyaalınmanın nəticələrinə görə, vilayətin ərazisinə 21 min 666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdlərinin köçürüldüyü göstərilir. Köçürülən ermənilər Qırxbulaq, Sürməli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və Göycə mahallarının 129 kəndində yerləşdiriliblər. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən Şörəyel-Pəmbək distansiyasına köçürülüblər. Köçürülənlərin arasında 169 yunan və 963 nəfər erməni katolikləri (frankları) var idi.

Tarixi sənədlər göstərir ki, bu, düşünülmüş, ardıcıl, məqsədyönlü bir proses olub. Rus tarixçisi İvan Şopenin kitabındakı faktlar da bunu təsdiqləyir. Müəllifə görə, 1828-1832-ci illərdə erməni vilayətində 1111 yaşayış məskəni olub ki, bunlardan da cəmi 62 kənddə yerli ermənilər məskunlaşıb. 1069 kənddə isə Azərbaycan türkləri yaşayırdı.

Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdi. Şörəyel bölgəsinin (Gümrü ətrafı - indiki Axuryan rayonu) əhalisinin vaxtilə Türkiyədən köçürülən ermənilərdən ibarət olması haqqında Zori Balayan “Ocaq” kitabında yazır: “Demək olar ki, bu bölgənin bütün əhalisi Qars, Van, Muş və Bitlisdən, Qərbi Ermənistanın bir çox əyalətlərindən olan bədbəxt qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan rayonunda (keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dən artıq yaşayış məskənindən, türk yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib məskunlaşmışlar”. Z.Balayan bu bölgənin əhalisinin bütünlüklə Türkiyədən gələn ermənilərdən ibarət olmasını qeyd etməklə, həmin ərazidə vaxtilə türklərin məskunlaşmış olduğunu bilavasitə təsdiq etmiş olur.

İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam edib. Həmin dövrdə ermənilərlə yanaşı, yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yerləşmişdilər. 1834-cü ilin məlumatına görə İrəvan əyalətində Bayaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məksunlaşmışdılar. Ələyəz dağının ətəyində bir sıra boşalmış türk kəndlərində də Türkiyədən gələn yezidi kürdləri məskunlaşmışdı. Yezidi kürdləri 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində məskunlaşmışdılar. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və Kiçik Cəngi kəndlərində gəlib yerləşmişdilər. Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən bu kəndləri əhatə edən Arağats rayonu təşkil edilmişdi. Türkiyədən köçürülən yunanlar isə əsasən Şörəyel-Pəmbək distansiyasının Alakilsə, Bayandur, Sisimədən kəndlərində və Gümrüdə yerləşdirilmişdilər. Sonralar yunanlar Ermənistanda tamamilə assimilyasiyaya uğrayaraq tədricən erməniləşdilər.

Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra erməni vilayətinə (İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə) İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi 25131 nəfər (4428 ailə) erməni yaşayıb. Müharibələrin nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşüb, orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil edib, nəticədə müsəlmanları sayca üstələmişdir.

Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində bölgədə əhalinin etnik tərkibi dəyişib. Belə ki, tarixi torpaqlarımız iğtişaş və münaqişə mənbəyinə çevrilib. Soyqırımılar və azərbaycanlılara məxsus yaşayış yerlərinin yandırılması, deportasiya, tarix və mədəniyyət abidələrinin dağıdılması, tarixi-maddi nümunələrinin adlarını dəyişdirərək erməniləşdirib bölgədəki azərbaycanlı izlərini silməyə çalışmaq, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət abidələrini ya məhv etmək, ya da “qədim ermənilərə” aid olmaları barədə saxta tarixi sənədlər hazırlamaq, abidənin mənsubiyyətini dəyişdirməklə öz adlarına çıxmaq kimi hallar bu siyasətin tərkib hissəsi idi.

Qərbi Azərbaycanın erməniləşdirilməsi məqsədilə İrəvan, Göyçə, Zəngəzur və digər bölgələrdə yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. Erməni köçkünlərin sayının mexaniki şəkildə artırılması nəticəsində regionda marağı olan böyük dövlətlərin dəstəyi ilə 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan torpaqları olan keçmiş İrəvan xanlığı ərazisində tarixdə ilk dəfə olaraq erməni dövləti yaradılaraq Azərbaycan torpaqları hesabına tədricən onun ərazisini böyüdüblər. Bolşeviklərin xidməti sayəsində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan Azərbaycandan ayrı salınıb.

Bütün bunlarla yanaşı, 1905–1907, 1918–1920, 1948–1953, 1959–1979 və 1987–1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi aparılıb. 1987–1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40 min 928 ailə) 300 mindən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb, bir hissəsi qətlə yetirilib, yaralanıb və yollarda qar çovğununa düşərək həlak olublar.