07 sentyabr 2023 22:58
411

İxrac bazarlarına çıxarılacaq məhsullara diqqət yetirilməlidir

Dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, ölkə iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində qarşıya qoyduğumuz məqsədlərə çatacağıq

Dövlət başçısı İlham Əliyev bildirir ki,  ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib: «Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq-qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxarıla biləcək məhsullara da diqqət yetirilməlidir.»

Cənab İlham Əliyevin hər bir çağırışı gələcək hədəflərin təqdimatıdır.  Prezident kimi fəaliyyətə başladığı gündən bu çağırışı etdi ki, iqtisadi tərəqqi qeyri-neft sektorunun hesabına olmalıdır. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. Regional inkişaf proqramlarının uğurlu icrası yeni-yeni hədəflərə stimul verir. Bu baxımdan ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet məsələ kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayonlar arasında ixtisaslaşma həyata keçirildi. Tarixi Zəfərimiz bu istiqamətdə də yeniliklərə geniş imkanlar yaratdı. Belə ki, iqtisadi rayonların bölgüsünün yenidən aparılması, eyni zamanda, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi mühüm addımlar ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı barədə aydın təsəvvür yaradır. Bu gün böyük inamla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz də bu sahələrin inkişafı üçün böyük potensiala malikdir. Böyük Qayıdışın gerçəkləşməsindən sonra ölkəmizin dayanıqlı inkişafının, ən əsası isə bütün dövrlər üçün aktuallığını qoruyan ərzaq təhlükəsizliyinin təmini üçün geniş imkanlar yaranacaq.

Məlumdur ki, azad edilmiş torpaqlarda da vaxt itirmədən əkin işlərinə başlanıldı və bu məqsədlə böyük vəsait səfərbər edildi. Bu ərazilər  sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunmuşdu. Dövlət başçısı İlham Əliyev bu faktı da açıqlayır ki, dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Bu, Ermənistan üçün böyük rəqəmdir. Amma Azərbaycan üçün böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Əhali artır, ildən-ilə tələbat da artır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün müasir texnologiyaların tətbiqi şəraitində müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaradılır. Dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, ölkə iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.

Reallıq budur ki, iqtisadi inkişafına görə illərdən bəri beynəlxalq təşkilatların hesabatlarında ilk onluqda yer alan Azərbaycan müharibə şəraitində belə dinamikliyini qoruyub  saxladı. Dünya Bankının «Doing Business» hesabatında 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə qərarlaşması bu tərəqqinin təsdiqidir. Biznesin inkişafına, investisiya iqliminin sağlamlığı naminə həyata keçirilən layihələrin əhəmiyyətinə görə islahatçı ölkə adlandırılması, ən nəhayət, işğalçı Ermənistan üzərində şanlı Qələbəmiz Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü dünyaya bəyan etdi. Pandemiya ilə əlaqədar bütün dövlətlərin iqtisadi böhranla üzləşdiyi dövrdə Azərbaycan vəziyyətdən daha az itki ilə çıxdı. Ölkəmizin iqtisadi qüdrətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini Davos Ümumdünya İqtisadi Forumunun hesabatı əsasında dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkə üzrə infrastruktur layihələri başa çatmaq üzrədir.

Ölkə üzrə qazlaşdırma yüksək səviyyəsindədir. Elektrik enerjisi ilə təminatın tam ödənildiyi ölkəmiz bu göstərici üzrə də ilk sıralardadır. Avtomobil, dəmir yollarının çəkilişi və bərpası üzrə layihələr davam etdirilir.

Azad edilmiş torpaqlarda aqrar sahənin, fermer təsərrüfatlarının inkişafı xüsusi əhəmiyyətə malikdir. Bunun üçün suvarma sisteminin yenilənməsi, su mənbələrindən səmərəli istifadə, dağ-mədən yataqlarının istismarı ilə bağlı layihələr həyata keçirilir. Suqovuşan qəsəbəsinin azad edilməsi, bölgədəki əkinə yararlı torpaqların suvarılması ilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqla daxili bazarın yerli məhsullar hesabına təminatı imkanları daha da genişlənəcək. Həkəri, Bazarçay, Oxçuçay, Xaçınçay kimi su mənbələrindən səmərəli istifadə bölgələrin dirçəldilməsi ilə məhsuldarlıq daha da artacaq və əhalinin ərzaq təhlükəsizliyi daxili imkanlar hesabına təmin olunacaq.

Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə nümunədir. Ölkəmizin bu və ya digər sahələr üzrə beynəlxalq əhəmiyyətli tədbirlərə, sərgilərə ev sahibliyi bunun bariz nümunəsidir. Bu ilin mayında  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldular. Hər il olduğu kimi, bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak etdi, 9 ölkə isə milli stendlərlə təmsil olundu. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak etdilər.

Bu kimi tədbirlər bir daha təsdiqləyir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.

Bu mühüm məqamı da qeyd edək ki,  sentyabrın 7-8-də Səmərqənddə  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Özbəkistan hökuməti tərəfindən təşkil edilən Ərzaq Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans  keçirilir.  Konfrans çərçivəsində keçirilən tədbirlərdən birində Azərbaycandan da şirkətlər iştirak  edəcək.

Özbəkistan mətbuatına istinadla xəbər verilirr ki, konfrans ənənəvi olaraq oktyabrın 16-da - FAO-nun təsis edildiyi gün qeyd olunan Ümumdünya Ərzaq Günü ilə əlaqədar təşkil olunur. Tədbirdə 30-dan çox ölkədən nazirlər və diplomatlar, o cümlədən beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Asiya Bankı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Asiya İnkişaf Təşkilatının nümayəndələri, habelə maliyyə və elmi qurumların təmsilçiləri iştirak edəcəklər.

