Hər hansı bir ssenariyə hazır olmalıyıq
“Humanitar fəlakət” şousunun nəticə vermədiyinə görən haylar ənənəvi terror və təxribat ssenarilərini işə salmağa başlayıblar. Belə ki, son günlər açıq-aydın görünür ki, Ermənistan rəhbərliyi hərbi əməliyyatların yenidən başlanmasına zəmin yaratmağa çalışır. Ordumuzun mövqelərinin müxtəlif çaplı atıcı silahlardan ardıcıl atəşə tutulması, qanunsuz erməni quldur dəstələrinin Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan hissəsində yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplaması və burada atəş mövqeləri hazırlamaları bunun sübutdur.
Şübhəsiz, bu məsələdə Ermənistana dəstək verən, daha doğrusu, onu silahlandırmaqda davam edən, bölgədə öz maraqlarını güdən Hindistan, İran, Fransa və digər dövlətlərin də əli var. Elə Hayastanı müharibəyə təhrik edənlər də bu ölkələrdir. Onlar bölgədə elə vəziyyət yaratmağa çalışırlar ki, təsir altında saxladıqları İrəvan istəsə də, istəməsə də müharibə, münaqişə törətmək ab-havasında olsun. Digər tərəfdən, bu, danılmazdır ki, münaqişə və gərginliyin davam etməsi 44 günlük müharibədə məğlub olan İrəvanın da maraqlarına uyğundur. Elə həmin ölkələr də Ermənistanın, əgər belə demək mümkünsə bu yumşaq damarından tutublar.
Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarının birində demişdi ki, həmin üçtərəfli Bəyanatı imzalamasaydım daha 20 min əsgərimiz ölə bilərdi. Elə isə bəs bu nə tədarükdür? Bir sözlə, indi həmin 20 min əsgər ölümə təhrik olunur. Digər tərəfdən, Nikol Paşinyan 2022-ci ilin oktyabrında Praqada və bu ilin mayında Brüsseldə ölkəmizin ərazi bütövlüyünü tanıdığını, eyni zamanda, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etmişdi. Amma o, qondarma rejimin “müstəqilliyini”n ildönümü ilə bağlı Xankəndidəki separatçılara təbrikində bu fikirlərini danmağa çalışdı. Üstəlik, Bakı-Xankəndi dialoqundan söz açdı. Bildirdi ki, bu dialoq üçün Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələləri naminə beynəlxalq mexanizm çərçivəsində Laçın yolunun açılması vacibdir. Halbuki Xankəndi Azərbaycanın ərazisi olduğu üçün vasitəçilərdən və xüsusi şərtlərlə hansısa dialoqdan söhbət belə gedə bilməz. Heç bir ölkənin iki şəhəri arasında dialoq qurulmur. Bu mənada sülh müqaviləsi üçün belə bir təklifin irəli sürülməsi olduqca gülüncdür. Bu addımlarla o, sülh masasından çəkildiyini, mövqeyini 180 dərəcə dəyişdiyini nümayiş etdirdi. Bununla da sülhün, sabitliyin haylara yaraşmadığını əyani şəkildə ortaya qoydu. Nikol Paşinyanın verdiyi bu açıqlamalar bir daha sübut edir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, ölkəmizə qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur. Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Bəli, Böyük Zəfərimizlə bitən Vətən müharibəsində diz çöküb yalvaran Ermənistan indi müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Azərbaycana qarşı çirkin kampaniyalar aparılır. Bu ölkənin rəsmiləri, həmçinin revanşist qüvvələri təxribatlar törətməklə Azərbaycanın əsəbləri ilə oynayırlar. Rəsmi Bakı hələ ki həmin təxribatlara səbrlə yanaşır. Amma bu bir həqiqətdir ki, təxribatların artması hərbi əməliyyatları qaçılmaz edir.
Belə bir deyim var ki, sülh istəyirsənsə, hər an hərbə hazır olmalısan. Rəsmi Bakı bu gün işini həmin prinsip əsasında qurub. İyulun 21-də Prezident İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında bildirmişdi ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər: "Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq”. Məhz bütün bunlara görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun yeni, müasir silahlarla təchizatına, döyüş qabiliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Belə ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu istiqamətdə çox ciddi addımlar atılıb və bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialı kifayət qədər gücləndirilib. Ölkəmizdə son illərdə formalaşan hərbi sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar da istehsal olunur. Əminliklə demək olar ki, Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimiz bu gün üç il əvvəlkindən daha güclüdür. Hazırda Azərbaycan ordusu istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib.
Təəssüf ki, bu reallığı dərk etmək istəməyən Ermənistan hələ də öz ampluasında qalmaqda davam edir. Şübhəsiz, bu durum təcavüzkara heç də yaxşı şeylər vəd etmir. Yəni, xarici havadarlara ümid bağlayıb, yenidən döyüşə köklənmək Hayastana çox baha başa gələcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli