09 sentyabr 2023 02:57
572

Kəlbəcər urbanizasiya mərkəzinə çevriləcək

Şəhərdə tikiləcək evlərə 2024-cü ildə ilkin olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 minə yaxın, ümumilikdə isə 13 minə yaxın insanın köçürülməsi planlaşdırılır

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən azadlığına qovuşdurulmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada da bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik. Kəlbəcərlilərin sevincinə, qəlblərində tezliklə dədə-baba yurdlarına dönəcəklərinə dair yaranan böyük inama səbəb olan bu sözlərin deyilməsindən keçən çox qısa zaman ərzində cənab Prezident bütün ümidləri doğrultdu: Kəlbəcər cənnətə çevrilir. Xatırladaq ki, Kəlbəcər şəhərinin müfəssəl Baş planı da hazırlanıb və dövlət başçısına təqdim edilib. Kəlbəcərin özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələrinin də araşdırıldığı Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər rayonuna növbəti səfərləri də bir neçə açılış və təməlqoyma ilə yadda qaldı. Bu günlər işğaldan azad edilmiş digər rayonlarda olduğu kimi, Kəlbəcərdə də ilkin olaraq əhalinin qısa müddətdə öz doğma yurduna qayıtması ilə bağlı işlər davam etdirilir. Artıq bir müddət əvvəl ölkə Prezidenti Kəlbəcərdə yaşayış binalarının tikintisi üçün 80 milyon manat vəsait ayrılıb. Kəlbəcər şəhərində tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 minə yaxın, ümumilikdə isə 13 minə yaxın insanın köçürülməsi planlaşdırılır. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3 500 evin (2000 fərdi yaşayış evinin və 1 500 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur. İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə 1 115 evin, 2025-ci ildə 725 evin, 2026-cı ildə 1 610 evin inşası həyata keçiriləcək. Həmçinin bildirilib ki, bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır. O, qeyd edib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Ümumiyyətlə, bu il 7 yaşayış məntəqəsinin tikintisinə başlanılması nəzərdə tutulub. Eyni zamanda Zallar kədində yaşayış məntəqəsinin əsası qoyulub. Artıq 4 yaşayış məntəqəsinin bərpasında işlər uğurla davam etdirilir. İstisu qəsəbəsi, Qamışlı kəndi, Qılınclı, Otaqlı və Çıraq kəndləri üzrə işlərin aparılması da nəzərdə tutulub. Kəlbəcər şəhərində küçə, yol şəbəkəsinin qurulması üçün 27,1 km artıq yolun layihələndirilməsi planlaşdırılır. Artıq Kəlbəcərdə 6 binanın fundamentinin tökülməsi prosesi başa çatmaq üzrədir. Bu da o deməkdir ki, nəzərdə tutulmuş tikinti vaxtında icra olunacaq. Kəlbəcər şəhəri Gəncə şəhəri və Laçın arasında yerləşən regional məkan kimi nəzərdə tutulub və gələcəkdə şəhər növbəti urbanizasiya mərkəzinə çevriləcəkdir.

Kəlbəcər şəhərində nəqliyyat xətlərinin, dəmir yolunun çəkilməsi, həmçinin "yaşıl enerji" və "ağıllı şəhər" konsepsiyalarından istifadə olunması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihəsinin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561,2 m, 626,9 m, 480 m və 947,9 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14,2 km, II dərəcəli yolun ümumi uzunluğu 34,8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir. Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolun tikintisi də nəzərdə tutulub.

Sevinc Azadi, “İki sahil”