09 sentyabr 2023 00:36
318

Sülhü bulandırmaq xülyası

Cəhənnəmə gömülən Ermənistana yoldaş olan Fransa hay sevdasının güdazına gedir

Postmüharibə dövründə Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən Fransa açıq şəkildə ölkəmizə qarşı qərəzli mövqedən çıxış edir, ermənipərəst yanaşma sərgiləyir və zaman-zaman, hətta Ermənistandan daha çox erməni rolunu, funksiyasını yerinə yetirir. Lakin Fransanın öz daxilindəki çəkişmələrdən, problemlərdən "xəbəri" yoxdur. Belə ki, son illər ölkədə keçirilən aksiyaların sayı-hesabı bilinmir. Fransızlar pensiya islahatlarının təkmilləşdirilməsi tələbini irəli sürsələr də, hakimiyyət xalqın istəklərini gözardı edir. Bundan başqa, Fransa Afrikadakı nüfuzunu da itirib. Niger və Qabondakı aksiyalar buna əyani sübutdur. Bütün bunlar son zamanlar Fransanın xarici siyasətində böyük boşluqların və düzgün olmayan hesablamaların aparılmasından xəbər verir. Bu kimi problemləri həll etmək əvəzinə nüfuzunu itirən Makron Fransası Cənubi Qafqaza təsir imkanları axtarışındadır.

Bəs Fransanın bu qədər problemlə üzləşdiyi bir dövrdə Cənubi Qafqazda aktivlik göstərməsinin, Azərbaycan- Ermənistan münasibətlərinin gərginləşməsi yolunda göstərdiyi canfəşanlığın səbəbi nədir?!

Hazırkı dönəmdə Emmanuel Makron hakimiyyəti ölkəsindəki erməni diasporunun oyuncağına çevrilib. Düzdür, burada Makronun da öz siyasi məqsədləri var, ancaq tam olaraq hazırkı vəziyyətdə Ermənistan Fransanın kölgəsində mürgüləməkdədir. Fransa Cənubi Qafqaza müdaxilə etməkdə çox israrlıdır. Hazırkı vəziyyətdən istifadə edərək Ermənistanı öz təsir dairəsinə salmaqla tam olaraq məqsədlərini həyata keçirməyə çalışır. Fransa Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dəstək vermək əvəzinə  təxribatçı addımları ilə bölgədə gərginliyi daha da artırır.

Rəsmi Paris humanitar yardım adı ilə yenidən ölkəmizin daxili işlərinə qarışmaqdadır. Guya Xankəndidə yaşayan erməni əsilli vətəndaşların "aclıqdan" xilas edilməsinə çalışır. Fransanın “humanitar yardım” adlı təxribat kolonuna Paris şəhərinin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın başçılıq etmələri bir daha təsdiqləyir ki, bu ölkənin dövlət rəsmiləri sanki öz vəzifələrinin nədən ibarət olduğunu unudublar və "aciz ermənilərin" həyat tərzi ilə məşğul olurlar.

Əslində, Fransa Cənubi Qafqazda tarixən nüfuz sahibi olmayıb. Sadəcə olaraq Ermənistanla yaxın münasibətlərindən istifadə edən Fransa bölgənin indiki həssas məqamında bu yolla Cənubi Qafqaza təsir etməyə cəhd göstərir. Paris meri Ann İdalqonun Ermənistan-Azərbaycan şərti sərhədinə gəlməsi, ermənilərə "humanitar" yüklər gətirərək siyasi şou göstərməsi də Fransanın regionda hegemonluq iddiasından irəli gəlir. Özünü “demokratiya beşiyi” zənn edən Fransa Prezidenti Emmanuel Makronun və bu ölkənin digər yüksək vəzifəli rəsmilərinin, parlament təmsilçilərinin səsi Ermənistan rəhbərliyinin və Xankəndidə yuva salan separatçıların uydurduqları “humanitar böhran” xorunda çox ucadan eşidilir. Onların canfəşanlığı, haray-həşir salmaları fonunda elə təəssürat yaranır ki, sanki uydurulan “humanitar böhran” Fransanın ən mühüm strateji məsələsidir və dövlətin bundan savayı qayğısı  və problemi yoxdur.

Xatırladaq ki, bir qədər bundan əvvəl Xankəndidə erməni əhalisinin “humanitar böhran”la üzləşməsi məsələsi məhz Fransanın səyləri ilə BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılmışdı. Bundan sonra eyni mövzu yenə də Fransa rəsmilərinin təkidi ilə səfirlər konfransında gündəmə gətirildi.

Fransanın hazırkı hakimiyyəti Ermənistana humanitar yardım göstərməyə cəhd etməkdənsə, sərvətlərini mənimsədiyi Afrika ölkələrinə kömək etsin. Çünki Afrika ölkələri uzun illər Fransanın müstəmləkəsi olub və olmazın məhrumiyyətlərinə məruz qalıblar. Yaxşı olar ki, bu dövlət uzaq sərhədlərə iştah salıb, Cənubi Qafqaza boylanmaqdansa, Ermənistanın aclıq şoularına qatılıb vaxtını itirməsin. Humanitar yardım adı ilə saxta sevgilərlə ermənilərə yalan vədlər verməsin.

İşğalın davam etdiyi 30 ilə yaxın müddətdə azərbaycanlıların öz evlərindən kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın indi Ermənistanın saxta təbliğatlarına istinadən bölgədə erməni sakinlərini bəhanə gətirərək öz məkrli siyasətini yürütməyə çalışması ciddi narahatlıq doğurur. Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılaşmalar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycanın ərazilərindən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə əsl maneə olduğunu da rəsmi Parisə  xatırlatmaq yerinə düşər.

Onu qeyd etmək lazımdır ki, Fransanın Cənubi Qafqaz regionuna yol tapması o qədər də asan deyil. Bu önəmli bölgənin aparıcı dövləti olan Azərbaycan Fransanın Cənubi Qafqaza yerləşmək cəhdlərini bloklayır. Rəsmi Parisi Azərbaycan ilə heç bir siyasi-iqtisadi, hərbi-strateji, mənəvi-tarixi və s. əlaqə bağlamır. Əksinə, Fransanın ənənəvi ermənipərəst mövqeyi rəsmi Bakını bu Avropa ölkəsinə münasibətdə maksimum səviyyədə ehtiyatlı davranmağa, hətta mümkün qədər məsafə saxlamağa sövq edir.

Afrikada, Asiyada yaratdığı yoxsulluq probleminin, qeyri-sabitliyin həlli istiqamətində addım atmaq əvəzinə Cənubi Qafqaza müdaxilə cəhdlərini intensivləşdirən Fransa Azərbaycan-Ermənistan münasibətlərində söz sahibi  ola bilməz. Başqa sözlə, Cənubi Qafqaz Fransanın girə biləcəyi, burada hansısa siyasi oyun oynaya biləcəyi məkan deyil. Burada artıq Azərbaycanın xüsusi lider gücü və rıçaqları var. Xüsusilə də hazırda dünyanın güc mərkəzlərindən birinə çevrilən Türkiyənin burada rolu getdikcə artır. Burada əsas söz sahibi Azərbaycandır, Türkiyədir, türk dünyasıdır. Fransanın burada hansısa bir şəkildə manipulyasiya etmək arzusu ürəyində qalacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”