01 sentyabr 2023 00:45
401

Səfir ağzının sözünü bilmir

Elçinin kiməsə müharibə elan etmək səlahiyyəti varmı?

Qonşu ölkənin məmurlarının öz ağızlarına yiyəlik edə bilməmələri barədə saysız-hesabsız dəlillər var. Ən kiçik dövlət məmurları belə ölkə prezidentinin adından hökmlər verir, başqa dövlətlərə hədə-qorxu gəlir, asıb-kəsirlər. SEPAH-ın polkovniklərinin, generalların, nazirlərin Azərbaycana qarşı düşük hərəkətləri və söylədikləri səfeh fikirlər buna misaldır. Ancaq ali dini rəhbər və prezident susur, onları vəzifələrinə uyğun gəlməyən ifadələr işlətməkdən çəkindirmir, öz yerlərində oturtmur. Öz daxili işləridir, özləri bilərlər. Məsələnin bizə aid qisminə gələk.

İranın Ermənistandakı yeni səfiri Mehdi Sübhani erməni mətbuatına açıqlamasında növbəti dəfə ölkəsinin “ermənidən betər ermənilik etməyə” hazır olduğunu nümayiş etdirib.  Məlumata görə, İrəvanda keçirilən iqtisadi sərgi zamanı səfir bəyan edib ki, ölkəsi Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qoruyur: “Bizim əsas siyasətimiz Ermənistan Respublikası ilə əlaqələrin inkişafıdır. Biz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edirik”, - səfir bildirib. Ağayi Sübhani əlavə edib ki, İran və Ermənistanın heç bir səviyyədə və heç bir sahədə problemi olmayıb. Əlbəttə olmaz, çünki hər ikisi şeytanın ocağına talaşa atandır. Hər ikisi vaxtilə Azərbaycandan qoparılmış əraziləri zəbt ediblər. Bunlar öz yerində.

Tədbirdə erməni jurnalistləri səfirdən “Azərbaycanın güc yolu ilə Zəngəzur dəhlizini açmağa cəhd edəcəyi təqdirdə” İranın nə edəcəyini, Ermənistana necə yardım göstərəcəyini soruşublar. O da cavabında bildirib ki, İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinin qəti əleyhinədir, onun ərazi bütövlüyünü dəstəkləyir və “bunun təmin olunması üçün addımlar atır”. “İran bu halda hansı konkret addımlar atacaq” sualına isə Sübhani özündənrazı şəkildə belə deyib: “Güc yolu ilə heç nə dəyişməyəcək. Mən deyəndə ki, İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək, hər şey aydın olur”.

Ağayi Sübhani bununla da həddini aşaraq təmsil etdiyi dövlətin Ermənistan tərəfdən Azərbaycana qarşı müharibəyə qoşulmağa hazır olduğuna işarə vurub. Səfirin bu açıqlaması növbəti dəfə Azərbaycanda dini məzhəbçiliyin, narkomaniyanın yayılmasından tutmuş açıq terrora qədər hər cür çirkin əməllərə əl atan fars rejiminin müsəlman məscidlərini təhqir edən, on minlərlə azərbaycanlını qətlə yetirən Ermənistanla birgə Azərbaycana qarşı döyüşəcək qədər rəzil mahiyyətə malik olduğunu təsdiqləyib. Burada İran səfiri başından böyük danışdığının fərqində olmayıb. Dayaz ağlı ilə düşünməyib ki, o yalnız elçidir, söz aparıb-gətirəndir. Səfirin kiməsə müharibə elan etmək səlahiyyəti yoxdur. Əgər iş bərkə düşsə dövlətin başçısı deyər ki, elçidir, qanmayıb danışıb. İran, əslində Ermənistanı bu sayaq müdafiə etməklə həm də Cənubi Qafqazda nüfuzunu artırmağa çalışır, özünü “sərhədlərin pozulmasına qarşı mübarizə aparan dövlət kimi” göstərməyə cəhd edir. İran bu yolla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına problem yaradır. Fransa, İran və daha hansısa başqa ermənisevər toplum Ermənistanı dəstəkləyən qüvvələrin tərəfindən çıxış etməyə çalışır və özünü onlara yaxın göstərmək istəyir.

Unutmuruq ki, bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyində vəhşi terror aktı törədilib, bir nəfər qətlə yetirilib, bundan sonra ölkəmiz diplomatik korpusu bağlayıb. İran isə son həftələr az qala israr edir ki, səfirlik fəaliyyətini bərpa etsin. Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb. İran səfiri Ermənistanın ərazi bütövlüyünü və suverenliyini kimdən qoruyur? Ermənistanın ərazi bütövlüyü deyəndə nəyi nəzərdə tutur? Axı, Azərbaycanın Zəngəzura hərbi müdaxilə niyyəti yoxdur. Sadəcə, əldə edilmiş üçtərəfli razılaşmaya əsasən Zəngəzur dəhlizi açılmalı, yüklərin Naxçıvana maneəsiz keçidi təmin edilməlidir. Ermənistan isə üç ildir ki, bu məsələni yubadır, qərb rayonlarımızdan Ermənistandan keçməklə Naxçıvana quru yolumuz açılmaq bilmir. Yəni burada Azərbaycanın Zəngəzura hücum planı yoxdur. Baxmayaraq ki, tarixi torpaqlarımızdır, kimlərinsə yazdıqları bir parça kağızı cırıb ata, tarixi torpağımızı tələb edə bilərik. Lakin beynəlxalq hüquqla Ermənistanın suveren ərazisi kimi qəbul etmişik. Sadəcə, Qərbi azərbaycanlıların qayıdış planı var. Amma Tehran ona heç bir dəxli olmadığı halda açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ona görə “Cənubi Qafqazın sərhədləri dəyişə bilməz”, “Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik” kimi bəyanatlar səsləndirirlər. İran iddia edir ki, nəqliyyat dəhlizi açılsa o, strateji və iqtisadi cəhətdən kənarda qalacaqlar. Tehranın İrəvandakı səfiri isə  özünü haylara şirin satmağa çalışıb. Yekəxanalıq edərək boyundan yuxarı hoppanmaq istəyib. Bu isə onda siyasi cəhətdən çatışmazlığın olduğunu büruzə verib, yəni, üzdəniraq diplomat vəzifəsinə və səviyyəsinə qətiyyən uyğun gəlməyən jestlər edib, daha sadə desək, kəmsərliyini gizlətməyi bacarmayıb. Bəlkə də erməni qardaşlarına dərin sevgisi, Azərbaycana qarşı patoloji kin-küdurəti  onu belə isterik vəziyyətə salıb. Kim bilir, mərəzi nədir?  Allah şəfa versin! Ancaq bu məqamda "Axırıncı aşırım" filmində Kərbəlayi İsmayılın sözləri yada düşür: "Ədə hey, qanmadığın sözü danışma!"

Vəli İlyasov, "İki sahil"