08 sentyabr 2023 01:14
398

Ermənilərin saxta "etnik təmizləmə" toruna “New York Times” da düşdü?

Muzdlu köşə yazarının ağappaq yalanları

Ermənilərin və onların əlaltılarının Azərbaycana qarşı revanşist, təxribatçı hücumları səngimir. Xüsusilə də erməni lobbisi ayrı-ayrı sahələr üzrə özünü mütəxəssis kimi təqdim edən fırıldaqçılardan, siyasi manipulyatorlardan öz məqsədləri üçün yaxşı istifadə etməyi bacarır. Hazırkı mərhələdə Ermənistan sülh istəmədiyinə görə regionda sülhün əldə olunmasını mümkün qədər uzatmaqla Azərbaycan üzərində bir beynəlxalq təzyiq yaratmağa çalışır. Bunun üçün də müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən həmin o müxtəlif “ekspertlər”ə müraciət etməklə beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə rəy formalaşdırır. Bu günlərdə ABŞ-ın nüfuzlu “New York Times” nəşrinin köşə yazarı Nikolas Kristofun sözügedən qəzetdə çap etdirdiyi bədnam yazı da elə həmin məqsədlərə xidmət edir. Laçın yolunun olmayan “blokadasından” narahat olan muzdlu köşə yazarı geninə-boluna yalanlar danışıb, erməni dəyirmanına su tökən iddialar səsləndirib. Guya Azərbaycan “bəşəriyyətə qarşı cinayətlər” törədir. Bununla bağlı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The New York Times“ nəşrinə açıq məktub ünvanlayıb. Üstəlik, “X” sosial şəbəkə hesabında “The New York Times“ qəzetini “alternativ baxışlara maneələr və bürokratik əngəllər qoyduğuna görə” tənqid edib. Hikmət Hacıyevin bildirib ki, Qərb mətbuatında gedən anti-Azərbaycan xarakterli məqalələrin hamısı erməni lobbisi və Ermənistan hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində tərtib edilib.

Söhbət “Another Ethnic Cleansing Could Be Underway — and We’re Not Paying Attention” (daha bir etnik təmizləmə başlaya bilər və biz buna diqqət etmirik) başlıqlı məqalədən gedir. Məqalənin müəllifi Nikolas Kristofun atası da, anası da professor olub. Atasının valideynləri polyak və ermənidir. Hazırda 64 yaşı olan yazar 2010-cu ildə “The New York Times” qəzetində gedən “Speaking Not as an Armenian…” (Erməni kimi danışmamaq) adlı yazısında belə deyir: “Mən qismən erməniyəm (atam Kristof adını Kşiştofoviçdən yaradıb, o, yayğın erməni adı olan Haçikiyanın polyaklaşdırılmış variantıdır). Mənim əcdadlarım Osmanlı imperiyasında deyil, Polşa və Rumıniyada olublar, ona görə də soyqırımla bağlı ailə hekayəmiz yoxdur. Amma mən hesab edirəm ki, sübutlardan aydındır ki, “soyqırım” baş verən olaylar üçün doğru sözdür və buna görə də mən həmişə Türkiyədə baş verən olayları erməni soyqırımı adlandırıram.”

Nikolas Kristof 1984-cü ildən “The New York Times“ qəzetində çalışır. Bu illər ərzində Cənubi Qafqazda ciddi hadisələr baş verib. Ermənilər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 25 faizini işğal edib. Həmin ərazidə yaşayan 800 minə yaxın insanı öz dədə-baba yurdundan silah gücünə qovub, yəni etnik təmizləmə siyasəti aparıb. 30 ilə yaxın bu işğal davam edib. Birmənalı olan odur ki, ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, genosid törədib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində mütəşəkkil formada həyata keçirilmiş soyqırım baş verib. Nəticədə Xocalıda 63-ü uşaq olmaqla 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bax, genosid budur. Qərb mətbuatı bu faktı heç açıb-ağartmır da. Sanki belə bir şey heç olmayıbmış. Nikolas və onun kimilər niyə bu barədə yazmırlar? Çünki bu fakt bütün stereotipləri alt-üst etmək gücündədir.

Qərb mətbuatında Azərbaycanla bağlı gedən başqa bir məqaləyə diqqət edək. Böyük Britaniyanın “The Telegraph” qəzeti “Armenians are facing genocide in Nagorno Karabakh. The world must not sit idly by The Azerbaijani blockade in the Lachin Corridor is going unchecked. This must change” (Ermənilər Dağlıq Qarabağda soyqırımla üz-üzədir. Dünya boş oturmamalıdır. Laçın dəhlizi Azərbaycanın blokadası altındadır. Bu, dəyişməlidir) adlı məqaləsinin başlığı gördüyünüz kimi, “The New York Times“la səsləşir. Hər iki başlıqda Azərbaycanın ermənilərə qarşı genosid siyasəti yeritdiyi vurğulanır. Genosid sözü isə Qərb ictimai rəyində tarixi kontekstdə ermənilərlə assosiasiya olunur. Qərb düşüncəsinə yeridilmiş erməni genosidi yalanı üzərindən oxuculara-beynəlxalq ictimai rəyə öz təsbitlərini sırımaq istəyirlər. Qeyd edək ki, “The Telegraph” qəzetində gedən yazının müəllifi 73 yaşlı Rowan Douglas Williamsdır. O da maraqlı tipdir. Anqilikan kilsəsinin liderlərindən biridir. Rowan Williams İrəvanda olub. Orada erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginlə görüşüb. “Genosid qurbanları”na həsr olunmuş abidəni bir yerdə ziyarət ediblər.

Göründüyü kimi,  döyüş və diplomatiya sahəsində uduzan ermənilər indi də informasiya müstəvisində anti-Azərbaycan təbliğatı aparmaqla nəyəsə nail olmağa çalışırlar. Məqsəd Qarabağdakı separatçı rejimi xilas etmək, ermənilərin Azərbaycana reinteqrasiyasının qarşısını almaq və Laçın yolunun dəhliz statusunda yenidən açılmasına nail olmaqdan ibarətdir. Ancaq unudurlar ki, Azərbaycan buna əsla yol verməyəcək və hansısa əlamətləri hiss edər-etməz qətiyyətli tədbirlər görəcək.

Sevinc Azadi, “İki sahil”