Konfransda milli və beynəlxalq qida təhlükəsizliyi standartları ilə bağlı məsələlər, qidalanma, qida məhsullarının emalı və keyfiyyəti sahəsində aktual mövzular, o cümlədən ekoloji və qida təhlükəsizliyi aspektləri müzakirə olunacaq. Xüsusən Özbəkistan aqrar sektorda islahatların aparılmasında əldə etdiyi nailiyyətləri təqdim edəcək, biliklərin və innovativ həllərin ötürülməsini təşkil etmək üçün dünya birliyinin təcrübəsinə müraciət edəcəkdir. Konfrans çərçivəsində “Özbəkistanın aqrar-ərzaq potensialı” sərgisi və Birinci aqrar-ərzaq investisiya forumu keçiriləcək. Forumda Azərbaycan, Almaniya, İtaliya, İsrail, Macarıstan, Koreya Respublikası, Polşa və Qazaxıstandan 50-dən çox şirkət iştirak edəcək.

FAO-nun hesablamalarına görə, hazırda dünyada təxminən 2,3 milyard insan orta və ya ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkir ki, onların dörddəbiri və ya 566 milyonu Asiyada yaşayır.

Tədbir ərzaq təhlükəsizliyi və qidalanmanın yaxşılaşdırılması üzrə xüsusi hədəfləri, həmçinin 2030-cu ilə qədər kənd təsərrüfatının dayanıqlı inkişafı tədbirlərini özündə əks etdirən “Sıfır aclıq” Davamlı İnkişaf Məqsədi istiqamətində irəliləyişi nəzərdən keçirmək imkanı verəcək”.

Göründüyü kimi, Azərbaycan hər sahədə malik olduğu təcrübəni təqdim etmək imkanına malikdir. Eyni zamanda, ölkəmizin hər zaman əməkdaşlığa, səylərin birləşdirilməsinə xüsusi önəm verməsi əlaqələrin coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Heç şübhəsiz Böyük Qayıdış proqramının uğurla başa çatmasından, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışlarından sonra bu imkanlar daha da genişlənəcək, yeni əməkdaşlıq formatları yaranacaq. Dövlət başçısı İlham Əliyev mədəniyyət paytaxtımızda  keçirilən Şuşa Qlobal Media Forumunda jurnalistin «Siz bu gün Azərbaycanda çalışmaq istəyən Amerika şirkətlərinə hansı mesajı verə bilərsiniz? Təbii ki, neft və qaz sahəsi bəllidir. Ancaq digər sahələrdə Amerika şirkətlərinə və biznes liderlərinə hansı mesajınız ola bilər ki, qarşılıqlı, faydalı, şəffaf fəaliyyət göstərsinlər» sualına cavab olaraq bildirmişdir ki, bu gün  prioritetimiz təbii ki, qeyri-neft sektorunun inkişafıdır. Ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün  həm də qeyri-neft ixracını artırırıq. Mənim Amerika şirkətlərinə mesajım o ola bilər ki, bu gün kapital və sərmayə proqnozlaşdırılabilən və sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi. Ancaq əlbəttə ki,  Qarabağ münaqişəsinin həll edilməmiş qalması müəyyən çətinliklər yaradırdı, müəyyən risklər doğururdu. Ancaq İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra həmin risklər ümumən minimuma endirilib. «Bizim hökumətimizin çox uzaqgörən və proqnozlaşdırılabilən proqramı var» söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, inkişafla, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı proqramımız var. Azərbaycanda yaşayan əcnəbi insanlar təsdiq edə bilərlər ki, ölkəmizdə idarəçilikdə çox müsbət dəyişikliklər var. Ölkəmizin iqtisadiyyatı sabitdir. Xarici borcumuz ümumi daxili məhsulla müqayisədə təqribən 10 faizə bərabərdir. Valyuta ehtiyatlarımız da ümumi daxili məhsuldan 10 dəfə artıqdır.

Dövlət başçısı İlham Əliyev suala cavabında onu da bildirmişdir ki,  Amerika şirkətlərini kənd təsərrüfatı sahəsində də görmək istərdim. Əlbəttə ki, kənd təsərrüfatı sahəsində, suvarmada Amerika şirkətlərinin aparıcı avadanlıqlarından istifadə edirik: «Ancaq mən investor görmək istəyirəm, çünki Azərbaycanın kənd təsərrüfatı sahəsinin, xüsusilə azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı olduqca böyükdür. Burada çox məhsuldar torpaqlar var və bizim su resurslarımızın 25 faizi məhz Qarabağdan qaynaqlanır. Təsəvvür edirsiniz, biz 30 il bundan məhrum edilmişdik. Ermənilər platinaları və dambaları bağlayırdılar və bizim 100 minlərlə hektar torpağımız sudan məhrum edilirdi. Biz məcbur idik ki, artezian quyuları qazaq. Bu gün isə artıq həmin su nəinki Qarabağın həyat mənbəyidir, həmin su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik.» Bu Azərbaycanın bir ölkənin şirkətləri ilə əməkdaşlığının gələcəyi ilə bağlı prioritetləri idi. Ümumilikdə ölkəmiz neft-qaz sektoru ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsində də səylərin birləşdirilməsini, təcrübə mübadiləsini prioritet hesab edir.

Yeganə Əliyeva, «İki sahil»