01 sentyabr 2023 22:47
453

Bundan sonra Qarabağın və Şərqi Zəngəzurun xoşbəxt günləri başlayır…

Qalib Azərbaycan üçün postmüharibə dövrünün əsas hədəfi işğaldan azad olunmuş ərazilərin bərpası və oraya üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir

Bu gün Qarabağ uzun illər davam etmiş işğaldan sonra sürətlə abadlaşır və dirçəlir. Tarixi Zəfərimiz regionun reallıqlarını dəyişdirməsi ilə yanaşı, məcburi köçkünlərimizin də 30 ilə yaxın yurd həsrətinə son qoydu. Bu gün Şərqi Zəngəzur bölgəsinə köçün ardından Qarabağa da Böyük Qayıdışın başlaması atılan addımların uğurla nəticələnməsinin bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, ələlxüsus da “Böyük Qayıdış”ın təmin olunması üçün 2022-ci ilin 16 noyabr tarixində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, 2022-2026-cı illərə əhatə edəcək Dövlət Proqramı qarşıya mühüm vəzifələr, tapşırıqlar qoyub və onların icrası olduqca vacibdir.

Postmüharibə dövründə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışının təmin olunması dövlət siyasətinin 5 mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Ötən ildən başlayaraq Böyük Qayıdış proqramının icrasına start verilib. Böyük Qayıdışın ilk ünvanı Zəngilan rayonunun Ağalı kəndi oldu. 2022-ci il iyulun 19-da xalqımızın çoxdan gözlədiyi tarixi an yaşandı, Böyük Qayıdışın ilk uğurlu addımları atıldı. Zəngilanın “ağıllı kənd” konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verildi.

Daha sonra proses  Tərtərin Talış kəndində davam etdirildi. Mart ayında - Novruz bayramı ərəfəsində kəndə bir qrup sakin köçürüldü. Ölkə başçısı müqəddəs bayram tonqalını Tərtər sakinləri ilə birlikdə yandıraraq işlərin uğurla getdiyini bildirdi. Yaxın günlərdə isə Laçına köç başlayacağı müjdəsini verdi. Beləcə, 28 May - Müstəqillik Günündə Laçın şəhərinə məcburi köçkünlərin ilk köç karvanı reallaşdı. İnsanlar illərlə didərgin düşdükləri doğma yurdlarına qayıtmağın sevincini yaşadılar. 28 may Azərbaycan tarixində  həm də Laçına qayıdış günü kimi də əbədiləşdi. Dövlət başçısı İlham Əliyev sakinlərə yeni, daha müasir tipli, hər bir şəraitlə təmin olunmuş evlərin açarlarını təqdim etdi. Birinci mərhələdə şəhərə 20 ailə, 97 nəfərin köçürülməsi baş tutdu. İyun ayının 14-də isə növbəti, ikinci mərhələ reallaşdırıldı. Həmin gün 22 ailə, yəni 72 nəfər sakin doğma yurd-yuvalarına qovuşdu.

İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salındı. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 44 nəfərin köçürülməsi baş tutdu. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və yenidən tikilən evlərdə məskunlaşdılar.

Bu günlərdə, yəni avqustun 16-da Böyük Qayıdışın Laçına növbəti köç prosesi gerçəkləşdi. Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açdı, daha 65 nəfər laçınlının yurd həsrəti sona çatdı. Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edildi. Mayın 28-dən başlayan qayıdış prosesində artıq 234 ailədən ibarət olan 1000-ə yaxın sakin öz doğma evlərinə qovuşmuşdur. Bu ilin sonuna qədər daha 900 ailə üçün yeni evlərin tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Avqustun 25-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salındı.  Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park-3" yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr də qoşuldular. Mərhələli şəkildə həyata keçirilən köç prosesində ilk olaraq 20 ailə - 88 nəfər Zabuxa köçürüldü. Köçürülən ailələr arasında Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi də var.

Qeyd edək ki, quruculuq işləri sayə­sində yeni nəfəs verilən Laçın şəhəri­nin Baş planında iri xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin də yaradılması nəzərdə tutulub. Heydər Əliyev Fondunun xətti ilə Laçında məs­cid kompleksi də tikilir. Prezident İlham Əliyev Laçında olarkən məscidin təməli­ni qoyub. 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulma­sı prosesinə də start verilib. Zabuxda 1000-dən çox, Susda isə 300-dən çox in­san yerləşəcək. Güləbird və Qorçu kənd­lərinin də Baş planı təsdiqlənib. İlk mər­hələdə Güləbirdə 2 min 400, Qorçuya isə 1300 laçınlının qayıdışı reallaşacaq. 

Dövlət başçısının avqustun 25-də Kəlbəcər rayonuna səfəri hər zaman olduğu kimi, yenə də tarixi anlarla yadda qaldı. Müzəffər Ali Baş Komandan və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə bu dəfəki səfərləri zamanı Zar kəndinin təməlqoyma mərasimində iştirak etdilər. Bununla da daha bir yurd yerimiz yaxın illərdə soydaşlarımızın ixtiyarına veriləcək. Qeyd edək ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək. Qədim yurd yerimiz olan Zar kəndi bir vaxtlar hərbçilərimizin yolunu gözləsə də, hazırda doğma sakinlərinə qucaq açmaq üçün hazırlaşır. 

Artıq Füzuli də öz sakinlərinə qucaq açmağa başlayıb. Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola düşüb. Bugünədək Füzuli şəhərində 70 ailə olmaqla ümumilikdə 247 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. Bu ilin sonunadək bu şəhərə 800 ailə qayıdacaq. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək.

Vətəndaşlarımız inanırlar ki, işğal illərində çətin, əzablı günlər yaşamış Qarabağ və Şərqi Zəngəzurun bundan sonra xoşbəxt günləri başlayır.

Yaqut Ağaşahqızı, “İki sahil”