08 sentyabr 2023 23:43
253

İnnovasiyalar ölkəsi...

“BNN Breaking”: Azərbaycan rəqəmsal texnologiyaların inkişafı baxımından regional liderdir

İnformasiya-kommunikasiya texnologiyaları müasir dövrün ən başlıca tələblərindən biri və elə birincisidir. Bu gün demək olar ki, bütün sahələrdə yeni nəsil texnologiyaların xidmətindən istifadə edilir. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr informasiya-kommunikasiya texnologiylarının təsir dairəsindədir. Hazırda demək olar ki, hər kəs internet istifadəçisidir. İnternet hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır və indiki dövrdə demək olar ki, əlçatmaz informasiya yoxdur. Ümumiyyətlə, informasiya texnologiyalarından, informasiya resurslarından fəal, optimal istifadə əlbəttə ki, cəmiyyətin rifahının yaxşılaşdırılmasına əsaslı zəmin yaradır. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” hazırlanması da təsadüfi deyildi. Burada da məqsəd məhz nəzərdə tutulan işləri sistemli şəkildə, dövrün tələblərinə uyğun olaraq, özü də rəqabət qabiliyyətli şəkildə həyata keçirməkdən ibarət olub və elə həmin strategiya da məhz bu səbəbdən hazırlanıb.

Prezident İlham Əliyevin rəhbərliyi və müvafiq fərmanları ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkının yaradılması ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ informasiya kommunikasiya texnologiyaları sənayesinin inkişaf etdirilməsi məqsədi daşıyıb.

Xüsusilə qeyd etmək yerinə düşər ki, “Elektron Hökumət” hazırda müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə yüksək səviyyədə şərait yaradır. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü olaraq get-gedə daha da dərinləşir. Ona görə ki, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı da, həcmi də artmaqda davam edir. Elə buna görə də insanlar, vətəndaşlarımız informasiya texnologiyalarına daha yaxından bələd olur, onun imkanlarından yararlanırlar. Bu səbəbdən də cəsarətlə deyə bilərik ki, Azərbaycanda bu iş tam qənaətbəxş hesab olunur.

Bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırmağa xidmət edən islahata imza atılması, daha dəqiq desək, Azərbyacan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması bu istiqamətdə görülən işlərin daha çox nəzərə çarpanıdır. ASAN Beynəlxalq Assosiasiyası Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan təşkilatdır və bu təşkilatın yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində uğurlu təcrübələrin, modellərin təşviqi və hətta digər ölkələrdə də tətbiqidir.

Onu da diqqətə çatdıraq ki, Prezident İlham Əliyevin 2009-cu ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” müasir kosmik layihələrin həyata keçirilməsinə Azərbaycanda start verilib və bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb, eləcə də "Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib. Hər şeyin, məişətdə, sənayedə və digər sahələrdə istifadə etdiyimiz hər nə varsa elektronlaşması və internetə çıxış imkanının olması artıq Dördüncü Sənaye İnqilabı deməkdir. Dəyişikliklərin çox sürətli olduğu göz önündədir və əsas məsələ bu dəyişikliklərə uyğunlaşmaqdan bu prosesdən geri qalmamaqdan gərəkir. Bunun üçün də informasiya  kommunikasiya texnologiyalarının inkişafı ön planda olmalıdır, necə ki, ölkəmizdə elə ön plandadır.

Təsadüfi deyil ki, Azərbaycan rəqəmsal texnologiyaların və İKT infrastrukturunun inkişafı baxımından regionun lider ölkəsinə çevrilib. Bu barədə “BNN Breaking” nəşrində dərc olunan “Azərbaycanın rəqəmsal transformasiyası: ICIEC-in rolu” adlı məqalədə deyilir. Bildirilir ki, son illər Azərbaycan hökuməti rəqəmsal texnologiyaların və İKT infrastrukturunun inkişafı istiqamətində vacib addımlar atıb: “Azərbaycanın rəqəmsal transformasiya proqramı iqtisadi mənzərəni dəyişmək və ölkənin rəqəmsal sektorda qlobal statusunu artırmaq potensialına malikdir”.

Müəllifin fikrincə, bu yaxınlarda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü Azərbaycanla ICIEC arasında əməkdaşlığın inkişafında irəliyə doğru daha bir addım olub: “Bu əməkdaşlıq planların həyata keçirilməsinə töhfə verə və Azərbaycanın rəqəmsal transformasiyasının sürətləndirilməsində unikal rol oynaya bilər”.

Məqalədən də aydın olur ki, İKT və nəqliyyat kimi vacib sahələrə diqqət yetirilmək yolu ilə tərəfdaşlıq əlaqələri Azərbaycanda ölkənin iddialı inkişaf məqsədlərinə uyğun olan və əlverişli biznes mühitini dəstəkləyən yaxşı planlaşdırılmış, rəqəmsal əsaslı iqtisadi strukturun yaradılmasına səbəb olacaq.

Həqiqətən də, Azərbaycan hər bir sahədə olduğu kimi, İKT sahəsində özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Bu reallıq sayəsində Azərbaycan məhz dünyanın inkişaf edən ölkələri sırasındadır. Məhz ölkə rəhbərimizin siyasətinin mərkəzində insan amilinin dayandığı, amalının qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaq olduğu təkzibedilməzdir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq ölkə rəhbərimizin həqiqətən də həyat fəlsəfəsidir və biz bunu hər addımda görməkdəyik.

Nigar Orucova, “İki sahil”