09 sentyabr 2023 00:09
1639

Seymurhəzikimilərin “vətənpərvərliyi”...

Künc zərbəsi

Bunlar nə yeyirlər, nə içirlər, haraları ilə və necə düşünürlər, görəsən? Adını “siyasətçi” qoyub özünü savadlı göstərməyə çalışmaqla deyil ki. Əgər savad və üstəgəl əgər varsa səbat “pərvər”i ola bilmədiyin, adından şəxsinin, yaxud kiminsə maraqlarını “doyuzdurmaq” üçün istifadə etdiyin Vətənin düşmənlərinə, xainlərinə, satqınlarına xeyir verəcəksə Allah kəssin onu da, belə “vətənpərvərliyi” də. Halbuki bəzilərinin, məsələn, beşcə min halal üzv toplayıb qeydiyyatdan keçə bilməyəcək qədər xalqın gözündən də, sözündən də düşmüş AXCP adlı hazırda havada olan qurumun sədr müavini Seymur Həzinin dar düşüncəsi ilə yozumlamağa çalışdığından çox geniş anlayışdır “vətənpərvərlik”. Bura təkcə xəritədəki quruluşunu qartala oxşatdığımız, suveren deyib bağrımıza basdığımız, daşı, qayasının mamırı olmağı şərəf bildiyimiz Vətən torpaqlarına olan sevgi daxil deyil. Bu, qeyd-şərtsiz Seymur Həzinin, onun arxasına düşüb getdiklərinin tam anlaya bilmədiyi qədər böyük anlayışdır. “Vətənpərvərlik”də insana da sevgi var, mənsub olduğun millətə də, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq vətəndaşlarının topluluğunun adı olan xalqa da, sərhədlərini qoruyan, xor baxan düşmənin gözünü oymağa hazır əsgərə, orduya da, Vətənin varlığının, gücünün, qüdrətinin məsulu dövlətə də. İnsanını, millətini, xalqını, ordusunu və təbii ki, dövlətini sevməyi bacarmayan seymurhəzikimilərin “vətənpərvərliyi” də siyasi saxtakarlıqdan başqa bir şey deyil. Hə, tək sevmək də azdır axı. Vətənpərvərsənsə sevgini sədaqətinlə də göstərməlisən. Vətənin düşmənlərinə yox ha. Onun adı satqınlıqdır, xainlikdir! “Ermənistanda torpağımız yoxdur” (Ermənistanın yerləşdiyi bütün ərazi tarixi torpaqlarımız deyil ki?-M.R.), “Qarabağda Rusiya ilə döyüşəcəyikmi” deyən Seymur Həzinin etdiyi kimi...   

O ki qaldı demokratiyaya, demokratiya nələrinsə xatirinə kimlərinsə tapşırıqlarını yerinə yetirənlərin əlaltılığını etmək üçün arxasında gizlənməyə vasitə deyil. Olmasaydı, bu qədər ağızlarına gələnləri də danışa bilməzdilər. Bu qədər bəsit.

Mahir Rəsuloğlu, “İki sahil”