01 sentyabr 2023 01:13
453

Erməni vandallarının köhnə metodu

Azərbaycan səfirliklərinə hücum həmin ölkələrlə etimad mühitinə zərbə vurur

Son zamanlar bir sıra ölkələrdə ermənilər Azərbaycan səfirliyinin qarşısında təxribatlar törətməyə çalışırlar. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri bir neçə dəfə radikal qrupların hücumuna məruz qalıb. Hələ ötən il Böyük Britaniyadakı səfirliyimiz dini radikalların hücumuna məruz qaldıqdan bir müddət sonra Azərbaycanın Livan, Fransa və ABŞ-dakı səfirlikləri qarşısında erməni təxribatları törədildi. Məsələn, Livanın paytaxtı Beyrutda bu ölkənin erməni vətəndaşları Azərbaycan səfirliyinin önünə toplaşmaq və təxribat törətmək istəyərkən yerli polislə toqquşma baş verib. Əvvəlcədən planlaşdırılmış və 1000-dən çox erməninin iştirak etdiyi təxribata cəhd “Daşnaksütyun” və “Hnçak” partiyalarının çağırışı ilə törədilmişdi. Azərbaycan əleyhinə şüarlar səsləndirən və səfirliyin binasına daxil olmaq istəyən ermənilər onların qarşısında sədd çəkmiş Beyrut polisinə hücumlar ediblər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə müəyyən tədbirlər görmüşdü.

Fransada da erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın etməyə çalışmışdılar. Amma Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməmişdilər. Bundan istifadə edən ermənilər əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırımış, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışmışdılar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

Bu günlərdə Azərbaycanın Livandakı səfirliyi qarşısında növbəti təxribat törədilib. Aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Həmçinin, hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar: "Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır".

Qeyd edək ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Onlar bu yolla radikal mövqelərini nümayiş etdirməklə yanaşı, həm də sülhə qarşı çıxdıqlarını göstərirlər. Məlumdur ki, hazırda Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə həssas mərhələdir. Tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması əsas mövzudur. Əlbəttə, bunu istəməyən radikal qüvvələr var. Müxtəlif ölkələrdəki səfirliklərimizə hücum həm də etimad mühitinə zərbə vurulmasına xidmət edir. Səfirliklərimizin mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi belə rəy yaradır ki, həmin ölkələr də Cənubi Qafqazda “suların durulmasında” maraqlı deyillər. Bundan əlavə, cəzasızlıq mühiti də radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir. Avropa paytaxtlarında və Amerikanın bir sıra şəhərlərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Eyni zamanda, həmin səfirliklərimizə hücum edənlərin sonrakı aqibətlərinin necə olduğu və yaxud da yaşadıqları ölkənin hüquq-mühafizə orqanları qarşısında hansısa cavabdehlik məsuliyyəti daşıyıb, daşımamaları ilə bağlı ictimai məlumatlandırma kampaniyasına da rast gəlmək mümkün deyil. Gələcəkdə analoji hadisələrin baş verməməsindən ötrü mütləq zəruri tədbirlər həyata keçirilməlidir: təxribatı törədənlər, bu işlərdə əli olanlar məsuliyyətə cəlb edilməli və səfirliklərimiz lazımi səviyyədə qorunmalıdır.

Xatırladırıq ki, Azərbaycanın 1992-ci ildən üzvü olduğu “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasına əsasən, diplomatların yerləşdiyi səfirlik binaları toxunulmazdır və bu statusa malik ərazinin təhlükəsizliyini təmin etmək ev sahibi olan ölkənin öhdəliyi və borcudur. Azərbaycan dövləti bu konvensiyadan irəli gələn bütün tələbləri yüksək səviyyədə yerinə yetirir. Belə ki, ölkəmizdəki  65 səfirlik, 4 baş konsulluq və 11 fəxri konsulluq ən yüksək səviyyədə qorunur və onlar özlərinə qarşı hər hansı bir təhdid-təzyiq hiss etmirlər.

Sevinc Azadi, “İki sahil”