08 sentyabr 2023 00:46
364

Paşinyan “körpüləri bir-bir yandırır”...

Bəs Rusiya ondan üz çevirən Ermənistana sadəcə barmaq silkələməklə kifayətlənəcəkmi?

Ermənistan-Rusiya münasibətləri tarixdə heç vaxt olmadığı qədər gərginləşib. Vəziyyət o yerə çatıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar hər vasitə ilə Cənubi Qafqaza soxulmağa çalışan ermənipərəst Fransanın təhriki ilə ölkəsinin əzəli müttəfiqi olan Rusiyadan üz çevirdiyini açıq şəkildə ifadə etməkdən belə çəkinmir. Proseslərin inkişafı dünyanın böyük güc mərkəzlərinin maraqlarının toqquşduğu daha bir regionda bu dəfə Ermənistanın poliqona çevrildiyini göstərir. Düşmən ölkə indi təsir və nüfuz dairəsi uğrunda gedən siyasi mübarizənin, hətta müharibənin çoxtərəfli “artileriya atəşləri altında qalaraq” aciz və mağmın duruma düşüb. Lap məşhur filmimizdə iki qoçunun başına silah dayadığı arşınmalçı kimi. Biri deyir ki, oxu, yoxsa səni öldürəcəm, o birisi də deyir, oxusan gülləni çaxacam təpənə...

Son hadisələr göstərir ki, Paşinyan hökuməti seçimini edib və keçmiş “böyük qardaşı” əvəzinə yeni “böyük bacısına” doğru istiqamətlənməkdə qərarlıdır. Erməni baş nazirin bir neçə gün əvvəl İtaliyanın məşhur “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan çıxmaq, daha dəqiqi çıxarılmaq ehtimalı haqqında dedikləri, həmçinin ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2022-ci ilin payızında İrəvanda keçirilən sammiti zamanı təşkilatın bir sıra sənədlərini ratifikasiya etməməsinin və ona qoşulmamasının səbəbləri haqqındakı fikirləri təsdiq edir ki, rəsmi İrəvan müttəfiqlik münasibətləri ilə bağlı seçimini edib. Əslində onun təkcə “bir səhər oyanıb görə bilərik ki, Rusiya Cənubi Qafqazda yoxdur” açıqlaması çox şeyi ifadə edir. KTMT-yə gəlincə, Paşinyan bildirib ki, Ermənistan ictimaiyyətində təşkilatın praktikası ilə bağlı dərin məyusluq yaranıb və cəmiyyət bunu yaşamaqda davam edir: “Ən azı deyə bilərəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə funksionallıq və danışıqların mümkünlüyü baxımından sizin təsvir etdiyiniz vəziyyət böhrandan xəbər verir. Düşünürəm ki, bu problem təkcə Ermənistanın deyil, KTMT-nindir. Ermənistan ictimaiyyətinin KTMT praktikasına qarşı dərin məyusluq yaşadığını və bunu davam etdirdiyini düşünürəm.”

Nikolun sadəcə Rusiyadan incidiyi üçün belə açıqlamalar vermədiyi, Qərblə keçmiş müttəfiqi arasında öz tərəfini müəyyənləşdirdiyi daha əvvəldən, bu ilin əvvəlindən hiss olunmağa başlamışdı. Ancaq indi bir-birinin ardınca baş verən hadisələr prosesin son mərhələyə daxil olduğunu göstərir. Belə ki, La Repubblica”ya müsahibə ilə paralel olaraq Ermənistan hökuməti Roma statutunu (Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində çıxarılmış həbs qərarı-red.) ratifikasiya üçün parlamentə göndərib.

Məlum olduğu kimi, parlament sənədi ratifikasiya edəcəyi təqdirdə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürür. Bu isə o deməkdir ki, Putin Ermənistana səfər edərsə həbs olunaraq aidiyyəti üzrə təhvil verilməlidir.

Nəhayət, Ermənistanın bu il sentyabrın 11-dən 20-dək bu keçiriləcək ABŞ-ın “EAGLE PARTNER 2023” adlı birgə hərbi təlimlərinə ev sahibliyi etməsi bardağı daşıran son damlalardandır. Çünki Rusiya Türkiyə istisna olmaqla (bu istisnanı Azərbaycan-Türkiyə müttəfiqliyi və 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış reallıqlar yaradır-red.) heç bir NATO ölkəsini, xüsusilə ABŞ-ı Cənubi Qafqazda görmək istəmir. Bu baxımdan Ermənistandakı hazırkı durumu NATO ilə KTMT-nin mübarizəsi kimi də xarakterizə etmək olar.

Qeyd edilənlərlə bağlı Rusiya tərəfindən verilən rəsmi açıqlamalar göstərir ki, “böyük qardaş” daha bundan sonra Ermənistanın nazı ilə çox oynamayacaq. Əvvəllər hər hansı narazılıq zamanı ehtiyatla davranan Rusiya indi bəzi hallarda Ermənistanın siyasi hakimiyyətini açıq mətnlə ittiham edir və hətta hədələyir. Görünür, rəsmi İrəvanın Ukrayna ilə müharibənin yaratdığı qarışıqlıqdan istifadə etməyə çalışması Rusiyanı yetərincə qəzəbləndirib. Hadisələrin bu yöndə inkişafının əsas baiskarı kimi isə Nikol Paşinyan olaraq göstərilir. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bugünlərdə keçirdiyi brifinqdə Ermənistanın baş nazirini öz əməllərinə görə məsuliyyət daşımağa, başqa günahkarlar axtarmamağa çağırıb. O, açıqlamasında hətta Paşinyanı aşağılayan ifadələr də işlədib: “Günahı başqasının üzərinə atmamaq, məsuliyyəti öz üzərinə götürməyi bacarmaq lazımdır. Siyasətçi, dövlət xadimi ilə ölkənin mənafeyini düşünməyən, yoldan keçən adamın fərqi budur. Əks halda bu, bir az pis rəqqas haqqında hekayəyə bənzəyir.”

XİN-in sözçüsü M.Zaxarovanın sentyabrın 5-də Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarı olması ilə bağlı açıqlaması, yəni Şimal qonşumuzun məhz indi Azərbaycanın ədalətli mövqeyini rəsmi şəkildə müdafiə etməsi bir az da Rusiyanın “yoldan keçən adam”a, “pis rəqqas”a barmaq silkələməsidir. Rusiya

ermənilərə Cənubi Qafqazdakı mövcudluqlarına, tarixi Azərbaycan torpaqlarında qurduqları dövlətə görə əzəli və əbədi hamisinə borclu olduqlarını xatırladır. Hələlik Azərbaycanın haqq işinə yaşıl işıq yandırmaqla. Bəs görəsən, Paşinyanı sabah İrəvanın özündə nələr gözləyir?

Mahir Rəsuloğlu, “İki sahil”